Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Bakı və Riqa arasında münasibətlər strateji tərəfdaşlığın praktik mərhələsinə keçid edir”

Novruzəli Aslanov: “Bakı və Riqa arasında münasibətlər strateji tərəfdaşlığın praktik mərhələsinə keçid edir”


Bu gün, 09:51. Yazar: azer
Novruzəli Aslanov: “Bakı və Riqa arasında münasibətlər strateji tərəfdaşlığın praktik mərhələsinə keçid edir”

“Bu gün Azərbaycan - Latviya münasibətləri artıq uzun illərdir formalaşmış hüquqi-siyasi baza üzərində yeni, daha praktik mərhələyə daxil olur. Tərəflər arasında aparılan yüksək səviyyəli müzakirələr göstərir ki, bu əlaqələr deklarativ xarakterdən çıxaraq konkret nəticələrə yönəlmiş əməkdaşlıq modelinə çevrilir. Strateji tərəfdaşlıq haqqında əvvəlki illərdə imzalanmış sənəd bu gün münasibətlərin əsas dayağı kimi çıxış edir və əməkdaşlığın müxtəlif istiqamətlərdə sistemli şəkildə genişlənməsinə imkan yaradır.”

Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, aprelin 22-də iki ölkənin dövlət başçıları arasında aparılan rəsmi danışıqlarda diqqət çəkən əsas məqam ikitərəfli gündəliyin həm siyasi, həm də beynəlxalq məsələləri əhatə etməsidir: “Bu yanaşma münasibətlərin yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda daha geniş regional və qlobal proseslərlə sıx bağlı olduğunu göstərir. Prezident İlham Əliyevin mətbata bəyanatla çıxışında qeyd olunduğu kimi, qarşılıqlı etimadın möhkəmliyi tərəflərə əməkdaşlığı daha kompleks sahələrə daşımaq imkanı verir. İqtisadi əməkdaşlıq isə bu münasibətlərin ən dinamik istiqamətlərindən biri kimi ön plana çıxır. İnvestisiya mühitinin qarşılıqlı şəkildə açıqlığı, biznes subyektləri arasında informasiya mübadiləsinin genişləndirilməsi və planlaşdırma koordinasiyasının gücləndirilməsi iqtisadi əlaqələrdə yeni mərhələnin əsasını formalaşdırır. Bu yanaşma yalnız mövcud ticarət dövriyyəsinin artırılmasına deyil, həm də yeni investisiya layihələrinin yaranmasına xidmət edir. Təsadüfi deyil ki, cənab Prezident xüsusilə özəl sektorun fəallaşmasının bu prosesdə həlledici rol oynaya biləcəyini qeyd etdi. Əlbəttə ki, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Birbaşa aviareyslərin bərpası və ya genişləndirilməsi ideyası iki ölkə arasında insan və biznes əlaqələrinin daha da intensivləşməsinə xidmət edən mühüm amildir. Müasir geosiyasi və logistik çağırışlar fonunda bu cür əlaqələr təkcə turizm deyil, həm də iqtisadi inteqrasiya üçün yeni imkanlar yaradır. Həmçinin insanlararası əlaqələr və təhsil sahəsi də münasibətlərin uzunmüddətli dayanıqlığını təmin edən əsas sütunlardan biridir. Latviyada təhsil alan yüzlərlə azərbaycanlı gəncin mövcudluğu bu ölkələr arasında humanitar körpülərin artıq formalaşdığını göstərir. Təhsil mübadiləsi gələcək əməkdaşlıq üçün intellektual baza yaradır və iki xalq arasında qarşılıqlı anlayışı gücləndirir. Müzakirələr zamanı regional təhlükəsizlik və Cənubi Qafqazda baş verən proseslər də diqqət mərkəzində olub. Bu, Azərbaycanın regionda sabitlik və sülh təşəbbüslərinə verdiyi önəmin beynəlxalq tərəfdaşlar tərəfindən də izlənildiyini göstərir. Ermənistanla normallaşma prosesi barədə məlumatların paylaşılması isə regional dialoqun daha geniş kontekstdə dəyərləndirildiyini təsdiqləyir. Beləliklə, Azərbaycan–Latviya münasibətləri artıq sadəcə diplomatik əməkdaşlıq çərçivəsini aşaraq, siyasi, iqtisadi və humanitar ölçüləri olan çoxşaxəli strateji tərəfdaşlığa çevrilir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön