Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl > Əsrlərin fəryadı və qalibiyyətin təntənəsi:
Əsrlərin fəryadı və qalibiyyətin təntənəsi:31-03-2026, 11:03. Yazar: Semsi |
![]() Abel Məhərrəmov, akademik, Əməkdar elm xadimi Tarix bəzən sadəcə rəqəmlərin statistikasından ibarət olmur; o, bir xalqın boğulmuş fəryadı, nəsillərin çəkdiyi iztirab və tapdanmış haqların sönməyən səsidir. Azərbaycan türklərinin son iki əsrlik taleyi, uydurma “Böyük Ermənistan” xülyası naminə yürüdülən sistematik soyqırımı və etnik təmizləmə siyasətinin ağrılı xronikasıdır. Onilliklər boyu sovet ideologiyasının ağır sükut pərdəsi arxasında gizlədilən bu həqiqətlərin üzərindən zamanın tozunu Ulu Öndər Heydər Əliyev sildi. 1998-ci il martın 26-da imzalanan tarixi Fərmanla bu qanlı cinayətə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Bu prosesin ardıcıl davamı kimi 30 mart 1999-cu ildə təsdiqlənən tədbirlər planı elmi araşdırmalara yeni nəfəs verdi, arxivlərin tozlu rəfləri silkələndi və sübut olundu ki, 1918-ci ilin qanlı baharı bütün Azərbaycanı saran vahid bir terror zənciridir. ![]() Bakı quberniyası bu vəhşiliyin episentrinə çevrilmişdi. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda 12 mindən çox dinc sakin amansızlıqla qətlə yetirildi. Erməni-bolşevik birləşmələri müsəlman məhəllələrinə qəfil basqınlar edərək qocaları, qadınları və uşaqları diri-diri yandırır, "İsmailiyyə" binasını və ziyarətgahları alovlara bürüyürdülər. Faciənin miqyası Şamaxı qəzasında daha da qəddarlaşdı; burada 53-ü kənd olmaqla ümumilikdə 86 yaşayış məntəqəsi yerlə-yeksan edildi, 8 mindən çox insan, o cümlədən 1653 qadın və 965 uşaq vəhşicəsinə öldürüldü. Şamaxı Cümə məscidinə sığınan çarəsiz insanlar qapılar bağlanaraq od vurularaq məhv edildi. Quba qəzasında isə cəllad Amazaspın rəhbərliyi ilə 162 kənd viran qoyuldu. 2007-ci ildə tapılan Quba kütləvi məzarlığındakı 500-dək insan kəlləsi — onlardan 50-si uşaq, 100-ü qadındır — erməni faşizminin ən çılpaq sübutudur. İnsanların başına iri mismarlar vurulması, küt alətlərlə işgəncə verilməsi torpağın altından gələn səssiz bir ittihamnamədir. Qırğınlar mərkəzi bölgələri də bürümüşdü. Göyçay və Kürdəmir istiqamətində irəliləyən erməni dəstələri yolüstü bütün kəndləri talan edir, dinc əhalini kütləvi şəkildə məhv edirdilər. Lakin Göyçay döyüşlərində Qafqaz İslam Ordusu və yerli könüllülərin müqaviməti bu qanlı zənciri qırmağa başladı. Lənkəran, Salyan və Neftçala bölgələrində dəşşətli qırğınlar törədildi; gəmilərlə sahilə çıxan daşnak dəstələri 40-dan çox kəndi yandırdı, minlərlə insanı Xəzərin sularında və öz ocaqlarında boğdu. Azərbaycanın qərbində — Naxçıvan, Zəngəzur və İrəvanda isə deportasiya və soyqırımı daha sistematik idi. Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd xəritədən silindi. Təkcə Zəngəzurda 10 mindən çox insan qətlə yetirilmişdi. Erməni müəllifləri Lalayan və Muradyan belə, bu bölgələrdəki "sarsıdıcı sakitliyi" — tam məhv edilmiş həyatları etiraf etməkdən çəkinməmişdilər. Qarabağda isə 150-dən çox kənd yerlə-yeksan edilərək əhali kütləvi qırğınlara məruz qaldı. Cənab Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı "Soyqırımın 100 illiyi haqqında Sərəncam" bu həqiqətlərin dünya parlamentlərinə çatdırılmasında dönüş nöqtəsi oldu. Dövlət başçısı hər tribunada bəyan edir ki, bu qırğınlar vahid mərkəzdən idarə olunan dövlət cinayətidir. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra bu mövzu daha qüdrətli mərhələyə daşındı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Zəfər, təkcə torpaqlarımızın azad edilməsi deyil, həm də 1918-ci ildə süngüyə taxılan körpələrin, quyulara doldurulan günahsızların intiqamı idi. İşğaldan azad edilmiş ərazilərdə ucaldılan abidələr və həyata keçirilən "Böyük Qayıdış" layihəsi 100 illik qanlı tariximizin ən kəsərli cavabıdır. Bu gün Azərbaycan xalqı 31 Mart qurbanlarını artıq boynu bükük deyil, ərazi bütövlüyünü tam bərpa etmiş qalib bir millət kimi anır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bu həqiqətləri dünyaya çatdırmaq bizim müqəddəs borcumuzdur və İlham Əliyevin rəhbərliyi ilə döyülən "dəmir yumruq" gələcək faciələrin qarşısındakı yeganə aşılmaz sipərdir. Geri dön |