Ana Sayfa > Ölkə > Bakıda daha bir təhlükəli fakt üzə çıxdı – saxta alkoqol satışı!

Bakıda daha bir təhlükəli fakt üzə çıxdı – saxta alkoqol satışı!


Bu gün, 20:47. Yazar: vasif
Bakıda daha bir təhlükəli fakt üzə çıxdı – saxta alkoqol satışı!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yayılan məlumata görə, paytaxtın Nizami rayonunda yerləşən ticarət obyektində ciddi qanun pozuntuları aşkarlanıb. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 16 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zakir Eyvaz oğlu Zeynalova məxsus obyektdə aparılan yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Yoxlama zamanı “Organic Line”, “Organic Life” və “Organic” əmtəə nişanları ilə satışa çıxarılan alkoqollu içkilərin üzərində istehsal tarixi qeyd edilmədiyi və saxtalaşdırılma əlamətləri aşkarlanıb. Bu isə həm istehlakçı hüquqlarının pozulması, həm də birbaşa insan sağlamlığı üçün ciddi risk deməkdir.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Şübhəli məhsulların satışı dərhal qadağan edilib, nümunələr götürülərək laborator müayinələrə göndərilib.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, bazarın bu seqmentində həddindən artıq biabırçı vəziyyətdir:

“2019-cu ildə spirtli içkilərin hazırlanmasına dair lisenziya ləğv olundu. Bundan sonra 18 şərab müəssisəsinə qarşı 90-dan artıq araq istehsalı müəssisəsi açıldı. Bu gün araq istehsalı üçün heç bir məhdudiyyət yoxdur. Harada gəldi, necə gəldi, hansı spirtdən, mayadan istəsələr, araq istehsal edirlər. Ən bahalı restoranlarda belə brend spirtli içkiləri süfrəyə qoyurlar. Düşünürəm ki, aidiyyəti qurumlar daha fəal iş aparsa, vəziyyəti müəyyən mənada yaxşıya doğru dəyişmək olar”.

E. Hüseynov bildirib ki, “Alkoqollu içkilər” Assosiasiyası illər öncə baş nazirə müraciət ünvanlayıb:

“Onlar alkoqollu içkilər bazarındakı həyəcan doğuran durumla bağlı ölçü götürülməsini xahiş ediblər. Lakin bu günə qədər müraciətə cavab verilməyib. Çox təəssüf ki, alkoqollu içkilərin üzərində istehsal tarixi yoxdur. Təsadüfi deyil ki, Azərbaycan istehlakçıları apteklərdə, həkimlərdə növbələrdə duran istehlakçılardır. Azərbaycan insanı 190 ölkə içində qısa ömürlülüyü ilə 119-cu yerdə qərarlaşır. Azərbaycan istehlakçı hüquqlarının qorunmasında Afrika ölkələrindən belə geridə qalır”.

Eyyub Hüseynovun sözlərinə görə, vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlərin ifşa edilməsi də vəziyyəti dəyişmək gücündə deyil:

“Spirtli içkilərin də digər məhsullar kimi yararlılıq müddəti var. Məsələn, araqların yararlılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin üstündə yararlılıq müddəti yazılmayıb. “Spirtli içki uzun müddət qalanda daha yaxşı olar” anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar”.
Geri dön