Ana Sayfa > Siyasət > Əməkdaşlığın növbəti parlaq səhifəsi
Əməkdaşlığın növbəti parlaq səhifəsiBu gün, 14:45. Yazar: azer |
![]() Aprelin 25-də Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ şəhəri tarixi bir görüşə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuata verdikləri bəyanatlar, Bakı ilə Kiyev arasındakı münasibətlərin sadəcə diplomatik əlaqə deyil, həm də sınaqlardan keçmiş möhkəm bir tərəfdaşlıq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev öz çıxışında bu görüşün xüsusi əhəmiyyətini vurğulayaraq, tərəflər arasındakı müntəzəm təmasları yüksək qiymətləndirdi. Dövlət başçısı xatırlatdı ki, bu, son dörd il ərzində keçirilən yeddinci görüşdür. 2019-cu ildə Volodimir Zelenskinin Azərbaycana ilk rəsmi səfəri ilə təməli qoyulan şəxsi dostluq münasibətləri, bu gün iki ölkə arasında ən yüksək səviyyəli siyasi dialoqun hərəkətverici qüvvəsinə çevrilmişdir. 2022-ci ilin yanvarında İlham Əliyevin Kiyevə səfəri isə bu əlaqələri keyfiyyətcə yeni bir mərhələyə yüksəltmişdir. Azərbaycan və Ukrayna arasındakı əməkdaşlıq çox güclü və prinsipial siyasi təməllər üzərində bərqərar olub. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin ana sütunlarını təşkil edir. Bu sənədlərdə hər iki dövlətin qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, suverenliyin dəstəklənməsi və sərhədlərin toxunulmazlığı kimi ali prinsiplər öz əksini tapıb. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycan və Ukrayna bütün beynəlxalq platformalarda bir-birinin haqlı mövqeyini bundan sonra da dəstəkləməyə davam edəcəkdir: "Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir." Keçən il ərzində Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası kimi mühüm addımların atılması əlaqələrin dinamikasını daha da artırıb. Müzakirələrin mərkəzində dayanan energetika sahəsində isə SOCAR-ın Ukraynadakı uzunillik və uğurlu fəaliyyəti bu əməkdaşlığın vizit kartıdır. Lakin tərəflər bununla kifayətlənmir; yeni birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı sərmayə qoyuluşu məsələlərində tam həmfikirdirlər. Ticarət əlaqələrində artıq yarım milyard dollar həddinin keçilməsi, yaxın illərdə iqtisadi tərəfdaşlığın yeni rekordlar qıracağına böyük ümidlər yaradır. Görüşün ən strateji məqamlarından biri də hərbi-texniki əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi idi. Həm Azərbaycanın, həm də Ukraynanın hərbi sənaye kompleksinin sürətli inkişaf yolu keçməsi birgə istehsalat üçün geniş üfüqlər açır. Sənaye sahəsindəki bu sinerji, tərəflərin potensialını birləşdirərək daha müasir və rəqabətqabiliyyətli məhsulların yaradılmasına hədəflənib. Qəbələnin əsrarəngiz təbiəti fonunda keçirilən bu görüş, Azərbaycan-Ukrayna dostluğunun sadəcə keçmişə deyil, həm də parlaq gələcəyə hesablandığını bir daha sübut etdi. Prezident İlham Əliyevin bəyanatı təsdiq etdi ki, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan bu bağlar sarsılmazdır və bu tarixi səfər əməkdaşlığın növbəti parlaq səhifəsi kimi tarixə həkk olundu. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |