Ana Sayfa > Karusel / Manşet / Özəl / Yazar4 > SƏMƏD VURĞUN:

SƏMƏD VURĞUN:


22-03-2026, 08:44. Yazar: sevinc1
SƏMƏD VURĞUN:


Zaman-zaman mətbuatın müxtəlif səhifələrində Azərbaycan şeirinin nəhəng çinarı, xalq ruhunun tərcümanı Səməd Vurğuna qarşı yönəlmiş qərəzli kampaniyaların, əsassız ittihamların şahidi oluruq. Təəssüf doğuran məqam budur ki, bəzi müəlliflər bu böyük və qüdrətli sənətkarın sənətkarlıq xüsusiyyətlərini, dünya ədəbiyyatı ilə boy ölçüşən poetik dühasını bir kənara qoyur, onun yaradıcılığının üstündən sükutla keçirlər. Bunun əvəzində isə repressiya illərinin qanlı kölgəsini şairin şəxsiyyəti üzərinə salmağa çalışaraq, guya onun "yaltaqlıq etdiyi", qələm yoldaşlarına "satqınlıq etdiyi" haqqında heç bir sənədə söykənməyən uydurmalar və nağıllar tirajlayırlar. Lakin tarix nə qədər təhrif olunsa da, arxivlərin dili və vicdanlı şahidlərin səsi bu qaranlığı dağıtmağa qadirdir.

Səməd Vurğunun guya repressiya illərində qələm yoldaşlarını satması haqqında uydurulan çirkin iftiralar bu gün birbaşa faktlarla təkzib olunur. Bu məsələdə ən kəsərli və mötəbər sözü vaxtilə respublikanın baş prokuroru olmuş, hüquq dünyasının nüfuzlu siması rəhmətlik İlyas İsmayılovun şahidliyi deyir. İlyas müəllim arxivlərin dili ilə bəyan edirdi: "Mən o dövrün arxiv sənədlərini bir-bir, vərəq-vərəq oxumuşam və Səməd Vurğunun satqınlığına dair bircə kəlməyə də rast gəlməmişəm." Respublikanın baş prokuroru səviyyəsində verilən bu rəy hər bir şübhəni darmadağın edir. Əksinə, həmin sənədlər və canlı xatirələr sübut edir ki, Vurğun o müdhiş qorxu mühitində nəinki heç kimi satmamış, hətta həbs olunan qələm dostlarının kimsəsiz qalmış ailələrinə, yetim qalmış övladlarına gizli şəkildə maddi və mənəvi yardım əlini uzatmışdır. İnsanlıq sınağından belə şərəflə çıxan bir sənətkara "xain" damğası vurmaq, ən azından həmin arxiv sənədlərinin və tarixin qarşısında kor olmaqdır.



Repressiya illərini bəsitləşdirib bir neçə şairin üzərinə yıxmaq cəhdi metodoloji bir yanlışlıqdır. Bu, Stalinizm adlı nəhəng bir maşının hər kəsi əzdiyi, təkcə ziyalıları deyil, fəhləni, kolxozçunu, sıravi insanı da yox etdiyi qlobal bir fəlakət idi. Səməd Vurğunun sağ qalması onun satqınlığı deyil, sənətinin qüdrətinin və taleyinin onu bu girdabdan qoruması idi. Unutmaq olmaz ki, şairin özü də həmin dövrdə dəfələrlə hədəfə alınmış, haqqında dosyelər hazırlanmış, Mir Cəfər Bağırovun qarşısındakı "güllələnmə siyahıları"na daxil edilməsi üçün cəhdlər olunmuşdu. O, hər gününü ölüm qorxusu ilə yaşayan, lakin bu qorxu içində belə Azərbaycan dilinin saflığını qoruyan bir qəhrəman idi.

Azərbaycan poeziyasının göy üzündə Səməd Vurğun imzası sönməz bir ulduz, sarsılmaz bir zirvə kimi ucalmaqdadır. O, sadəcə misraları ard-arda düzən bir nəzm ustası deyil, xalqın minillik ağrılarını, sevincini və ruhunu bir süzgəcdən keçirib, onu sözün möcüzəsinə çevirən bir sehrkar idi. Vurğun sənəti Azərbaycan torpağının nəfəsi, çöllərinin ətri, dağlarının vüqarıdır. Onun qələmi toxunduğu hər kəlməni canlandırır, hər düşüncəni əbədiyyət nəğməsinə çevirirdi. Səməd Vurğun Azərbaycanın həm keçmişi ilə nəfəs alan, həm də gələcəyinə boylanan mənəviyyat körpüsüdür. O, sözün elə bir məqamına ucalmışdır ki, orada zamanın toz-torpağı aciz qalır, yalnız ruhun saflığı və həqiqətin nuru parlayır.

Səməd Vurğunun Azərbaycan dili qarşısındakı xidmətləri əvəzsizdir. O, dilimizi ərəb-fars tərkibli ağır qəliblərdən, o dövrün quru ideoloji şablonlarından təmizləyərək, onu bulaq suyu kimi durultdu. Görkəmli dilçi alimlərimiz və ədəbiyyatşünaslarımız (məsələn, akademik Məmməd Arif, rəhmətlik Bəkir Nəbiyev) vurğulayırdılar ki, Vurğun Azərbaycan türkcəsini "modernləşdirməyən", onu öz kökünə qaytararaq zirvəyə qaldıran sənətkardır.
Şairin dilə qayğısını sübut edən ən böyük fakt onun "Vaqif" dramıdır. Bu əsərdə şair saray dili ilə xalq dilini qarşı-qarşıya qoyur və Vaqifin dili ilə sübut edir ki, xalqın dili qılıncdan kəsərli, daşdan möhkəmdir.

"Harda olsam, dildə adım, ağızda dadım var mənim,
Xalqımdan başqa nə arzum, nə də bir adım var mənim!"
deyən şair, dili milli kimliyin əsası hesab edirdi. O, kəndli çobanın sözünü, ananın laylasını poeziyanın mərkəzinə gətirdi. Onun sayəsində Azərbaycan dili elmi və fəlsəfi fikri ifadə edə biləcək qədər elastik və qüdrətli bir formaya çatdı.
Səməd Vurğun sənətkarlığı Azərbaycan dilini sovet ideologiyasının quru qəliblərindən xilas edib, onu xalqın təfəkkürünə, dağların havasına və çayların səsinə qaytaran bir möcüzədir. Onun poetik dili elə bir rəvanlığa malikdir ki, hər bir azərbaycanlı onun misralarında öz ruhunu tapır.
"Eşqim, sənətimdir bu ana vətən,
Gəlsin bu dünyada min-min əsrlər,
Qoymıram toz qona könlümə səndən..."
deyən şair, əslində ölkənin daxili pasportunu yazmışdı. Onun "Vaqif" dramı ilə tariximizi canlandırması, milli keçmişimizə verdiyi bədii nəfəs onu ədəbiyyatımızın sarsılmaz zirvəsi edir. Vurğunun realizmi quru fakt deyil, ruhun canlanması idi. Bəziləri onu ucaltmaq üçün digər repressiya qurbanlarını kiçiltməyə çalışır, lakin Vurğun özü buna heç vaxt yol verməzdi. Müşfiqin incəliyi, Cavadın istiqlal eşqi və Vurğunun Azərbaycan sevdası eyni mənəvi çinarın ayrılmaz budaqlarıdır.

Səməd Vurğun və Azərbaycan dili ayrılmaz bir bütövdür. O, dilimizi qorudu, zənginləşdirdi və onu gələcək nəsillərə bir mənəvi miras kimi qoydu. Onun poeziyasının fəlsəfi qatları isə hələ çox nəsilləri düşündürəcək, ruhumuzu saflaşdıracaq. Şairin sənətkarlığı qarşısında sükutla keçənlər yanılırlar; çünki Vurğun susmur, o hər gün dilimizdə, düşüncəmizdə və "Azərbaycan" deyən hər bir kəlmədə yenidən doğulur.



Səməd Vurğunun poeziyası fəlsəfi dərinliyi ilə insanı heyrətə salır. Onun dünyanı dərk etməsi və bəşəri duyğuları:
"Dünya elə dünyadır, yarandığı tək,
Min-min insan gəlir, gedir hər zaman.
Yalnız insanlığın adı qalacaq,
Bu qoca dünyadan, ulu dünyadan!"
deyən sənətkarın qəlbi heç vaxt xəyanətə bulaşa bilməzdi. Çünki xəyanət yolu ilə belə bir mənəvi ucalığa çatmaq, belə böyük sənət yaratmaq fiziki və mənəvi cəhətdən imkansızdır. Böyük şeir yalnız böyük və təmiz ruhdan süzülüb gələ bilər.
Burada şair Platonun "ideya"ları ilə Şərqin "məna" fəlsəfəsini birləşdirir. Maddi olan hər şeyin (kralların, taxt-tacların, hətta fəsillərin) keçiciliyini qeyd edərək, yalnız "İnsanlıq" anlayışının zamandan kənar olduğunu vurğulayır.
Vurğunun təbiət fəlsəfəsi passiv bir heyranlıq deyil. O, təbiətdən ibrət götürürdü. "Dağlar" şeirindəki ucalıq fəlsəfəsi, "Muğan"dakı həyat eşqi, təbiətin insanın iç dünyası ilə harmoniyası onun panteist (Tanrını təbiətdə görən) düşüncəsinin məhsuludur. O, çiçəyin açmasında da, ulduzun sönməsində də bir qanunauyğunluq, bir "ulu hikmət" görürdü.



Səməd Vurğun poeziyasında tərəddüdsüz deyə bilərik ki, dərin bir pantexistik və humanist fəlsəfə dayanır. Onun üçün kainat hərəkətdə olan nəhəng bir varlıqdır və insan bu varlığın ən ali zirvəsidir. Şairin fəlsəfəsində insan öz kiçikliyini dərk etdikcə böyüyür.
Onun "Zamanın qatarı"ndakı baxışı həm həzin bir kədər, həm də böyük bir müdriklik ehtiva edir. O, zamanı geri dönməz, lakin iz qoymaq mümkün olan bir axın kimi görürdü:
"Şair, nə tez qocaldın sən..." Bu məşhur misra şairin öz fiziki ömrü ilə yaradıcılıq enerjisi arasındakı fəlsəfi toqquşmanın nəticəsidir. O, qocalığı bir bitiş kimi deyil, kainatın sirlərinə daha yaxın olmaq mərhəməti kimi dərk edirdi.

Səməd Vurğun poeziyasının fəlsəfi dərinliyi bizi ona gətirir ki, sənətkar yalnız öz dövrü üçün yazmır. O, minilliklərin o üzündən gələn suallara öz dilimizdə cavab verirdi. Onun şairliyi dilimizin qeyrətini çəkmək, fəlsəfəsi isə insanı öz ucalığına inandırmaq idi. Odur ki, Vurğunun sənəti qarşısında sükutla keçənlər deyil, onun hər misrasını bir həyat dərsliyi kimi oxuyanlar həqiqəti tapacaqlar. O, Azərbaycanın əbədi nəfəsidir və bu nəfəs hər bir azərbaycanlının qəlbində döyünməyə davam edəcək.


Səməd Vurğun haqqında uydurulan nağıllar gec-tez tarixin arxivlərində külə dönəcək. Lakin onun Azərbaycan dili üçün etdikləri, xalqın mənəviyyatına qatdığı işıq əbədi qalacaq. İlyas İsmayılov kimi hüquq və vicdan adamlarının şahidliyi bütün iftira divarlarını yerlə-yeksan edir. Səməd Vurğun dünənimizdə var idi, bu günümüzdə yaşayır və gələcəyimizdə də hər bir yeni nəslin dili ilə "Azərbaycan" deyib hayqıracaq. Onu inkar etmək, əslində öz mənəviyyatımızı və milli kimliyimizi inkar etməkdir.


Şəmsi QOCA
Geri dön