Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın bəşəri dövlət olduğu bir daha təsdiqləndi

Azərbaycanın bəşəri dövlət olduğu bir daha təsdiqləndi


Bu gün, 11:14. Yazar: azer
Azərbaycanın bəşəri dövlət olduğu bir daha təsdiqləndi

Son illər dünya siyasəti dövlətlərarası münasibətlərdə müəyyən gərginliklər də yaradıb. Bu gərginliklər bəzən siyasi qarşıdurmalara da səbəb olub. Belə qarşıdurmalar müharibə ilə də nəticələnib. İran-İraq müharibəsi, İsrail-İran müharibəsi, İsrail-Livan müharibəsi, Rusiya-Ukrayna müharibəsi. Azərbaycan da müharibə taleyi yaşadı. Ötən əsrin sonlarında ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılıq imzalansa da Ermənistan bu razılığa əməl etmirdi, atəşi heç zaman kəsməyən atəşkəs dövründə də ərazilərimizə hücumlar edirdi. Belə hücumlardan biri də 2020-ci il sentyabrın 27-də oldu, ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsi, mahiyyəti baxımından Vətən müharibəsi idi...Bu müharibədə Azərbaycanı siyasi baxımdan dəstəkləyən dövlətlərdən biri də Ukrayna oldu.

Azərbaycan bu müharibədə tarixi Zəfər qazandı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...Azərbaycanın dinamik inkişafı daha uğurla davam etdirilməyə başladı. Dünya dövlətlərinin Azərbaycana yüksək siyasi etimadı daha da möhkəmləndi, qarşılıqlı münasibətlərin daha böyük formatda inkişafında əhəmiyyətli oldu. Digər dövlətlər kimi müharibə aparan dövlətlər də Azərbaycanın siyasi nüfuzundan bəhrələnməyə maraqlıdır...

Müharibə aparan bir dövlətin başçısı ilə görüşlər bəşəri dövlətlər üçün sülhyaratma missiyası olur. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Ukrayna dövlət başçılarının son görüşlərinin beynəlxalq təşkilatların toplantılarında olduğunu, Ukraynaya səfərlərinin tarixini, mahiyyətini xatırladaraq görüşlərdə müzakirə edilən məsələlərdən də söz açdı, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, həmin sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələlərinin öz əksini tapdığını, ... da xatırlatdı. Bu xatırlatmalar əlaqələrin etibarlığının daha da möhkəmləndirilməsi zərurətinə yönəldilmiş xatırlatmalar kimi qəbul edildi...

Dövlət başçımız mətbuata bəyanatında dedi ki, “... bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi; - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir”.

Dövlətlərarası münasibətlər siyasi münasibətlərlə məhdudlaşmır. Bu baxımdan ikitərəfli münasibətlər həm də sosial həyatın bütün sahələrini, bu sıradan iqtisadi münasibətləri də əhatə edir. Dünya iqtisadiyyatı belə münasibətlərlə tənzimlənir. Azərbaycan ən etibarlı tərəfdaş kimi bu münasibətlər sistemində böyük etibara və etmada malikdir. Dünyanın əksər dövlətləri ilə səmimi siyasi münasibətləri olan Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Bu gücü onun iqtisadi inkişafı şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ukrayna Respublikasının Prezidenti Volodimir Zelenskinin aprlin 25-də Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında iqtisadi əlaqələrin ticarət dövriyyəsi ilə bağlılığına da toxunaraq dedi: “...ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var; - Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı etimadın, inamın ifadəsi olan rəsmi səfərlərin əhəmiyyəti haqqında da fikirlərini bildirdi. Bu fikirlər təkcə bir görüşü, bir səfəri deyil, ümumən görüşləri, səfərləri şərtləndirən siyasi düşüncələrdir. Dövlət başçımız mətbuata bəyanatında dedi: “...son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”...

Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında bildirdi ki, Moskva razılıq verərsə, danışıqlar prosesinin Azərbaycanda davam etdirilməsi mümkündür, Bakı iki dövlət arasında dialoqu təşkil edə bilər. Bu fikir Azərbycanın sülh məramlı bəşəri dövlət olduğunun ifadəsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri həm də bu gerçəkliyin bir daha ifadə olunmasıyla tarixləşdi...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Geri dön