Ana Sayfa > Dünya > 9 estetik əməliyyat cinayətkarı xilas edə bilmədi - 11 ildən sonra SAXLANILDI

9 estetik əməliyyat cinayətkarı xilas edə bilmədi - 11 ildən sonra SAXLANILDI


Dünən, 21:19. Yazar: vasif


Bursada 2011-ci ildə törədilən qəsdən adamöldürmə cinayətindən sonra yoxa çıxan şəxs illərlə izini itirmək üçün inanılmaz üsullara əl atıb.

aia.az "Haber Global"a istinadən xəbər verir ki, o, tanınmamaq üçün qardaşının şəxsiyyət vəsiqəsindən istifadə edib və düz 9 dəfə estetik əməliyyat keçirib.

İzmirdə mebel sexində işləyərək özünə yeni həyat quran şəxs işə getdiyi xidməti avtobusda polis tərəfindən yaxalanıb.

Məlumata görə, cinayət hadisəsi 2011-ci ildə Bursada baş verib. Kazinoda mühafizəçi işləyən A.K. müdürü ilə birlikdə bir nəfəri qabaqcadan planlaşdıraraq qətlə yetirib. Cinayətdən sonra işəgötürən tutulsa da, A.K. qaçmağı bacarıb. Məhkəmə prosesi zamanı hər iki şəxs barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası çıxarılıb.

Cinayətdən dərhal sonra Bursanı tərk edərək İzmirə gedən cinayətkarın qardaşının şəxsiyyət vəsiqəsi ilə gizləndiyi müəyyən edilib. Diqqət çəkməmək üçün burnundan çənəsinə qədər bir çox nahiyəsində dəyişiklik edən şəxs, demək olar ki, tamamilə başqa bir simaya bürünüb.

İllər sonra yenidən araşdırılan cinayət işi çərçivəsində yüzlərlə saatlıq təhlükəsizlik kamerası görüntüləri tək-tək incələnib. Texniki və fiziki təqiblər nəticəsində estetiklə dəyişdirilmiş simanın arxasındakı şəxsin məhz A.K. olduğu dəqiqləşdirilib.

Polislər İzmirdə günlərlə davam edən təqibdən sonra əməliyyat keçirərək, servis avtobusu ilə işə gedən cinayətkarı qəfil basqınla yaxalayıblar. 11 illik qaçışın son anları ərazidəki kameralar tərəfindən də anbaan qeydə alınıb. Məhkəmə qarşısına çıxarılan A.K. həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Geri dön