Ana Sayfa > Siyasət > 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixi yaddaşın acı səhifəsi
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixi yaddaşın acı səhifəsiBu gün, 14:24. Yazar: azer |
![]() Hər il 31 mart tarixi Azərbaycanda dərin hüzn və ehtiramla qeyd olunur. Bu gün, Azərbaycan xalqının tarixində ən faciəli hadisələrdən biri olan 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsinə həsr edilmişdir. Azərbaycanlıların Soyqırımı Günü təkcə keçmişin acı xatirəsi deyil, eyni zamanda xalqımızın milli yaddaşının, tarixi ədalət uğrunda mübarizəsinin simvoludur. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri və bolşevik qüvvələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədilmişdir. Bu hadisələr nəticəsində minlərlə dinc insan – qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir. Tarixi mənbələr və arxiv sənədləri göstərir ki, bu qırğınlar planlı şəkildə həyata keçirilmiş və məqsəd Azərbaycan xalqını öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq olmuşdur. Xüsusilə Quba qəzasında aşkar edilmiş kütləvi məzarlıqlar həmin dövrdə törədilən vəhşiliklərin miqyasını açıq şəkildə sübut edir. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlərə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addım ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla atılmışdır. Həmin sənədə əsasən, 31 mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır. Bu gün Azərbaycan dövləti tariximizin bu faciəli səhifəsinin unudulmaması, qurbanların xatirəsinin əbədiləşdirilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü siyasət həyata keçirir. Tarixi faktların araşdırılması, sənədləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər, həm də gələcək nəsillərin milli yaddaşının formalaşdırılmasında mühüm rol oynayır. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bir daha xatırladır ki, tarixdən dərs çıxarmaq, milli birliyi qorumaq və dövlət müstəqilliyini möhkəmləndirmək hər bir vətəndaşın borcudur. Bu faciənin qurbanlarının xatirəsi daim ehtiramla anılır və onların ruhu qarşısında baş əyilir. Elnur Qəhrəmanov, YAP Gədəbəy rayon təşkilatının əməkdaşı. Geri dön |