Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan–Ukrayna tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar aspektlər
Azərbaycan–Ukrayna tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar aspektlərBu gün, 15:40. Yazar: azer |
![]() Heydər Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki dövlət arasında münasibətlərin dinamik inkişaf tempini bir daha nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd olunan fikirlər tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahələrində əlaqələrin inkişafını ifadə edir. Prezidentlər arasında keçirilən görüşlərin intensivliyi Azərbaycan–Ukrayna münasibətlərinin geniş perspektivlərə malik olduğunu təsdiqləyir. Bu təmaslar təkcə ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda beynəlxalq platformalar çərçivəsində də ardıcıl şəkildə davam etdirilir. 2019-cu ildə Volodimir Zelenskinin ölkəmizə ilk səfərindən sonra münasibətlərdə yeni dinamika formalaşıb, qarşılıqlı etimad mühiti daha da möhkəmlənib. 2022-ci ilin yanvarında Kiyevdə keçirilmiş görüş isə siyasi dialoqun dərinləşməsi və əməkdaşlığın genişlənməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilir. Siyasi dialoq iki dövlət arasında etimadın güclənməsinə və regional, eləcə də qlobal məsələlər üzrə mövqelərin daha çevik uzlaşdırılmasına imkan yaradır. Bu amillər strateji tərəfdaşlıq münasibətlərinin əsas komponentlərindən biri kimi çıxış edir. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri isə bu əlaqələrin hüquqi-siyasi bazasını formalaşdırır. Həmin sənədlərdə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər təsbit olunub. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mənafeyini müdafiə edir. Bu yanaşma münasibətlərin yalnız ikitərəfli müstəvidə deyil, həm də çoxtərəfli diplomatik platformalarda koordinasiyalı şəkildə inkişaf etdiyini göstərir. Eyni zamanda, Xarici İşlər nazirlikləri arasında aparılan məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın geniş miqyasda möhkəmləndiyini təsdiqləyir. İqtisadi əlaqələrdə energetika sahəsi xüsusi əhəmiyyət daşıyır, bu konteksdə SOCAR-ın Ukraynada uzunmüddətli və uğurlu fəaliyyəti həmin əməkdaşlığın real nəticələrini nümayiş etdirir. Enerji təchizatı, yanacaq təminatı və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi münasibətlərin dayanıqlı əsaslarını formalaşdırır. Nəqliyyat, logistika və sənaye sahələri əsas prioritet istiqamətlər kimi əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Dövlətimizin başçısı birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlərin ətraflı müzakirə edildiyini bildirib: “Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da gündəliyin mühüm mövzularından biridir. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal, texnoloji mübadilə və innovativ həllərin tətbiqi üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq yalnız müdafiə potensialının gücləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda sənaye modernləşməsi və texnoloji inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Həmin istiqamət gələcəkdə tərəfdaşlığın daha da dərinləşməsinə və yeni əməkdaşlıq modellərinin formalaşmasına geniş imkanlar yaradır. Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmət, maraqların balanslaşdırılması və praktiki əməkdaşlıq prinsipləri üzərində qurulub. Xüsusilə iki ay əvvəl Münxendə keçirilən görüş siyasi dialoqun inkişaf etdiyini və yüksək səviyyədə həyata keçirildiyini ifadə edir. Bu model uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır və gələcək əməkdaşlıq istiqamətlərinin əyani göstəricisidir. Səfər çərçivəsində aparılan müzakirələr bir daha təsdiq edir ki, iki dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan–Ukrayna münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsində formalaşmış sabit və çoxşaxəli əməkdaşlıq modelidir. Bu yanaşma göstərir ki, tərəfdaşlıq gələcəyə hesablanmış uzunmüddətli strateji baxış üzərində qurulub və qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün real əsaslar mövcuddur. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |