Ana Sayfa > Manşet / Siyasət / Özəl > Tamam Cəfərova: “Azərbaycanın siyasi iradəsi və güclü lider faktoru ədaləti bərpa etdi”
Tamam Cəfərova: “Azərbaycanın siyasi iradəsi və güclü lider faktoru ədaləti bərpa etdi”Dünən, 14:57. Yazar: azer |
![]() Məlum olduğu kimi, “Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 2025-ci il oktyabrın 9-da keçirilən görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər”. Bu haqqda Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirliklərinin birgə bəyanatında deyilir. Bəyanatda, həmçinin bildirilib: “Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir”. Əldə olunmuş razılaşma cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında aparılan ardıcıl və məqsədyönlü diplomatik fəaliyyətin və Azərbaycan dövlətinin prinsipial mövqeyinin nəticəsidir. Bu sözləri millət vəkili Tamam Cəfərova aia.az-a müsahibəsində bildirib. Millət vəkili qeyd edib ki, Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razı olması Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti mühüm uğuru hesab olunmalıdır. Rusiya uzun müddət çalışdı ki, bu məsələdən yayınsın və kompensasiya ödəməsin. Ancaq buna nail ola bilmədi. Prezident İlham Əliyev sona qədər prinsipial və qətiyyətli mövqe göstərdi. Sonda Rusiya anladı ki, mütləq şəkildə Azərbaycanın tələblərini yerinə yetirməli və kompensasiya ödəməlidir. Cənab Prezident İlham Əliyev güclü siyasi iradə və strateji baxış ortaya qoyaraq, baş verən prosesləri nəzarət altında saxladı. Düşənbədə iki dövlət başçısının görüşü nəticəsində əldə edilmiş razılaşmaya əsasən kompensasiyanın ödənilməsi də bu yanaşmanın məntiqi nəticəsi kimi çıxış edir. Bu isə bir daha göstərir ki, ən mürəkkəb problemlər belə qarşılıqlı anlaşma və siyasi dialoq şəraitində, qarşılıqlı hörmət əsasında həll oluna bilər. Ədalətin bərpası, məsuliyyətin təmin olunması və tam şəffaflığın əldə edilməsi məsələnin mərkəzində dayanan əsas prinsiplər idi. Azərbaycan siyasi iradə nümayiş etdirərək ədalətin bərpasına, məsuliyyətin təmin olunmasına və prosesin şəffaf şəkildə aparılmasına nail oldu. Təyyarə qəzasının səbəblərinin obyektiv araşdırılması və ictimaiyyətə ətraflı məlumat verilməsi xüsusi həssaslıqla yanaşılan məsələlərdən biri kimi ön planda saxlanıldı. Azərbaycan heç bir mərhələdə öz prinsipial mövqeyindən geri çəkilmədi və milli maraqların qorunması istiqamətində ardıcıl addımlar atdı. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan hüququn aliliyinin təmin olunmasında prinsipial mövqeyə malik dövlətdir və vətəndaşlarının müdafiəsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu bir daha onu sübut edir ki, bu gün Azərbaycan güclü dövlətdir, bu gün Azərbaycan regional güc kimi öz rolunu ciddi bir formada oynayır və bu gün Azərbaycan hədəflərinə və məqsədlərinə doğru inamla addımlayır. Eyni zamanda bu sübut edir ki, Azərbaycanın güclü Lideri və güclü xarici siyasəti var. Artıq bir çox dünya ölkələri Azərbaycanla hesablaşmağa məcburdurlar. Bu gün biz bunu açıq-aydın müşahidə edirik. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək, millət vəkili Tamam Cəfərova belə deyib. Geri dön |