Ana Sayfa > Özəl > Antalya platforması diplomatik düyünə çevrilir

Antalya platforması diplomatik düyünə çevrilir


Bu gün, 11:00. Yazar: vasif


Antalya Diplomatiya Forumu çərçivəsində səslənən Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün birbaşa görüş ideyası artıq real diplomatik müzakirə mövzusuna çevrilib. Kiyevin rəsmi dairələri bu formatda görüşün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə təşkil olunmasını istədiklərini açıq şəkildə bəyan ediblər.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ankara həm Moskva, həm də Kiyev üçün etibarlı vasitəçi kimi çıxış edə bilər. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trumpın da mümkün iştirakı danışıqlar formatını daha geniş və təsirli edə bilər.

Sibiqa Türkiyənin münaqişənin başlanğıcından etibarən balanslı diplomatik xətt apardığını vurğulayaraq, rəsmi Ankaranın dialoq mühitinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Məsələ ilə bağlı politoloq Kənan Noruzov isə bildirib ki, Türkiyə müharibənin ilk günündən etibarən vasitəçilik cəhdlərini davam etdirir və hər iki tərəfin etimadını qazanmağı bacarıb. Onun fikrincə, bu etimad növbəti danışıqlar üçün real zəmin yaradır.

Ekspert əlavə edib ki, Zelenskinin əvvəlki açıqlamaları da Kiyevin diplomatik həll yollarına açıq olduğunu göstərir. Lakin Ukrayna ciddi ərazi güzəştlərinə getmədən balanslı razılaşma axtarır.

Noruzov hesab edir ki, yaxın zamanda liderlərin birbaşa görüşü çətin görünsə də, nazirlər və işçi qruplar səviyyəsində təmasların başlaması mümkündür. Bu isə Ankaranın beynəlxalq vasitəçi rolunu daha da gücləndirə bilər.

Beləliklə, Antalya platformasında başlayan diplomatik siqnallar Türkiyəni təkcə regional deyil, qlobal danışıqların mərkəzlərindən birinə çevirə biləcək yeni mərhələnin göstəricisi kimi qiymətləndirilir.
Geri dön