Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan–Latviya münasibətləri: yeni imkanlar və geniş perspektivlər

Azərbaycan–Latviya münasibətləri: yeni imkanlar və geniş perspektivlər


Bu gün, 18:08. Yazar: azer
Azərbaycan–Latviya münasibətləri: yeni imkanlar və geniş perspektivlər

Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki dövlət arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız diplomatik təmasların davamı deyil, eyni zamanda əməkdaşlığın daha dərin və çoxşaxəli xarakter almasına xidmət edən mühüm siyasi hadisə kimi dəyərləndirilir.

İkitərəfli münasibətlərin əsasında dayanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu gün də əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm sənəd olaraq qalır. Bu hüquqi baza sayəsində tərəflər müxtəlif sahələrdə əlaqələri sistemli şəkildə inkişaf etdirərək qarşılıqlı etimad mühitini möhkəmləndiriblər. Görüş zamanı aparılan müzakirələr bir daha göstərdi ki, mövcud əməkdaşlıq yalnız formal xarakter daşımır, eyni zamanda konkret nəticələrə yönəlmiş praktik məzmun kəsb edir. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli gündəliklə yanaşı, beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Bu isə tərəflərin qlobal proseslərə münasibətdə ortaq yanaşmalar nümayiş etdirdiyini göstərir.

Bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın Qarabağda görüş keçirməsi həm siyasi iradənin nümayişi, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İclasda müzakirə olunan perspektivli planlar və birgə layihələr tərəfdaşlığın konkret nəticələr üzərində qurulduğunu göstərir. Həmin kontekstdə Bakıda keçirilən biznes-forum iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayır. Bu cür platformalar gələcəkdə konkret müqavilələrin imzalanmasına və yeni layihələrin reallaşdırılmasına zəmin yaradır.

Görüş zamanı qarşılıqlı sərmayələrin təşviqi xüsusi diqqət mərkəzində olub. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün planlar və investisiya imkanları barədə mütəmadi məlumat mübadiləsinin aparılması razılaşdırılıb. Bu yanaşma biznes mühitində şəffaflığın artırılmasına, şirkətlərin fəaliyyətinin daha effektiv planlaşdırılmasına və yeni investisiya layihələrinin həyata keçirilməsinə şərait yaradır. Qarşılıqlı sərmayə axınının artması ticarət dövriyyəsinin genişlənməsinə, yeni istehsal sahələrinin yaranmasına və iqtisadi əlaqələrin daha dayanıqlı xarakter almasına səbəb olacaq. Bu isə ümumilikdə tərəfdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Dövlətimizin başçısı qeyd etmişdir: “Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır”.

Birbaşa uçuşların təşkili məsələsi də görüşün diqqət çəkən məqamlarından biri olub. Hazırkı geosiyasi şəraitdə aviasiya sektorunda yaranan çətinliklər fonunda bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi yeni imkanlar yaradır. Birbaşa hava əlaqələrinin qurulması yalnız sərnişindaşımalarını asanlaşdırmaqla kifayətlənmir, eyni zamanda turizm, biznes və humanitar əlaqələrin inkişafına da təkan verir.

İki dövlət arasında münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar sahədir. Latviyada 450-dən artıq tələbənin təhsil alması bu əməkdaşlığın real nəticələrini əks etdirir. Bu tələbələr gələcəkdə iki dövlət arasında əlaqələrin inkişafına töhfə verəcəklər. Təhsil proqramlarının genişləndirilməsi, tələbə mübadiləsinin artırılması və birgə elmi təşəbbüslərin həyata keçirilməsi qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Bu isə münasibətlərin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda sosial əsaslarının da gücləndirilməsinə xidmət edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də geniş müzakirə olunub. Son dövrlərdə iqtisadi əlaqələrin bərpası, müxtəlif səviyyələrdə təmasların qurulması və qarşılıqlı etimadın artması bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu yanaşma bir daha göstərir ki, münaqişələrin həlli yalnız hərbi vasitələrlə deyil, siyasi iradə və uzaqgörən qərarlar əsasında mümkündür. Bu model beynəlxalq müstəvidə də mühüm nümunə kimi qiymətləndirilə bilər.

İkitərəfli münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlər də xüsusi rol oynayır. Uzun illər ərzində yaranmış qarşılıqlı etimad siyasi dialoqun daha effektiv və nəticəyönümlü olmasına imkan yaradır. Bu amil əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha sürətli inkişafına əlavə təkan verir.

Latviya Prezidentinin ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlığın genişlənməsi, humanitar əlaqələrin dərinləşməsi və regional məsələlərdə ortaq yanaşma bu tərəfdaşlığın dayanıqlı və perspektivli olduğunu göstərir. Bu səfər çərçivəsində əldə olunan razılaşmalar və müəyyənləşdirilən istiqamətlər yaxın gələcəkdə konkret nəticələrlə müşayiət olunacaq və iki dövlət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön