Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan–Latviya münasibətləri: investisiya, təhsil və qarşılıqlı etimad üzərində inkişaf

Azərbaycan–Latviya münasibətləri: investisiya, təhsil və qarşılıqlı etimad üzərində inkişaf


Bu gün, 10:17. Yazar: azer
Azərbaycan–Latviya münasibətləri: investisiya, təhsil və qarşılıqlı etimad üzərində inkişaf

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçs ilə 2026-cı il aprelin 22-də keçirilmiş görüşü və mətbuata verilən bəyanat, Azərbaycan–Latviya münasibətlərinin çoxşaxəli inkişaf dinamikasını aydın şəkildə ortaya qoyur. Bu səfər, xüsusilə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan–Latviya münasibətlərinə ümumi kontekstdə nəzər saldıqda qeyd etmək lazımdır ki, bu əlaqələr qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan etibarlı tərəfdaşlıq modeli üzərində qurulub. Azərbaycan ilə Latviya arasında siyasi dialoq yüksək səviyyədə davam edir, iqtisadi əməkdaşlıq isə xüsusilə enerji, nəqliyyat-logistika və investisiya sahələrində ardıcıl şəkildə genişlənir. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiya arasında mühüm geostrateji mövqeyi Latviyanın regional maraqları ilə üst-üstə düşərək bu tərəfdaşlığın daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır.

Prezident İlham Əliyev çıxışında iqtisadi əməkdaşlıq və sərmayə imkanlarını xüsusilə vurğulayaraq deyib:
“Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”.
Eyni zamanda dövlət başçısı humanitar və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunaraq vurğulamışdır:

“Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm”.

Ölkə Başçısının bu fikirləri Azərbaycanın həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasətin növbəti uğurlu təzahürüdür. Prezident İlham Əliyevin vurğuladığı iqtisadi prioritetlər – sərmayə mühiti, informasiya mübadiləsi və biznes subyektləri üçün əlverişli şəraitin yaradılması – ölkəmizin artıq regional iqtisadi təşəbbüskar kimi çıxış etdiyini göstərir. Xüsusilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına yönəlmiş konkret mexanizmlərin, o cümlədən biznes forumlarının ön plana çəkilməsi, mövcud potensialın real nəticələrə çevrilməsi baxımından strateji yanaşmanın göstəricisidir.

Digər tərəfdən, təhsil və insanlararası təmaslara verilən önəm münasibətlərin yalnız iqtisadi və siyasi deyil, eyni zamanda humanitar müstəvidə də möhkəmləndiyini sübut edir. Latviyada təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında gələcək əməkdaşlığın canlı körpüsü rolunu oynayır, mədəni və intellektual inteqrasiyaya mühüm töhfə verirlər. Bu isə uzunmüddətli perspektivdə qarşılıqlı etimadın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Beləliklə, Latviya Prezidentinin Azərbaycana səfəri və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar göstərir ki, Azərbaycan–Latviya münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu münasibətlər həm iqtisadi, həm də humanitar sahələr üzrə genişlənərək Azərbaycanın beynəlxalq nüfuzunun və strateji tərəfdaşlıq imkanlarının daha da artmasına xidmət edir.
Geri dön