Ana Sayfa > Manşet / Siyasət > Xalqımıza qarşı törədilən bəşəri cinayətlər millətçilik və etnik nifrət üzərində qurulmuş siyasətin nəticəsidir

Xalqımıza qarşı törədilən bəşəri cinayətlər millətçilik və etnik nifrət üzərində qurulmuş siyasətin nəticəsidir


Bu gün, 12:45. Yazar: azer
Xalqımıza qarşı törədilən bəşəri cinayətlər millətçilik və etnik nifrət üzərində qurulmuş siyasətin nəticəsidir

Tarix yalnız yaddaş deyil, həm də ibrət dərsidir. Azərbaycan xalqının son iki əsrdə üzləşdiyi faciələr, kütləvi zorakılıq aktları ayrı-ayrı epizodlar deyil, müəyyən ideoloji xəttin nəticəsi kimi dəyərləndirilməlidir. Bu xəttin əsasında isə aşırı millətçi düşüncə, etnik üstünlük iddiaları və tarixi reallıqların məqsədli şəkildə saxtalaşdırılması dayanır. Bu həqiqətin düzgün dərk edilməsi həm tarixi ədalətin bərpası, həm də gələcəkdə oxşar faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, XIX əsrin sonlarından etibarən formalaşan erməni millətçi ideologiyası tədricən siyasi məqsədlərə xidmət edən radikal platformaya çevrildi. “böyük Ermənistan” kimi utopik və elmi əsaslardan uzaq konsepsiya regionun tarixi-coğrafi reallıqlarına zidd olmaqla yanaşı, digər xalqlara qarşı ərazi iddialarını əsaslandırmaq üçün istifadə edildi. Bu ideologiya təkcə siyasi iddialara məhdudlaşmadı, zorakılığı, etnik təmizləməni və digər cinayətləri legitim vasitə kimi bütün dünyaya qəbul etdirməyə çalışdı. Tarixi faktların seçmə və təhrif olunmuş şəkildə təqdim edilməsi, mifoloji narrativlərin “tarix” kimi formalaşdırılması nəticədə cəmiyyət daxilində düşmən obrazının yaradılmasına və nifrət mühitinin dərinləşməsinə gətirib çıxardı.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və digər bölgələrdə baş verən kütləvi qırğınlar erməni silahlı dəstələrinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi sistemli zorakılığın ilk genişmiqyaslı təzahürlərindən biri idi. Minlərlə insan yalnız etnik mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri yerlə-yeksan edildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədləri bu hadisələrin təsadüfi deyil, planlı və məqsədyönlü xarakter daşıdığını sübut edir. Bu, artıq lokal qarşıdurma deyil, etnik təmizləmə siyasətinin açıq təzahürü idi.

“1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin sonlarında törədilmiş ən ağır humanitar cinayətlərdən biridir. Mülki əhalinin, o cümlədən qadınların, uşaqların və yaşlıların xüsusi qəddarlıqla qətlə yetirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Xocalı hadisələri bir daha göstərdi ki, zaman dəyişsə də aşırı millətçi ideologiya mahiyyətini itirmir. Əksinə, müasir silahlar və texnologiyalar fonunda daha dağıdıcı nəticələrə səbəb ola bilir.

1993-cü ilin martında Kəlbəcərdə baş verən hadisələr, xüsusilə “Tunel qırğını” işğal siyasətinin ən faciəvi səhifələrindən biridir. Mülki əhalinin mühasirəyə alınması, çətin coğrafi və iqlim şəraitində qaçqın vəziyyətinə düşməsi yüzlərlə insanın həyatına son qoydu. Kəlbəcərin işğalı yalnız hərbi-strateji hadisə deyildi, bu, bütöv bir regionun sosial həyatının məhv edilməsi, insanların doğma torpaqlarından zorla didərgin salınması demək idi. Bu hadisələr də eyni ideoloji xəttin, işğalın və etnik təmizləmə siyasətinin davamı kimi çıxış edir. 2016-cı ilin aprel döyüşləri isə Azərbaycan xalqının və dövlətinin bu ədalətsizliyə qarşı iradəsinin açıq nümayişi oldu. Ermənistanın növbəti təxribatına cavab olaraq həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji mövqelər azad edildi.

Aprel döyüşləri göstərdi ki, uzun illər davam edən işğal status-kvo deyil və dəyişdirilə bilər. Bu, həm hərbi, həm də psixoloji baxımdan dönüş nöqtəsi oldu və 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfərin əsasını təşkil etdi”, - deyə A.Kərimli vurğulayıb.

Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bu gün həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri destruktiv ideologiyalara verilən ən güclü cavabdır. Kəlbəcər də daxil olmaqla bütün bölgələrdə müasir infrastruktur yaradılır, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıdışı təmin olunur, onların sosial rifahı və təhlükəsizliyi dövlət siyasətinin əsas prioritetinə çevrilib. Bu proses həm də milli ədalətin bərpasıdır. Artıq azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır, məktəblər açılır, ailələr məskunlaşır, iqtisadi fəaliyyət bərpa olunur. Bu, bir xalqın iradəsinin və gələcəyə inamının bariz nümunəsidir.
Geri dön