Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Azərbaycan Latviya münasibətlərində strateji dərinləşmə və yeni iqtisadi perspektivlər"
Səttar Möhbalıyev: "Azərbaycan Latviya münasibətlərində strateji dərinləşmə və yeni iqtisadi perspektivlər"Bu gün, 09:58. Yazar: azer |
![]() Aprelin 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini aydın şəkildə ortaya qoydu. Cənab Prezident İlham Əliyevin bəyanatı isə xüsusilə siyasi, iqtisadi və regional kontekst baxımından diqqətəlayiq mesajlarla zəngin oldu və münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərdi. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, ilk növbədə, dövlət başçısı Latviya Prezidentinin səfərinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək: “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.” Bu fikir onu göstərir ki, Bakı və Riqa arasında əlaqələr artıq sadəcə diplomatik çərçivədə deyil, strateji baxış üzərində qurulmuş uzunmüddətli tərəfdaşlığa çevrilir. Cənab Prezident İlham Əliyev çıxışında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin rolunu xüsusi qeyd etdi. Doqquz il əvvəl imzalanmış bu sənəd bu gün də münasibətlərin əsas hüquqi bazası kimi çıxış edir. Dövlət başçısının sözləri ilə desək, “bu sənəd münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır”. Bu yanaşma onu göstərir ki, tərəflər arasında əməkdaşlıq təsadüfi deyil, ardıcıl siyasət və qarşılıqlı etimad üzərində qurulub. Eyni zamanda, bu sənəd gələcək əməkdaşlıq üçün də etibarlı yol xəritəsi rolunu oynayır. Bəyanatda diqqət çəkən əsas istiqamətlərdən biri iqtisadi əməkdaşlıq və investisiya imkanları idi. Dövlətimizin başçısı qeyd etdi ki, hər iki ölkə qarşılıqlı sərmayələrin artırılmasında maraqlıdır və bu sahədə konkret addımlar atılmalıdır: “Hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək.” Bu yanaşma, xüsusilə Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti fonunda mühüm əhəmiyyət daşıyır. Latviya isə Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün yeni bazarlara çıxış baxımından strateji tərəfdaş rolunu oynaya bilər. Bu kontekstdə Prezidentlərin iştirakı ilə keçirilən biznes forum xüsusi önəm kəsb edir. Forumun geniş tərkibli olması və hər iki ölkədən iş adamlarının fəal iştirakı iqtisadi əlaqələrin real müstəviyə keçdiyini göstərir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu platforma yalnız fikir mübadiləsi deyil, həm də konkret nəticələr üçün zəmin yaradır: forumun “praktiki müqavilələrlə nəticələnəcəyi” gözləntiləri iqtisadi əməkdaşlığın yeni mərhələyə daxil olduğunu təsdiqləyir. Eyni zamanda, qarşılıqlı ticarətin hələ “mülayim” səviyyədə olması etiraf edilərək, onun artırılmasının prioritet olduğu açıq şəkildə ifadə olundu. Bu isə tərəflərin iqtisadi potensialının hələ tam reallaşdırılmadığını və qarşıda geniş imkanların mövcud olduğunu göstərir. Millət vəkili onu da bildirdi ki, tərəflər arasında informasiya mübadiləsinin gücləndirilməsi ilə bağlı razılaşma da xüsusi əhəmiyyət daşıyır. Planlar, proqramlar və investisiya layihələri barədə mütəmadi məlumat paylaşılması biznes dairələrinin daha çevik və məqsədyönlü fəaliyyət göstərməsinə imkan verəcək. Bu isə öz növbəsində, həm dövlət, həm də özəl sektor arasında sinerjinin güclənməsinə səbəb ola bilər. Nəqliyyat və logistika sahəsi də gündəlikdə mühüm yer tutdu. Xüsusilə birbaşa uçuşların təşkili məsələsi diqqət mərkəzində idi. Qlobal aviasiya sektorunda mövcud çətinliklər fonunda Azərbaycanın bu sahədə dayanıqlılığı əlavə üstünlük kimi təqdim olundu. Bu, yalnız turizm axınının artmasına deyil, həm də işgüzar əlaqələrin intensivləşməsinə xidmət edə bilər. Birbaşa hava əlaqələrinin qurulması iki ölkə arasında məsafəni faktiki olaraq daha da qısaldaraq əməkdaşlığı sürətləndirəcək mühüm amil kimi qiymətləndirilir. Humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmadı. Latviyada 450-dən çox azərbaycanlı tələbənin təhsil alması iki ölkə arasında münasibətlərin sosial-humanitar əsasını formalaşdırır. Bu tələbələr gələcəkdə həm iqtisadi, həm də diplomatik sahədə körpü rolunu oynaya biləcək insan kapitalıdır. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi isə qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin çıxışında regional və beynəlxalq məsələlər də geniş yer aldı. Xüsusilə Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı fikirlər diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, artıq müəyyən mərhələdə “de-fakto sülh” mövcuddur və bu proses müsbət dinamika ilə davam edir. Onun sözləri ilə, “məhz siyasi iradə və siyasi müdriklik hadisələri təyin edir”. Bu fikir yalnız region üçün deyil, ümumilikdə beynəlxalq münasibətlər sistemi üçün də əhəmiyyətli mesaj kimi qiymətləndirilə bilər. Münaqişələrin həllində siyasi iradənin həlledici rolu bir daha ön plana çıxarılır. Eyni zamanda, ölkə başçısının çıxışında beynəlxalq əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsi də göstərir ki, Azərbaycan və Latviya yalnız ikitərəfli deyil, çoxtərəfli platformalarda da əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Cənubi Qafqaz və Baltik regionları arasında əməkdaşlığın gücləndirilməsi daha geniş geosiyasi sabitliyə töhfə verə bilər. Ümumilikdə, cənab Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Latviya münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional təhlükəsizlik məsələləri üzrə əldə olunan razılaşmalar bu tərəfdaşlığın çoxşaxəli xarakterini təsdiqləyir. Səfər çərçivəsində keçirilən görüşlər və biznes forum isə bu münasibətlərin gələcək inkişafı üçün konkret və praktik əsas yaradır. Mövcud siyasi iradə və qarşılıqlı maraqlar fonunda yaxın illərdə Azərbaycan və Latviya arasında əməkdaşlığın daha da dərinləşəcəyi və yeni uğurlu nəticələr verəcəyi gözlənilir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb. Geri dön |