Ana Sayfa > Manşet / Siyasət > 31 Mart – xalqımıza qarşı törədilmiş tarixi cinayət
31 Mart – xalqımıza qarşı törədilmiş tarixi cinayət31-03-2026, 10:59. Yazar: azer |
![]() Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu mühüm sənəd Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlara ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 31 Mart Azərbaycan xalqına qarşı törədilmiş soyqırım tarixinin ən qanlı səhifələrindən biridir. Xüsusi qəddarlıqla həyata keçirilmiş bu faciənin üzərindən 108 il ötür. Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Bu qanlı hadisəni unutmamaq, eyni zamanda erməni faşizminin nə qədər təhlükəli olduğunu gələcək nəsillərə çatdırmaq üçün həmin dövrdə baş verən tarixi proseslərin və siyasi şəraitin obyektiv şəkildə təhlili olduqca vacibdir.Həmin dövrdə erməni silahlı dəstələri öz məkrli planlarını həyata keçirmək, Azərbaycanın tarixi torpaqlarında qondarma “erməni dövləti” yaratmaq məqsədilə ölkəmizin müxtəlif bölgələrində dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törədiblər. Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, evlər yandırılıb, əmlaklar qarət olunub. Uydurma “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni tarixşünaslığında saxtalaşdırmalar aparılıb, Azərbaycanın tarixi isə təhrif olunub. Bu xülyalarla yaşayan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız və qanlı aksiyalar həyata keçiriblər. Bakıda başlanan bu vəhşiliklər qısa müddətdə Azərbaycanın digər bölgələrinə də yayılıb. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakıda davam edən bu qanlı hadisələr tarixə “Mart günləri” kimi düşüb. Onun sözlərinə görə, bolşeviklərin böyük dövlətçilik siyasətinin nəticəsi olan bu soyqırım əslində Azərbaycanda milli istiqlala qarşı yönəlmiş açıq sui-qəsd idi. Lakin sonradan erməni tərəfi bu hadisələri təhrif edərək guya bolşeviklərlə müsəlmanlar arasında hakimiyyət uğrunda mübarizə kimi təqdim etməyə çalışıb. Bu soyqırım təkcə Bakı ilə məhdudlaşmayıb. Aprel ayının ilk günlərindən etibarən qətliamlar Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də eyni qəddarlıqla davam etdirilib. Xüsusilə Şamaxıda törədilmiş kütləvi qırğınlar böyük faciə kimi yadda qalıb. Mövcud araşdırmalara əsasən, Şamaxının 72 kəndində 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib. 1918-ci ilin iyulunda yaradılmış Fövqəladə İstintaq Komissiyasının məlumatlarına görə, Şamaxı qəzasında 120 kənddən 86-sı hücumlara məruz qalıb. Sonrakı tədqiqatlar isə göstərir ki, Şamaxı şəhərində 14–16 min, ətraf kənd və obalarda isə 6–8 min nəfər öldürülüb, 18 mindən çox insan öz doğma yurd-yuvasından didərgin düşüb. Hadisələrin miqyasının tam şəkildə müəyyənləşdirilməsində müəyyən çətinliklər var. Belə ki, ilkin mənbələrin böyük hissəsi məhv edilib və tədqiqatlar hələ də davam etdirilir. Buna baxmayaraq, mövcud faktlar erməni silahlı dəstələrinin törətdiyi cinayətlərin miqyasını və qəddarlığını açıq şəkildə sübut edir. Deputat əlavə edib ki, bu faciələrə hüquqi-siyasi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. 1998-ci il 26 mart tarixli Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib və bu hadisələrə dövlət səviyyəsində adekvat qiymət verilib. Bu sənəd həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət qarşısında tarixi həqiqətlərin tanıdılması baxımından mühüm rol oynayır. Eyni zamanda, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il soyqırımının ən tutarlı sübutlarından biri hesab olunur. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamına əsasən Qubada Soyqırımı Memorial Kompleksinin yaradılması bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış mühüm addımlardandır. Kompleksin ekspozisiyasında 1918-ci ilin mart–iyul aylarında Bakı, Şamaxı, Quba, Cavad və Göyçay qəzalarında baş vermiş hadisələr geniş şəkildə əks olunub. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, 1918-ci ilin mart–iyul aylarında erməni silahlı dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törədiblər və beş ay ərzində 50 mindən çox insan bu vəhşiliyin qurbanı olub. Bu hadisələrin dərindən öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması Azərbaycan tarix elminin qarşısında duran mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyevin 2018-ci il 28 yanvar tarixli Sərəncamına əsasən, 1918-ci il soyqırımının 100 illiyi geniş şəkildə qeyd olunmuş, həm ölkə daxilində, həm də xaricdə silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər nəticəsində tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Tamam Cəfərova vurğulayıb ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qazandığı şanlı Qələbə ilə tarixi ədaləti bərpa edib. Bu Qələbə xalqımızın birliyinin, əzmkarlığının və mübarizə ruhunun bariz nümunəsidir. Bu gün Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının xatirəsini daim uca tutur və beynəlxalq ictimaiyyəti bu faciələrə obyektiv qiymət verməyə çağırır. 31 Mart faciəsi milli yaddaşımızın ayrılmaz hissəsidir və bizə birliyimizi qorumağın, dövlətçiliyimizi daha da möhkəmləndirməyin vacibliyini bir daha xatırladır. Soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onları hörmətlə anırıq. Millət vəkili Tamam Cəfərova belə deyib. Geri dön |