Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Tarixin qan yaddaşı:

Tarixin qan yaddaşı:


Bu gün, 10:28. Yazar: Semsi
Tarixin qan yaddaşı:

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri



"Tarix hər şeyi öz yerinə qoyur. Amma biz gərək tarixin hər səhifəsini vərəqləyək ki, gələcək nəsillər kimin kim olduğunu bilsinlər."
Ümummilli lider Heydər Əliyev

Tarix bəzən sadəcə rəqəmlərin soyuq statistikasından ibarət olmur; o, bir xalqın boğulmuş fəryadı, nəsillərin çəkdiyi iztirab və tapdanmış haqların sönməyən səsidir. Azərbaycan türklərinin son iki əsrlik taleyi, uydurma “Böyük Ermənistan” xülyası naminə yürüdülən sistematik soyqırımı və etnik təmizləmə siyasətinin ağrılı xronikasıdır. XIX əsrin əvvəllərindən etibarən əzəli torpaqlarımıza, mədəniyyətimizə və varlığımıza qarşı açılan bu görünməz müharibənin tək bir strateji hədəfi var idi: Türkün izini bu coğrafiyadan silmək.

XIX əsrdə Qarabağ və Zəngəzura köçürülən yad ünsürlərlə başlayan demoqrafik təcavüz, 1905-ci ilin qanlı küçə döyüşlərindən keçərək, 1918-ci ildə özünün ən vəhşi, insanlıqdan uzaq pik həddinə çatdı. 1918-ci ilin baharı Azərbaycan torpaqlarına çiçək ətri ilə deyil, barıt və ölüm qoxusu ilə qədəm qoydu. Martın 30-da Bakı səmalarını bürüyən qara tüstü bir millətin taleyinə vurulan silinməz dağ idi. Bakı Sovetinin mandatı altında birləşən daşnak-bolşevik dəstələri, şəhərin müsəlman məhəllələrini qan gölünə çevirdilər. 10 minlik nizamlı qatil ordusu qarşısında silahsız qalan qocalar, qadınlar və beşiyindəki körpələr amansızlıqla qılıncdan keçirildi. Şəhərin memarlıq incisi sayılan "İsmailiyyə" binasının alovlar içində yanması təkcə bir mülkün deyil, bir xalqın tarixi kimliyinin məhv edilməsi cəhdi idi.

O günlərin canlı şahidləri Xəzərin sahillərinin günlərlə meyitlərlə dolu olduğunu, torpağın altından gələn iniltilərin kəsilmədiyini qan donduran xatirələrlə nəql edirdilər.
Soyqırımı coğrafiyası Bakı ilə məhdudlaşmırdı. Şamaxıda 86 kənd odlara qalandı, məscidə sığınan çarəsiz insanlar diri-diri yandırıldı. Qubada isə insanlığın mənəvi iflası yaşanırdı; 2007-ci ildə təsadüfən üzə çıxan kütləvi məzarlıqdakı kəllə sümükləri — güllə ilə deyil, başlarına iri mismarlar vurularaq öldürülən insanlar — erməni faşizminin ən çılpaq və qorxunc simasıdır. Bu, sadəcə bir müharibə itkisi deyil, nifrətin ən eybəcər forması idi.
Faciənin izləri İrəvan quberniyasına qədər uzanırdı. 1918-ci ildə 135 min soydaşımız öz ocağında qətlə yetirildi, Zəngəzurda 115 kənd yer üzündən silindi. Hətta erməni müəllifləri Yervand Lalayan və Qaregin Muradyan öz etiraflarında bu kəndlərdəki "sarsıdıcı sakitliyi" — yəni tamamilə məhv edilmiş həyatları gizlədə bilməmişdilər.

Onilliklər boyu sovet ideologiyasının sükut pərdəsi arxasında gizlədilən bu həqiqətlərin üzərindən zamanın tozunu Ulu Öndər Heydər Əliyev sildi. 1998-ci il martın 26-da imzalanan tarixi Fərmanla bu qanlı cinayətə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Bu gün həmin yol Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Quba Memorial Kompleksinin ucaldılması və arxiv sənədlərinin dünya dillərinə tərcümə olunaraq yayılması, saxta erməni təbliğatına endirilən sarsıdıcı zərbə oldu. Dövlət başçısı hər beynəlxalq tribunada bəyan edir ki, Bakıdan Zəngəzura, İrəvandan Qarabağa qədər törədilən bu qırğınlar vahid mərkəzdən idarə olunan sistemli dövlət cinayətidir.

...Bu gün Azərbaycan xalqı 31 Mart qurbanlarını artıq "məzlum xalq" statusunda deyil, ərazi bütövlüyünü tam bərpa etmiş qalib bir millət kimi anır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər həm də 1918-ci ildə süngüyə taxılan körpələrin, quyulara doldurulan günahsız insanların ruhunun dincəlməsi idi. Cənab Prezident İlham Əliyevin dəmir iradəsi ilə bərpa olunan tarixi ədalət sübut etdi ki, bizim qan yaddaşımız bizi sarsıtmaq üçün deyil, gələcəyə daha güclü addımlamaq üçün var.

"Biz heç vaxt imkan verə bilmərik ki, bizim tariximiz təhrif olunsun. Biz tariximizi olduğu kimi bilməli və gələcək nəsillərə ötürməliyik", - Prezident İlham Əliyevin bu tövsiyəsi bu gün hər birimiz üçün fəaliyyət proqramıdır.
Biz unutmuruq ki, sarsılmaz milli birlik və qüdrətli dövlət modeli gələcək faciələrin qarşısındakı yeganə aşılmaz sipərdir. 31 Mart təkcə bir kədər günü deyil, həm də birliyimizin və sarsılmaz iradəmizin simvoludur.
Geri dön