Ana Sayfa > İqtisadiyyat > 960 dollarla açılan QAPI - Ermənistanla ticarətdə "buzlar" əriyir
960 dollarla açılan QAPI - Ermənistanla ticarətdə "buzlar" əriyirDünən, 20:24. Yazar: vasif |
|
Xəbər verdiyimiz kimi, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Yanvar-mart ayları aralığında isə Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələr 35 il öncə tamamilə dayandırılmışdı. Şübhəsiz ki, 960 dollarlıq idxal rəqəmi ilk baxışda əhəmiyyətsiz görünə bilər, ancaq bu addım uzun illər bağlı qalan iqtisadi qapıların tədricən açılmasının başlanğıcı da sayıla bilər. Yanvar-mart aylarında Azərbaycandan Ermənistana milyonlarla dollar dəyərində məhsul ixrac olunması tərəflər arasında iqtisadi münasibətlərin bərpası üçün ilkin zəmin yaradır. İllərlə davam edən qarşıdurmadan sonra iqtisadi əlaqələrin yenidən qurulması Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin başlanğıcı ola bilərmi? Milli Məclisin üzvü Naqif Həmzəyev Musavat.com-a açıqlamasında əslində bu rəqəmin siyasi iradənin sübutu olduğunu qeyd etdi: “960 rəqəminin özündən daha çox mövcudluğu vacibdir. 35 illik tam iqtisadi izolyasiyadan sonra hər hansı bir əməliyyatın baş verməsi texniki, hüquqi və siyasi maneələrin aşıldığını göstərir. Yəni infrastruktur qurulub, ödəniş kanalı açılıb, gömrük proseduru işləyib, hüquqi çərçivə formalaşıb. 5,757 milyon dollarlıq ixrac isə artıq simvolikanın çox-çox irəlidədir. Bu, Azərbaycanın Ermənistan bazarına real mal çatdırdığını, Ermənistanın isə bunu qəbul etdiyini göstərir. Bu rəqəm iradənin olduğunu sübut edir. Əgər proses davamlı olarsa, regional nəticələr çox əhəmiyyətli ola bilər. Gürcüstan hər iki ölkə ilə münasibətlərini normallaşdırmış yeganə ölkə kimi regionda ilkin mərhələdə inteqrasiya qovşağına çevrilə, İran və Türkiyə yeni ticarət dəhlizlərinin formalaşmasında rol oynaya bilər. Bu isə bütün Qafqazın iqtisadi coğrafiyasını dəyişdirər". Deputatın sözlərinə görə, Ermənistan Rusiyadan asılılığını azaldıb, Qərb və regional bazarlara inteqrasiya üçün daha geniş imkan qazana bilər: "Azərbaycan isə Zəngəzur dəhlizi və digər komunikasiyaların açılmasını reallaşdıraraq Cənubi Qafqazda dayanıqlı sülhə nail olar”. Geri dön |