Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın balanslı siyasəti onun geoiqtisadi mövqeyini gücləndirib

Azərbaycanın balanslı siyasəti onun geoiqtisadi mövqeyini gücləndirib


Bu gün, 13:31. Yazar: azer
Azərbaycanın balanslı siyasəti onun geoiqtisadi mövqeyini gücləndirib

Mövcud qlobal geosiyasi sistemin əsas xüsusiyyəti güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi, bloklaşmanın dərinləşməsi və beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin artmasıdır. Belə mürəkkəb şəraitdə orta gücə malik dövlətlər üçün ən optimal strategiya sərt ittifaqlardan uzaq durmaq, çevik və çoxşaxəli siyasət yürütməkdir. Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı və çoxvektorlu xarici siyasət məhz bu reallıqlara uyğun olaraq formalaşıb və praktik nəticələrlə özünü doğruldub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, Azərbaycanın xarici siyasət kursunun əsasını milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış yanaşma təşkil edir. Bu model hər hansı bir geosiyasi blokun tərkibinə daxil olmadan, müxtəlif güc mərkəzləri ilə paralel və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa əsaslanır. Rəsmi Bakı münasibətlərini bir dövlətin hesabına digərinə qarşı qurmadığını açıq şəkildə bəyan edir və bu, siyasətin prinsipial xəttidir.

Bu yanaşma klassik Qoşulmama Hərəkatı modelindən daha inkişaf etmiş formaya, aktiv qeyri-bloklaşma strategiyasına transformasiya olunub. Yəni Azərbaycan yalnız neytral qalmaqla kifayətlənmir, eyni zamanda, müxtəlif platformalarda təşəbbüskar rol oynayaraq öz təsir imkanlarını artırır.

Azərbaycan eyni vaxtda ABŞ, Avropa İttifaqı, Çin, Rusiya və region dövlətləri ilə əməkdaşlıq quraraq özünü geosiyasi qarşıdurmaların kənarında saxlaya bilib.

“Ölkəmizin həm Qərb, həm də Şərq istiqamətində strateji tərəfdaşlıqların genişlənməsi bu siyasətin uğurunu təsdiqləyir. Bu balans sayəsində Azərbaycan Qərb ilə enerji və təhlükəsizlik əməkdaşlığını qoruyur, Rusiya ilə siyasi dialoqu davam etdirir, Çinlə iqtisadi əlaqələri genişləndirir, Türk dünyası ilə inteqrasiyanı dərinləşdirir.

Beləliklə, ölkə heç bir qlobal qarşıdurmada “tərəf” kimi çıxış etmir, əksinə, müxtəlif qütblər arasında körpü rolunu oynayır. Cənubi Qafqaz kimi həssas regionda balanslı siyasət təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanla sülh gündəliyini təşviq edir, İran və Rusiya ilə münasibətləri gərginlikdən qoruyur, Yaxın Şərqdəki münaqişələrə neytral və konstruktiv yanaşma nümayiş etdirir.

Məsələn, İsrail–Fələstin və ya ABŞ, İsrail–İran qarşıdurması fonunda Azərbaycanın, eyni zamanda, müxtəlif tərəflərlə əməkdaşlığı davam etdirməsi onun diplomatik çevikliyinin göstəricisidir", - deyə A.Kərimli vurğulayıb.

Deputatın sözlərinə görə, balanslı siyasətin ən mühüm nəticəsi Azərbaycanın suveren qərarvermə imkanlarını qorumasıdır. Ölkə heç bir güc mərkəzindən asılı vəziyyətə düşmür və xarici siyasətini yalnız milli maraqlar üzərində qurur. Bu strategiya Azərbaycanın təhlükəsizlik risklərini minimallaşdırmasına, iqtisadi tərəfdaşlıq coğrafiyasını genişləndirməsinə, beynəlxalq sistemdə müstəqil aktor kimi mövqeyini gücləndirməsinə şərait yaradır. Azərbaycanın balanslı siyasəti onun geoiqtisadi mövqeyini də gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə müxtəlif tərəflərlə əməkdaşlıq sayəsində tranzit və enerji mərkəzinə çevrilməkdədir. Bu isə enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır, ölkəni qlobal logistika şəbəkələrinin vacib halqasına çevirir, siyasi təsir imkanlarını genişləndirir.

Azər Kərimli hesab edir ki, Azərbaycanın balanslı siyasəti aşağıdakı strateji üstünlükləri təmin edir: “Ölkəmiz, ilk növbədə, risklərin diversifikasiyasını təmin edir ki, bunun da qarşılığında bir güc mərkəzindən asılılığın qarşısı alınır. Digər tərəfdən diplomatik elastiklik xarici siyasətin strateji önəm daşımayan istiqamətinin dəyişən şəraitə daha tez adaptasiya olunmasına imkan yaradır. Ölkənin siyasi manevr qabiliyyəti müxtəlif platformalarda paralel fəaliyyət mümkünlüyünü nümayiş etdirir. Beynəlxalq nüfuzun artması isə vasitəçi və etibarlı tərəfdaş imici formalasdırır.

Bu baxımdan Azərbaycan artıq yalnız region ölkəsi deyil, Avrasiya məkanında mühüm geosiyasi oyunçu kimi çıxış edir.

“Bütövlükdə, mövcud geosiyasi reallıqlar, qütbləşmə, rəqabət və qeyri-sabitlik fonunda Azərbaycanın balanslı xarici siyasəti özünü tam şəkildə doğruldur. Bu siyasət ölkəyə həm təhlükəsizlik, həm iqtisadi inkişaf, həm də beynəlxalq nüfuz baxımından ciddi üstünlüklər qazandırıb. Ən əsası isə Azərbaycan sübut edib ki, kiçik və orta güc dövlətləri üçün uğurlu model məhz sərt bloklaşma deyil, milli maraqlara əsaslanan çevik və çoxşaxəli siyasətdir. Bu model, şübhəsiz ki, gələcəkdə də ölkənin geosiyasi dayanıqlığının və strateji müstəqilliyinin əsas təminatçısı olaraq qalacaq", - deyə deputat əlavə edib.
Geri dön