Ana Sayfa > Ölkə > Qanunsuz əməliyyat iddiaları: “Dr. Gülü” gizli pasiyent qəbul edir?

Qanunsuz əməliyyat iddiaları: “Dr. Gülü” gizli pasiyent qəbul edir?


Bu gün, 20:36. Yazar: vasif


Ötən il “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılıb.

Bununla bağlı Musavat.com-a daxil olan məlumatlarda bildirilir ki, sosial şəbəkələrdə özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva hazırda “Billur Estetik Mərkəz” adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. İddialara görə, burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.

Mənbənin sözlərinə görə, əvvəlki qalmaqallardan sonra onun fəaliyyətini dayandırdığı bildirilsə də, sonradan yeni sosial şəbəkə hesabları açaraq müştəri cəlbinə başlayıb. “Billur estetik” adlı platforma üzərindən canlı yayımlar açıldığı, potensial pasiyentlərə qiymətlər və prosedurlar barədə məlumat verildiyi qeyd edilir.

Araşdırma zamanı o da məlum olub ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində yer almır. Bu isə onun rəsmi şəkildə tibbi fəaliyyət göstərmək səlahiyyətinin olmadığını göstərir. Sosial şəbəkələrdə daha əvvəl onun saç ustası olduğu ilə bağlı iddialar da yayılmışdı.

Məsələni dəqiqləşdirmək üçün Musavat.com-un əməkdaşı “Billur Estetik Mərkəz”lə əlaqə saxlayıb. Özünü müştəri kimi təqdim edən əməkdaşımıza bədən şəkilləndirmə prosedurunun “Gülü” adlı “həkim” tərəfindən icra olunduğu bildirilib. Həmçinin qeyd edilib ki, əməliyyatların qiyməti 1300 manatdan başlayır.

Lakin jurnalist kimi əlaqə saxlanıldıqda, Gülbadə Abdullayeva estetik cərrahiyyə ilə məşğul olmadığını bildirib. Onun sözlərinə görə, müəssisədə yalnız masaj xidmətləri göstərilir. Abdullayeva həmçinin qeyd edib ki, Ukraynada ali təhsil alsa da, Azərbaycanda diplomunu hələ də tanıtdıra bilməyib.
Geri dön