Ana Sayfa > Ölkə > Nyu-York merinin RƏZALƏTİ - Mamdani daşnak çıxdı, Türkiyə bayrağının yandırılmasına isə...
Nyu-York merinin RƏZALƏTİ - Mamdani daşnak çıxdı, Türkiyə bayrağının yandırılmasına isə...Bu gün, 15:56. Yazar: vasif |
|
Dünən ermənilərin qlobal ağlaşma günü idi. Artıq öyrəncəliyik, bu iyrənc tarix hər il Türkə nifrətin növbəti fontan püskürməsi ilə yadda qalır. Təəssüf ki, təkcə haylar yox, ermənilərdən daim maşa kimi istifadə edən məkrli antitürk çevrələri, vicdansız lobbistlər də həmin gün eyni yalançı matəm aurasına girirlər. Onlardan biri də Nyu-York meri, 34 yaşlı Zoxran Mamdanidir. Uqanda əsilli bu zat aprelin 24-də görün nə çərənləyib. Sitat: “Bu gün “erməni soyqırımının” (dırnaqlar bizimdir – Z.S.) 111-ci ildönümüdür. Osmanlı İmperiyası tərəfindən indiki Türkiyə, Suriya və Ermənistan ərazisində qətlə yetirilən 1,5 milyon (?! – Z.S.)erməninin xatirəsini yad edərkən, tarixin təkrarlanmasının qarşısını almalıyıq. 2020-ci ildə Azərbaycan və Türkiyə qüvvələri Dağlıq Qarabağın erməni əhalisinə hücum etdi. 2023-cü ildə Azərbaycan 100 mindən çox ermənini Dağlıq Qarabağdan qovdu və 100 ildən çox əvvəl başlayan soyqırımı kampaniyasını davam etdirdi. Bu anım günündə biz erməni xalqının azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmək hüququnu bir daha təsdiqləyirik”. “Dağlıq Qarabağ əhalisinə” qarşı Azərbaycan və Türkiyənin guya birgə hücum elədiyi barədə şər-böhtana diqqət yetirildi yəqin. Qarabağda bir mülki erməninin belə burnunun qanamadığı 44+1 günlük savaş sanki bizim eradan əvvəl baş veribmiş. Bəlkə də nanəcib varlıq heç Qarabağı xəritədə tapa bilməz. Amma başından yekə uydurmasına, yaxa cırmasına bax. Özünü ermənidən çox erməni, daşnakdan çox daşnak kimi aparır. Dünən İrəvanda vəhşi-vandalların Türkiyə bayrağını yandırmasına beləcə, haqq qazandırır. Görəsən azərbaycanlılar Ermənistandan, Qarabağdan vəhşicəsinə qovulanda harda idi? Yaxşı, tutaq ki, onda anasının qarnında imiş və ya 3-4 yaşı olub. Bəs nə əcəb indi yalnızca öz bəd əməllərinin bədəlini ödəyən ermənilərin dərdini çəkir, azərbaycanlı keçmiş məcburi köçkünlər və qaçqınlar haqda bir kəlmə demir, onların öz müqəddəratını təyinetmə haqqından danışmır?.. Ağla iki səbəb gəlir. Əvvəla, bu adam Demokratlar Partiyasının üzvüdür. ABŞ “demokratları” isə ənənəvi olar erməni lobbisinə yaxındır, erməni yalanlarını təbliğ edirlər. Təsadüfi deyil ki, saxta “genosidi” rəsmən tanıyan yeganə prezident Co Bayden olub. Yəni, korrupsiya, pul-rüşvət iyi. İkinci motiv yəqin ki, Konqresə yaxınlaşan aralıq seçkilərlə bağlıdır. Şübhəsiz, partiya erməni əsilli vətəndaşların səsini almaqla ümidlidir. Hələ bilmək olmaz, erməni yanlısı Mamdanin ürəyindən 2028-də prezident seçkilərində də namizəd olmaq da kerçə bilər... Məsələnin ən iyrənc tərəfi isə budur ki, hazırda Ermənistan rəhbərliyinin özü heç saxta soyqırımı iddiasını açıb-ağartmaq istəmir. Həmçinin, Qarabağdan könüllü köç eləmiş ermənilərin məsələsini qaldırmır. Çünki hər iki mövzunu Bakı və Ankara ilə sülh quruculuğuna ciddi təhlükə sayır. Baş nazir Nikol Paşiynan aprelin 24-də hətta qondarma “genosidin” ildönümü ilə bağlı yaydığı müraciətdə faktiki “soyqırımı” sözünü işlətməyib. “Böyük qırğın” ifadəsinə üstünlük verib. Son illər onun hökuməti ümumiyyətlə, bu mövzunu xarici siyasət prioritetləri sırasından çıxarıb. Eyni zamanda, “Qarabağ hərəkatını” davam etdirməyin Ermənistana yeni fəlakətlər gətirəcəyi haqda vaxtaşırı cəmiyyəti xəbərdar eləməkdədir. Ermənistan baş naziri dayanmadan bildirir ki, köhnə yanaşmalar davam etsə, Azərbaycanla sülh mümkün olmayacaq. O, eyni əsasla yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer almamalı olduğunu açıq bəyan edib. Paşinyan xüsusi vurğulayıb ki, bunun tək səbəbi “Qarabağ hərəkatı”nın siyasi gündəmdə davam etdirilməməsidir. Qeyd edib ki, Ermənistan “Real Ermənistan” ideyasına fokuslanmalı, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində təhlükəsizlik və rifah məsələlərinə diqqət yetirməlidir. Qarabağdan köçmüş ermənilər də Ermənistan cəmiyyətinə tam inteqrasiya etməlidirlər... Nyu-York meri isə son dərəcə qızışdırıcı və təxribatçı mövqe sərgiləyərək, ermənilər üçün öz müqəddəratını təyinetmə “hüququndan” dəm vurur. Lənət şeytana və Mamdaniyə, sən hələ gör onlar qayıtmaq istəyirmi? Qayıdış üçün əsas şərtə - Azərbaycan vətəndaşlığını qəbul eləməyə hazırdırlarmı? Burda deyiblər, “nə çalsanız mən “Heyvagülü” oynayacağam”. O zaman oyna, nə qədər istəyirsən! Onsuz da bu oyunlara öyrəşmişik...musavat.com Geri dön |