Ana Sayfa > Özəl > Akademik Zərifə Əliyeva irsi: elm, mənəviyyat və sədaqətin vəhdəti
Akademik Zərifə Əliyeva irsi: elm, mənəviyyat və sədaqətin vəhdətiBu gün, 12:22. Yazar: azer |
![]() Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva-nın anadan olmasının ildönümü kimi hər il Azərbaycanda ehtiramla qeyd olunur. Bu əlamətdar gün yalnız bir alimin doğum tarixi deyil, həm də elmə, insanlığa və yüksək mənəvi dəyərlərə həsr olunmuş bir ömrün təcəssümü kimi dəyərləndirilir. Zərifə xanımın həyat və fəaliyyətinə nəzər saldıqda onun Azərbaycan tibb elminə verdiyi töhfələrin, cəmiyyətimizdə formalaşdırdığı humanist dəyərlərin bu gün də yaşadığını və gələcək nəsillər üçün örnək olduğunu bir daha aydın görürük. Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, xüsusilə görmə orqanlarının peşə patologiyası istiqamətində əldə etdiyi nəticələr dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu sahədə yeni istiqamətin əsasını qoyan alim kimi Zərifə xanım yalnız nəzəri elmlə kifayətlənməmiş, praktiki səhiyyəyə verdiyi töhfələrlə minlərlə insana şəfa bəxş etmişdir. Onun həkim kimi fəaliyyətində əsas meyar insan amili, xəstəyə qayğı və diqqət idi. Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititu PHŞ-in laboratoriya rəhbəri, dosent Mobil Kazımov deyib. Daha sonra M. Kazımov çıxışını davam etdirərək xüsusi vurğulamışdır ki, Zərifə Əliyeva şəxsiyyətini ucaldan ən ali xüsusiyyət onun yüksək mənəvi dəyərlərə bağlılığı, saf əqidəsi və zəngin daxili aləmi idi. O, sadəliyi ilə ucalan, təvazökarlığı ilə seçilən, xeyirxahlığı ilə qəlbləri fəth edən nadir şəxsiyyətlərdən biri kimi cəmiyyətin yaddaşında silinməz iz qoymuşdur. Zərifə xanım onu tanıyanların xatirəsində daim nur saçan, insanlara ümid, inam və həyat eşqi bəxş edən müqəddəs bir sima kimi yaşayır. Onun həyatının ən dərin və mənalı istiqamətlərindən biri ailə institutuna verdiyi böyük dəyər olmuşdur. Zərifə xanım Heydər Əliyev-in ömür-gün yoldaşı olmaqla yanaşı, onun ən yaxın silahdaşı, etibarlı dayağı və sarsılmaz mənəvi güc mənbəyi kimi tarixə düşmüşdür. Dövlət idarəçiliyinin ən mürəkkəb və taleyüklü mərhələlərində Ulu Öndərin arxasında dayanan bu möhkəm iradə, bu tükənməz mənəvi dayaq məhz Zərifə xanımın şəxsiyyətində təcəssüm edirdi. Bu baxımdan, onların ailə modeli yalnız şəxsi həyat nümunəsi deyil, həm də sədaqətin, etimadın və ali mənəvi dəyərlərin zirvəsi kimi Azərbaycan cəmiyyətində xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin Zərifə xanım haqqında söylədiyi dərin məzmunlu fikirlər bu bağlılığın ucalığını və mənəvi vəhdətin sarsılmazlığını bütün aydınlığı ilə əks etdirir. Onun ailədə yaratdığı möhkəm sabitlik, tükənməz qayğıkeşlik və yüksək mənəvi mühit böyük liderin fəaliyyətinə güclü dəstək olmaqla yanaşı, dövlətçilik missiyasının uğurla həyata keçirilməsində mühüm rol oynamışdır. Bu reallıq bir daha sübut edir ki, qüdrətli liderlərin arxasında dayanan əsas güc möhkəm ailə dəyərləridir. Zərifə Əliyevanın ana kimi fəaliyyəti isə ayrıca ehtiram və qürur mənbəyidir. O, övladlarını milli kimliyinə bağlı, vətənə sədaqətli, yüksək əxlaqi keyfiyyətlərə malik şəxsiyyətlər kimi yetişdirmişdir. Bu gün İlham Əliyevin simasında təcəssüm edən güclü liderlik, qətiyyətli siyasi iradə və humanist dəyərlərə sadiqlik məhz bu ali tərbiyənin parlaq nəticəsi kimi dəyərləndirilir. Dövlət başçısının həyata keçirdiyi siyasətdə milli maraqların qorunması, humanizm və ardıcıl inkişaf strategiyası ailədən gələn mənəvi irsin davamı kimi özünü göstərir. Zərifə xanım Əliyevanın həyatı sübut edir ki, elm və mənəviyyat ayrılmaz vəhdət təşkil edən ali dəyərlərdir. O, yalnız görkəmli alim kimi deyil, həm də yüksək mənəviyyata malik əsl ziyalı, cəmiyyətə işıq saçan mənəvi lider kimi yaddaşlarda yaşayır. Onun həyat fəlsəfəsinin əsasında insanlara sevgi, xeyirxahlıq, mərhəmət və fədakarlıq dayanırdı. Yekunda M. Kazımov qeyd etmişdir ki, Zərifə Əliyevanın zəngin və çoxşaxəli irsi bu gün də Azərbaycan elminin və cəmiyyətinin inkişafında mühüm rol oynayır. Onun adı yalnız tibb elmi ilə deyil, həm də insanlığa xidmətin, mənəvi ucalığın və əbədi dəyərlərin rəmzi kimi tarixə qızıl hərflərlə yazılmışdır. aia.az Bayram Xudayarov Geri dön |