Ana Sayfa > Karusel / Siyasət / Özəl / Seçilənlər-9 > Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin qorunması siyasəti
Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin qorunması siyasətiBu gün, 11:06. Yazar: Semsi |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Hər bir xalqın özünütəsdiqi onun dilindən başlayır və tarixin sınaqlarından keçmiş millətlər o zaman sarsılmaz olurlar ki, öz ana dillərini dövlət rəmzi səviyyəsinə qaldırmağı bacarsınlar. Azərbaycan xalqının taleyində bu müqəddəs missiyanı ən yüksək zirvəyə daşıyan şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun ana dilinə münasibəti sadəcə bir siyasi rəhbərin vəzifə borcu deyil, öz millətinə, tarixinə və gələcəyinə olan sonsuz sadiqliyinin, sarsılmaz cəsarətinin təzahürüdür. Hələ 1970-ci illərin ortalarında, SSRİ-nin ideoloji buxovlarının möhkəm olduğu və milli dillərin sıxışdırılmasının dövlət siyasətinə çevrildiyi bir vaxtda belə bir məsələni gündəmə gətirmək böyük bir iradə tələb edirdi. 30-cu illərin repressiya xofunun yaddaşlardan silinmədiyi bir dövrdə Heydər Əliyev bu tarixi riski öz üzərinə götürərək, 27 aprel 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsinə nail oldu. Bu addım gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərini qorumaq naminə atılmış uzaqgörən bir addım idi. Ümummilli Lider hər zaman vurğulayırdı ki, ana dili xalqın varlığının ən əsas təminatçısı, onun milli mənliyini müəyyən edən başlıca amildir. O, dili dövlət rəmzlərimiz olan himn, gerb və bayraqla eyni müqəddəslik dərəcəsində görürdü. Bu səbəbdən də Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində dilçi alimlərə yüksək diqqət göstərir, milli dildə nəşr olunan kitabların tirajının artırılmasını şəxsi nəzarətində saxlayırdı. 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası hazırlanarkən dövlət dilinin adı ilə bağlı yaranan müzakirələrdə də Ulu Öndər öz məntiqi və qətiyyəti ilə nöqtəni qoydu. O, hər bir dilə hörmətlə yanaşdığını, lakin Azərbaycan dili ilə fəxr etməyin hər bir vətəndaşın haqqı olduğunu bildirərək, Konstitusiyanın 21-ci maddəsində dilimizin adını əbədiləşdirdi. Ulu Öndərin dil siyasəti təkcə hüquqi sənədlərlə məhdudlaşmırdı; o, bu işi milli bir hərəkata çevirmişdi. 2001-ci ilin iyununda imzaladığı tarixi fərmanla dövlət dilinin tətbiqi işini təkmilləşdirdi, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasına qərar verdi. Həmin ilin avqustunda isə Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis etməklə dilimizə olan sevgini təqvimə həkk etdi. 2002-ci ildə qəbul edilən xüsusi qanunla isə Azərbaycan dilinin işlədilməsi müstəqil dövlətçiliyin başlıca əlaməti kimi qanuniləşdirildi. Ulu öndər Heydər Əliyevin dil haqqındakı hikmətli kəlamları hər bir gənc üçün əsl nəsihət xəzinəsidir. O, Bakı Dövlət Universitetində, gənclərin forumlarında və müxtəlif mötəbər yığıncaqlarda fəxrlə deyirdi ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də dərindən öyrənə bilməz. O, Azərbaycan dilini şeir dili, dərin fikirləri ən incə çalarlarınadək ifadə etmək qüdrətinə malik bir xəzinə adlandırırdı. Ulu Öndərin vəsiyyət etdiyi kimi, başqa dilləri öyrənmək zəruridir, lakin hər şeydən əvvəl öz ana dilini mükəmməl bilmək tam azərbaycanlı olmağın ilk şərtidir. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan dili öz lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur. Bu uca miras hər birimizin qürur mənbəyi və gələcək nəsillərə ötürəcəyimiz ən böyük mənəvi sərvətimizdir. Cənab Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətti yeni dövrün tələblərinə uyğun olaraq daha da uca zirvələrə daşımış, ana dilinin saflığının qorunmasını və beynəlxalq müstəvidə nüfuzunun artırılmasını dövlət siyasətinin prioritetinə çevirmişdir. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə ölkədə kitabxana fondlarının yenilənməsi və milli ədəbiyyatın gənc nəslə doğma əlifbada çatdırılması istiqamətində inqilabi addım atılmış, bunun ardınca isə 2013-cü ildə qəbul edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dilimizin saflığının qorunması üçün mühüm yol xəritəsi olmuşdur. Prezidentin müxtəlif çıxışlarında xüsusi vurğuladığı kimi, ana dili bizi bir millət kimi birləşdirən, Azərbaycançılıq ideologiyasının sarsılmaz təməlini təşkil edən ən böyük mənəvi sərvətimizdir; məhz bu səbəbdən də onun xarici təsirlərdən, lüzumsuz yad sözlərdən təmizlənməsi və internet məkanında, xüsusən də rəqəmsal platformalarda geniş təmsil olunması üçün ardıcıl fərman və sərəncamlar imzalanmışdır. Ulu Öndər Heydər Əliyevin dil siyasətini yeni əsrin tələblərinə uyğun olaraq böyük uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev üçün ana dili məsələsi hər zaman dövlətçilik strategiyasının ən prioritet istiqamətlərindən biri olmuşdur. Cənab Prezident ana dilimizi təkcə bir ünsiyyət vasitəsi deyil, həm də milli birliyin, ideoloji bütövlüyün və müstəqilliyimizin ən böyük rəmzi kimi dəyərləndirir. 2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzalanan sərəncam isə bir daha təsdiq etdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti təkcə qanunların icrası deyil, həm də xalqın tarixi yaddaşının və milli ləyaqətinin gələcək əsrlərə qüsursuz şəkildə ötürülməsi amalıdır. Ölkə rəhbərinin dil siyasəti təkcə qadağalar və qaydalarla deyil, həm də dilə sevgi və ehtiramın aşılanması ilə xarakterizə olunur. Onun nitqlərindəki səlislik, ana dilinin zəngin ifadə vasitələrindən məharətlə istifadə etməsi hər bir dövlət məmuru və vətəndaş üçün əsl nümunədir. Beləliklə, Heydər Əliyevin təməlini qoyduğu milli dil strategiyası bu gün İlham Əliyev tərəfindən Azərbaycanın suverenliyinin və milli ruhunun ən güclü qalası kimi qorunur və gələcəyə daşınır. Geri dön |