Ana Sayfa > Dünya > Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirirDünən, 22:39. Yazar: vasif |
|
Yaxın Şərq savaşı indi qlobal enerji təhlükəsizliyini, böyük güclər arasındakı qüvvələr balansını, beynəlxalq münasibətlər sisteminin gələcək strukturunu və s. önəmli faktorları birbaşa təsir altına salır... Ona görə də, mövcud situasiyada hələlik davam edən atəşkəs rejimi əslində, sülhə aparan yol deyil, məhz daha böyük hərbi qarşıdurma ehtimalının idarə olunduğu həssas keçid mərhələsi də hesab oluna bilər... Yaxın Şərqdə hərbi böhran yeni və çoxvektorlu mərhələyə daxil olmuş kimi görünür. ABŞ prezidenti Donald Tramp tərəfindən atəşkəs rejiminin uzadıldığı elan edilsə də, bu prosesin real inkişaf istiqanətləri yeni hərbi əməliyyatlara hazırlığın genişlənməsi, siyasi-diplomatik təmasların isə qeyri-müəyyən nəticələri ilə xarakterizə olunur. Bu, hərbi böhranın artıq tədricən regional çərçivəni aşaraq, qlobal geopolitik və geoiqtisadi qarşıdurmanın sonrakı nəticələrinə birbaşa təsir göstərə biləcək əsas faktorlardan birinə çevrilməkdə olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp atəşkəs rejimini uzatdığını açıqlayıb. O, bu qərarın Pakistan rəhbərliyinin müraciəti əsasında verildiyini də bildirib. Ağ Ev sahibi açıqlamada İranın daxilində “ciddi parçalanma”nın mövcudluğunu və rəsmi Tehrana yeni təkliflər hazırlamaq üçün vaxt verildiyini vurğulasa da, ABŞ-ın buna paralel olaraq, savaşa hazırlığı atəşkəsin ümumiyyətlə, daha çox taktiki xarakter daşıdığı ilə bağlı şübhələr yaradır. Bu taktiki manevrlər isə klassik diplomatiyadan fərqli olaraq, “məcburetmə diplomatiyası” modelinə uyğun gəlir. Yəni, ABŞ hərbi təzyiqləri davam etdirir, ancaq həm də qarşı tərəfə “məhdud zaman pəncərəsi” də açılır. Məsələ ondadır ki, Qərb mənbələrinin iddialarına görə, Pentagon Yaxın Şərqdə öz hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaqdadır. Belə ki, ABŞ-ın üçüncü aviadaşıyıcının da Yaxın Şərqə yönləndirilməsi, əlavə döyüş gəmilərinin və minlərlə hərbçinin bölgəyə yerləşdirilməsi, eləcə də, mümkün quru əməliyyatları üçün hazırlanan silahlı qüvvələrin cəmləşdirilməsi bu qarşıdurmanın yalnız siyasi-diplomatik müstəvidə getmədiyini göstərir. Ona görə də, belə genişmiqyaslı hərbi aktivlik İraq savaşı dövründən üzübəri ən böyük güc nümayişlərindən biri kimi qiymətləndirilir və Ağ Evdə eskalasiya variantının hələlik masadan qaldırılmadığını sübut edir. Təbii ki, bütün bunları nəzərə alan İran tərəfi də ABŞ-ın addımlarını etimadsızlıqla qarşılayır. Rəsmi Tehran ABŞ-ın atəşkəsi uzatmasını “yeni hücum üçün vaxt qazanmaq cəhdi” kimi qiymətləndirir. İranın rəsmi dairələri ABŞ-ın dəniz blokadasını aradan qaldıracağı təqdirdə, danışıqlar masasına qayıtmağa hazır olduqlarının mesajını verir. Bu yanaşma onu göstərir ki, rəsmi Tehran diplomatiyanı yalnız təzyiqin azaldılması ilə paralel qəbul edir və “təhdid altında danışıqlar” modeli ilə razılaşmır. Maraqlıdır ki, Yaxın Şərq savaşının ən önəmli tərəflərindən biri də onun geoiqtisadi mahiyyəti ilə bağlıdır. Çünki bu savaş ucbatından qapadılmış Hörmüz boğazı qlobal neft ticarətinin təxminən beşdə birinin keçdiyi strateji arteriyadır. Və ona görə də, bu marşrut üzərində yaranan istənilən hərbi təhlükə avtomatik olaraq, qlobal enerji bazarlarında qiymət artımına və qeyri-sabitliyə səbəb olur. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp İranın maliyyə baxımından, ciddi böhran yaşadığını və hər gün yüz milyonlarla dollar itirdiyini iddia edərək, rəsmi Tehrana qarşı iqtisadi təzyiq strategiyasını ön plana çəkir. Ağ Evin bu strategiyası hazırda əsasən iqtisadi sanksiyalar, ticarət marşrutunun blokadası və enerji ixracının məhdudlaşdırılması üzərində qurulub. Ancaq İran isə buna cavab olaraq, enerji faktorunu strateji təzyiq alətinə çevirməyə çalışır. Çünki rəsmi Tehran üçün Hörmüz boğazı hazırda yalnız coğrafi məkan deyil, həm də qlobal enerji bazarlarına təsir imkanı verən olduqca önəmli mexanizmidir. Ona görə də, Yaxın Şərqdəki hərbi böhran artıq qlobal güclərin maraqlarının toqquşduğu əsas platformaya çevrilməyə başlayıb. Və bu hərbi böhrana münasibətdə Çin, Rusiya və Avropa Birliyinin tutduğu strateji mövqelərdə kəskin ziddiyyətlər mövcuddur. Məsələ ondadır ki, Çin üçün hazırda əsas prioritet enerji təhlükəsizliyi və ticarət marşrutlarının qorunmasıdır. Ona görə də, Yaxın Şərqdə, eləcə də, digər regionlarda iqtisadi-ticari marşrutlar ətrafında sabitliyin təmin olunması Çin üçün həyati əhəmiyyət daşıyır. Bununla belə, rəsmi Pekin Çinə qarşı qlobal iqtisadi savaş açmış ABŞ-la açıq hərbi-siyasi qarşıdurmadan yayınaraq, daha çox iqtisadi-ticari təsir imkanlarını genişləndirməyə üstünlük verir. Ancaq Rusiya isə Yaxın Şərq savaşı sayəsində qlobal məkanda geopolitik dividendlər əldə etməyə çalışır. ABŞ-ın diqqətinin bölünməsi və enerji qiymətlərinin artması Rusiya üçün əlavə imkanlar yaradır. Rusiya bu prosesi dolayı şəkildə dəstəkləyərək, öz geostrateji mövqeyini gücləndirməyə cəhd göstərir. Avropa Birliyinin üzləşdiyi situasiya isə daha həssasdır. Çünki Avropa Birliyi həm enerji təhlükəsizliyi, həm də ABŞ ilə siyasi bağlılıq arasında balans yaratmağa məcburdur. Və hərbi eskalasiya prosesi hazırda Avropa iqtisadiyyatına birbaşa təsir göstərir. Bütün bunlara baxmayaraq, Yaxın Şərq savaşının davam etdirilməsi baxımından, İranla yanaşı, ABŞ-ın hərbi potensialı da müəyyən şübhələrə yol açmağa başlayıb. Belə ki, “Center for Strategic and International Studies”in (CSIS) hesabatına görə, ABŞ-ın yüksək dəqiqlikli raket sistemləri üzrə ehtiyatları əhəmiyyətli dərəcədə azalıb və onların tam şəkildə bərpası üçün 4-5 ilə yaxın zaman lazımdır. Əslində, bu önəmli faktor Ağ Evin dərhal genişmiqyaslı hərbi əməliyyatlara başlamamasının əsas səbəbini izah edir. Yəni, hazırda ABŞ üçün “atəşkəs” yalnız siyasi-diplomatik deyil, həm də hərbi-logistik zərurət xarakteri daşıyır. Göründüyü kimi, Yaxın Şərq savaşı indi qlobal enerji təhlükəsizliyini, böyük güclər arasındakı qüvvələr balansını, beynəlxalq münasibətlər sisteminin gələcək strukturunu və s. önəmli faktorları birbaşa təsir altına salır. Ona görə də, indiki mərhələdə atəşkəs əslində, sülhə aparan yol deyil, məhz daha böyük hərbi qarşıdurma ehtimalının idarə olunduğu həssas keçid dövrüdür. Bu baxımdan, Yaxın Şərqdə hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalı da qətiyyən istisna deyil. Və əgər, bu ehtimal reallaşarsa, Ağ Ev sahibi Donald Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan, yəni, ABŞ-ın Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirmək niyyəti baş tuta bilər.musavat.com Geri dön |