Ana Sayfa > Gündəm / Siyasət / Özəl > Yeni geosiyasi reallığın manifesti

Yeni geosiyasi reallığın manifesti


7-04-2026, 12:16. Yazar: Semsi
Yeni geosiyasi reallığın manifesti

Abel Məhərrəmov
akademik, Əməkdar elm xadimi



Tarixin ən çətin sınaqlarından alnıaçıq çıxmış sarsılmaz dostluq, eyni taleyi və coğrafiyanı bölüşən iki qardaş xalqın sadiqliyi... Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana reallaşdırdığı son səfər və Tiflisdə səsləndirdiyi konseptual bəyanatlar, sadəcə iki qonşu ölkənin uğurlu əməkdaşlıq hesabatı deyil, həm də Cənubi Qafqazın gələcək onilliklərini işıqlandıran strateji bir yol xəritəsidir. Bu səfər bir daha nümayiş etdirdi ki, Bakı və Tiflisin birliyi regionda sabitliyin ən etibarlı qalasıdır.

Dövlət başçısının qətiyyətlə qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin sarsılmaz təməlini əsrlərin dərinliyindən gələn dostluq və qardaşlıq ənənələri təşkil edir. Məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi ilə həyata keçirilən çevik xarici siyasət kursu, bu gün Cənubi Qafqazı münaqişə ocağından çıxararaq dayanıqlı sülhün və tərəqqinin mərkəzinə çevirməkdədir. Ölkə rəhbərinin bəyanatında yer alan "yeni vəziyyət" ifadəsi, sadəcə diplomatik bir gediş deyil, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın və regionun gələcək inkişaf modelinin elanıdır. Cənab Prezidentin titanik səyləri nəticəsində bölgəmiz artıq kənar müdaxilələrin poliqonu deyil, öz taleyini özü müəyyən edən güclü bir tərəfdaşlıq məkanına çevrilib.

Bu strateji tərəfdaşlığın nə qədər səmərəli olduğunu konkret rəqəmlər və iqtisadi göstəricilər bütün aydınlığı ilə ortaya qoyur. Ötən il 800 milyon dolları geridə qoyan ticarət dövriyyəsinin cari ilin sonunadək bir milyard dollar hədəfinə yaxınlaşması, iki ölkənin bir-biri üçün əvəzolunmaz iqtisadi müttəfiq olduğunu təsdiqləyir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 3,7 milyard dollar həcmindəki nəhəng sərmayə isə qonşu ölkədəki siyasi sabitliyə və onun gələcəyinə olan böyük inamın təcəssümüdür. Cənab Prezidentin uzaqgörən iqtisadi diplomatiyası sayəsində tərəflər artıq lokal hədəfləri aşaraq, üçüncü ölkələrdə birgə investisiya layihələri kimi qlobal miqyaslı təşəbbüsləri müzakirə edirlər.

Azərbaycan və Gürcüstan bu gün artıq lokal oyunçular deyil, Avrasiyanın enerji və nəqliyyat memarlığını müəyyən edən əsas güc mərkəzləridir. 16 fərqli ölkəyə ixrac edilən Azərbaycan qazının və dünya bazarlarına daşınan neft resurslarının ilk strateji ünvanı məhz Gürcüstandır. İki onillikdir qitənin enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan kəməri və ondan sonra İlham Əliyevin polad iradəsi ilə gerçəkləşən Cənub Qaz Dəhlizi regionun iqtisadi onurğa sütununu formalaşdırıb. Bu gün isə gündəmdə olan "Orta Dəhliz" layihəsi hər iki ölkənin tranzit potensialını ən yüksək zirvəyə daşıyaraq Qərblə Şərqi birləşdirən əsas nəqliyyat damarına çevrilməkdədir. Dövlətimizin başçısının iqtisadi siyasəti Azərbaycanı təkcə resurs ixracatçısı deyil, həm də qlobal logistik qovşağın əvəzolunmaz lideri kimi təsdiqləyib.

Cənab Prezident İlham Əliyevin bəyanatındakı ən mühüm məqamlardan biri Cənubi Qafqazda formalaşmaqda olan yeni sülh mühitidir. Dünyanın bir çox nöqtəsində qarşıdurma və gərginliyin artdığı bir dövrdə, bölgəmizdə sülh və əməkdaşlıq imkanlarının genişləndirilməsi birbaşa Azərbaycan Liderinin uzaqgörən siyasi iradəsinin və humanist fəaliyyətinin parlaq nəticəsidir. Cənab Prezidentin regionda sülhün bərqərar olması istiqamətində atdığı addımlar, düşmənçilik səhifəsinin bağlanaraq tərəqqi dövrünün başlanmasına xidmət edir. Xüsusilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesində Gürcüstanın nümayiş etdirdiyi konstruktiv mövqe və ticarət əlaqələrinin məhz Tiflis vasitəsilə həyata keçirilməsi, regionun daxili resurslar və qarşılıqlı etimad sayəsində sülhü qoruya biləcəyini bütün dünyaya göstərir.

Beynəlxalq arenalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz dəstəkləyən Azərbaycan-Gürcüstan münasibətləri, bu gün bütün dünya üçün qonşuluq örnəyidir. Qarşılıqlı hörmət, ortaq mənfəət və sarsılmaz qardaşlıq üzərində ucalan bu münasibətlər sistemi gələcəyə böyük ümidlə baxmağa əsas verir. Cənab Prezidentin bu uğurlu səfəri bir daha sübut etdi ki, Bakı və Tiflis çiyin-çiyinə addımladıqca, Cənubi Qafqaz daha təhlükəsiz, rifah dolu və parlaq bir gələcəyə doğru inamla irəliləyəcəkdir.




Geri dön