Ana Sayfa > Şou-biznes / Aia TV > Saytlarda bu informasiyaların yayılmasına qadağa qoyuldu – SİYAHI
Saytlarda bu informasiyaların yayılmasına qadağa qoyuldu – SİYAHI10-03-2017, 14:19. Yazar: admin |
Milli Məclisin iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclis sədrinin müavini Bahar Muradova ətraflı məlumat verib. Layihəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: -terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; -zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; -dövlət sirri təşkil edən məlumatlar; -odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar; -narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar; -pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; -qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; -intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar; -təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; -əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; -Azərbaycan qanunları ilə yayılması qadağan edilən digər informasiya. Maddədə o da deyilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir. Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu qanun ölkəmizin informasiya təhlükəsizliyi üçün önəmlidir. “Hər kəs əmin olsun ki, bu dəyişikliklər söz və informasiya azadlığının məhdudlaşdırılması demək deyil. Əksinə, dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir”. Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. AİA.az Geri dön |