Ana Sayfa > Karusel / Gündəm / Özəl / Seçilənlər-9 > Cənab İlham Əliyevin strateji Liderliyi və qlobal tərəfdaşlıq üfüqləri
Cənab İlham Əliyevin strateji Liderliyi və qlobal tərəfdaşlıq üfüqləriBu gün, 11:26. Yazar: Semsi |
![]() Əziz Ələkbərli Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Azərbaycanın müasir iqtisadi inkişaf strategiyası milli resursların intellektual kapitalla vəhdətinə, xarici asılılığın minimuma endirilməsinə və qlobal bazarlarda rəqabətədavamlılıq prinsiplərinə söykənir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən bu xətt ölkəni təkcə enerji ixracatçısı kimi deyil, həm də Avrasiyanın mühüm nəqliyyat-logistika qovşağı və maliyyə dayanıqlığı ilə fərqlənən müstəqil güc mərkəzi kimi təsbit etmişdir. Dövlət başçısının qeyri-neft sektorunun sürətli inkişafı, ixracatın şaxələndirilməsi və işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə inteqrasiyası istiqamətindəki qətiyyətli addımları Azərbaycanın daxili sabitliyini sarsılmaz iqtisadi suverenliklə tamamlayır. Bu uğurlu fəaliyyət həm yerli, həm də xarici investorlar üçün etibarlı tərəfdaşlıq platforması yaradaraq, ölkənin gələcək onilliklər üçün hədəflədiyi "yaşıl enerji" və yüksək texnoloji inkişaf prioritetlərinin real zəminini formalaşdırıb. Aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumu dövlət başçısının yürütdüyü aktiv iqtisadi diplomatiyanın növbəti təzahürü olmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyasda cəlbedici investisiya mərkəzi statusunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin forumdakı proqram xarakterli çıxışı ölkə iqtisadiyyatının son illərdə keçdiyi möhtəşəm transformasiya yolunu konkret rəqəmlər və faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə iqtisadiyyatının neft-qaz asılılığından qətiyyətlə uzaqlaşdırılması nəticəsində Ümumi Daxili Məhsulun strukturunda qeyri-neft sənayesinin payının 70 faizi ötməsi Azərbaycanın milli iqtisadi modelinin dayanıqlılığının bariz nümunəsidir. Maliyyə müstəqilliyi bu strateji kursun ən mühüm nailiyyətlərindən biridir. Xarici borcun ÜDM-in cəmi 6,1 faizinə qədər endirilməsi və valyuta ehtiyatlarımızın borcumuzu 18 dəfə üstələməsi Azərbaycanı qlobal maliyyə sistemində ən etibarlı tərəfdaşlardan birinə çevirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan artıq yüksək texnoloji layihələr istisna olmaqla, kənardan borclanmaya ehtiyac duymur və bu maliyyə sərbəstliyi ölkəmizin beynəlxalq arenadakı siyasi müstəqilliyini iqtisadi qüdrətlə möhkəmləndirir. Azərbaycanın enerji strategiyası bu gün "yaşıl enerji" inqilabı ilə yeni bir mərhələyə qədəm qoyur. 2032-ci ilə qədər 8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması hədəfi ölkəmizin qlobal ekoloji çağırışlara verdiyi mühüm töhfədir. Bu strategiya daxili istehlakda təbii qaza qənaət edilməsi və həmin həcmlərin Avropa bazarlarına yönləndirilməsi vasitəsilə Azərbaycanın qitənin enerji təhlükəsizliyindəki rolunu daha da artıracaqdır. Eyni zamanda, Azərbaycanın coğrafi üstünlüklərinin beynəlxalq logistik qovşağa çevrilməsi istiqamətində atılan addımlar, xüsusilə rəqəmsallaşma və süni zəkanın tətbiqi ilə nəqliyyat dəhlizlərinin müasirləşdirilməsi ölkəmizi Şərqlə Qərb arasında əvəzolunmaz bağlantı mərkəzinə çevirib. Prezident İlham Əliyev bu strateji reallığı belə ifadə etmişdir: "Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Biz burada çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik." İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası bu gün dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətidir. "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri, su ehtiyatlarının idarə edilməsi və aqrar sektorun müasir standartlara uyğun qurulması xarici investorlar üçün geniş perspektivlər açır. Ələt Azad İqtisadi Zonası isə təqdim etdiyi logistik və hüquqi imtiyazlarla Azərbaycanın qeyri-neft ixracatının artırılmasında mühüm platforma rolunu oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu çoxşaxəli iqtisadi diplomatiya və strateji islahatlar kursu, Azərbaycanın gələcək yüksəlişinin sarsılmaz təminatıdır. Dövlət başçısının uzaqgörən qərarları, xüsusilə "yaşıl enerji"yə keçid, rəqəmsal transformasiya və azad edilmiş torpaqlarımızın dirçəldilməsi istiqamətindəki fəaliyyəti ölkəmizin regiondakı liderlik statusunu daha da möhkəmləndirir. Heç şübhəsiz ki, bu məqsədyönlü siyasət bundan sonra da milli iqtisadiyyatın dayanıqlı inkişafına, xalqımızın rifahının yüksəlməsinə və Azərbaycanın qlobal iqtisadi sistemdəki nüfuzunun yeni zirvələrə daşınmasına misilsiz töhfələr verməkdə davam edəcəkdir. Geri dön |