Ana Sayfa > Karusel / Manşet / Özəl / Təhsil / Qərbi Azərbaycan > “101 Ağbabalı”: Tarixin yaddaşından gələcəyin quruculuğuna:

“101 Ağbabalı”: Tarixin yaddaşından gələcəyin quruculuğuna:


22-03-2026, 10:25. Yazar: sevinc1
“101 Ağbabalı”: Tarixin yaddaşından gələcəyin quruculuğuna:

Müəllimlik – bəşəriyyətin ən ali, ən qədim və ən müqəddəs peşəsidir. Bu, sadəcə bir ixtisas deyil, ruhun tərbiyəsi, gələcəyin memarlığı və qaranlıq zülmətlərə nur saçan bir fədakarlıq missiyasıdır. Əsl müəllim olmaq – şagirdin qəlbində silinməz izlər qoymaq, onun təfəkkürünü cilalamaq və şəxsiyyətini bütövləşdirmək deməkdir. Dahi Sokrat deyirdi: "Dünyada hər şeyə dəyər biçmək mümkündür, lakin müəllimin əsərinə qiymət qoyulmaz." Bu elə bir zirvədir ki, onun bəhrəsi cəmiyyətin saflığında, dövlətin qüdrətində və nəsil-nəsil ötürülən mənəvi dəyərlərdə özünü büruzə verir.

Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev müəllim nüfuzunu hər şeydən uca tutaraq deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəsi vardır." Məhz belə bir uca missiyanı çiyinlərində şərəflə daşıyan, ömrünü elmə və vətənpərvər nəsil yetişdirilməsinə həsr edən ziyalılardan biri də Vahid Əziz oğlu Xəlilovdur.


Onun ömür yolu 1956-cı ilin o bərəkətli sentyabr günü Elləroyuğu kəndində dünyaya göz açanda başlasa da, bu taleyin kökləri Ağbaba və Şörəyeldə məşhur olan "Gümrülülər" tayfasının sarsılmaz irsində dayanır. Əslən Gümrü şəhərindən olan bu nəcabətli tayfanın da başı çox bəlalar çəkmişdir. Hazırda Rusiyanın 302-ci diviziyasının yerləşdiyi məşhur hərbi baza vaxtilə Vahid müəllimin babası Abbas ağanın şəxsi mülkü olmuşdur. "Balkonlar" adlanan həmin geniş ərazidə Abbas ağanın əzəmətli mal tövlələri yerləşirdi. Lakin Sovet hökumətinin gəlişi bu tayfanı da didərgin saldı; erməniləri Gümrüyə yerləşdirmək üçün müxtəlif bəhanələrlə Abbas ağanın övladları Ağbabaya, ən ucqar kənd olan Elləroyuğuna sürgün edildi. İllərlə çəkilən zəhmət hesabına yığılmış var-dövlət bir gecədə əllərindən alınsa da, bu zəhmətkeş nəsil sarsılmadı. Necə ki, dahi Uinston Çerçill deyirdi: "Uğur son deyil, uğursuzluq da ölümcül deyil; əsas olan davam etmək cəsarətidir." Bu nəsil yenidən özünə gəlməyi bacardı, yeni ev-eşik və təsərrüfat qurdu. Ataları Əziz kişi böyük fədakarlıqla bütün övladlarına ali təhsil verdi. Bu övladlardan ikisi – Vahid müəllim və böyük qardaşı Uğurlu müəllim məhz tarixçi kimi yetişdilər və uzun illər boyu gənc nəslə tarix fənnini sevə-sevə öyrətdilər.


Vahid müəllim təkcə bir pedaqoq deyil, o, qardaşları – Uğurlu Abbasov, mərhum professor Buludxan Xəlilov və şair-publisist Zahid Əziz ilə birlikdə bütöv bir nəsil üçün sarsılmaz örnək olan mənəviyyat məktəbinin nümayəndəsidir. Bu qardaşların hər biri öz fəaliyyəti ilə Azərbaycanın elmi, ədəbi və ictimai fikir tarixində silinməz izlər qoymuş, hər zaman dövlətin və millətin mənafeyini hər şeydən uca tutmuşlar. Vahid müəllim bu gün həm də öz qardaşı Buludxan müəllimin o uca elmi missiyasını böyük bir sədaqətlə yaşadır, inkişaf etdirir və bu ziyalı ailəsinin işığını gələcək nəsillərə ötürür. Bu qardaşlar həmişə dövlətçilik təfəkkürü ilə yaşamış, yaratmışlar və onların bütün fəaliyyəti bütöv bir nəslə nümunədir.


Adolf Disterveq yazırdı: "Pis müəllim həqiqəti sadəcə təqdim edir, yaxşı müəllim isə onu tapmağı öyrədir." Vahid müəllim də məhz o yaxşı müəllimlərdəndir ki, 1980-ci ildə Amasiyanın Çivinli kəndində başladığı bu yolu Bakının ən nüfuzlu məktəblərinə qədər ucaltmışdır. 1963-cü ildə Elləroyuğu kəndində məktəbə qədəm qoyan, 1973-cü ildə Güllücədə orta təhsilini tamamlayan Vahid müəllimin yolu, 1974-1976-cı illərin şərəfli ordu xidmətindən keçərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qədər ucalır. 1982-ci ildə bu elm məbədini bitirdikdən sonra o, pedaqoji fəaliyyətini sürətlə inkişaf etdirmiş, "Maarif əlaçısı" və "Baş müəllim" adlarına layiq görülmüşdür. 2004-2023-cü illərdə rəhbərlik etdiyi 159 nömrəli məktəbdə qazanılan beynəlxalq olimpiada medalları onun direktorluq dövrünün qızıl səhifələridir.


Tarix üzrə fəlsəfə doktoru olan Vahid müəllim üçün Aristotelin bu sözləri bir həyat qayəsidir: "Övladlarını yaxşı tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha çox hörmətə layiqdirlər; çünki valideynlər yalnız həyat verir, müəllimlər isə yaxşı yaşamaq sənətini öyrədirlər." Bu gün Vahid Xəlilov təkcə bir təhsil işçisi deyil, həm də 2024-cü ildə layiq görüldüyü "Vətən Naminə" medalı ilə dövlətçiliyə sadiqliyini təsdiq edən bir ictimai xadimdir.
Vahid müəllim hazırda təqaüddə olsa da, onun qəlbindəki xidmət atəşi zərrə qədər də sönməyib; o, öz müqəddəs ictimai missiyasını eyni şövqlə, eyni əzmlə davam etdirir. O, yorulmadan Nəsimi rayonunun ictimai həyatında fəal iştirak edir, öz zəngin təcrübəsi və müdrikliyi ilə cəmiyyətin mənəvi sütunlarından birinə çevrilir. Çünki əsl ziyalı üçün təqaüd sadəcə rəsmi bir statusdur, onun xalqa xidməti isə son nəfəsədək davam edən şərəfli bir ömür yoludur. Hazırda o, 21 saylı Nəsimi-Binəqədi Dairə Seçki Komissiyasının üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü və Nəsimi Rayon İcra Hakimiyyətində İctimai Şuranın üzvü kimi fəaliyyətini qürurla davam etdirir. Eyni zamanda, Qərbi Azərbaycan İcmasında ziyalılar üzrə koordinator kimi çalışan bu böyük insan, öz nəslinin sarsılmaz iradəsini bu gün də yaşadır. Üç ali təhsilli övlad atası olan Vahid müəllim, hər gün yeni bir enerji ilə xalqı üçün vuruşan əsl ustad müəllim və el ağsaqqalıdır.


Sonda qeyd etmək yerinə düşər ki, Vahid Xəlilovun ömür yolu sadəcə bir bioqrafiya deyil, sarsılmaz iradənin, köklərə bağlılığın və bitmək bilməyən vətən sevgisinin təcəssümüdür. O, Gümrünün qədim mülklərindən Elləroyuğunun uca dağlarına, oradan isə paytaxtın elm və ictimaiyyət tribunalarına qədər uzanan bu şərəfli yolu hər zaman alnıaçıq, üzüağ keçmişdir. Bu gün onun əkdiyi elm ağacları minlərlə gəncin düşüncəsində meyvə verir, onun dövlətçilik amalı isə yetişdirdiyi övladların simasında gələcəyə daşınır. Nə qədər ki, Azərbaycanın Vahid müəllim kimi mənəviyyat fədailəri, sönməz enerjili el ağsaqqalları var, bizim elmimiz də, mədəniyyətimiz də, dövlətçilik ənənələrimiz də hər zaman uca olacaqdır. Çünki o, keçmişin mirasını bu günün zəfərləri ilə birləşdirən, adı hörmətlə, əməli isə minnətdarlıqla anılan əsl xalq ziyalısıdır.



Şəmsi Qoca
Geri dön