Ana Sayfa > Karusel / Manşet / Gündəm / Ölkə / Özəl / Yazar4 > Novruz, yoxsa Ərgənəkon?

Novruz, yoxsa Ərgənəkon?


20-03-2026, 09:30. Yazar: sevinc1
Novruz, yoxsa Ərgənəkon?

Tarixin elə qatları var ki, orada əfsanə ilə həqiqət bir-birinə qovuşur, millətin taleyi bir dastanın misralarında gizlənir. Bu gün hər birimizin ocaq başında qarşıladığı baharın arxasında sadəcə təbiətin oyanışı deyil, həm də Türkün dirçəliş dastanlarından olan Ərgənəkon dayanır. Bilməyənlər üçün xatırladaq ki, qədim türklər böyük bir məğlubiyyətdən sonra ətrafı keçilməz dağlarla əhatə olunmuş bir dərəyə — Ərgənəkona sığınanda, onlara çıxış yolunu göydən gələn bir nişanə, ulu bir bələdçi olan Boz qurd göstərmişdi. Dörd yüz il boyu o dar dərədə güc toplayan, çoxalan türklər dünyaya sığmaz olanda, qarşılarında dayanan həmin o sıldırım dəmir dağları əritmək üçün yetmiş yerdə nəhəng körüklər qurdular. Dəmirçi ocağının hərarəti dağı əridib keçid açanda, ulu bələdçi Boz qurd yenidən zahir oldu və türk xalqını həmin o dar dərədən çıxararaq dünyaya, azadlığa və yeni dövlətçilik erasının başladığı o böyük düzənliyə apardı. Məhz martın 21-i, baharın gəlişi ilə eyni vaxta düşən həmin o xilas günü Türkün həm də yeni ilinin, yeni təqvimin başladığı gündür.

Bu ulu hadisə sadəcə bir köç deyil, Türkün sarsılmaz törəsinin — əsarətə boyun əyməyən, hər zaman hürriyyətə can atan mənəvi qanunlarının təntənəsi idi. Ərgənəkon Türk üçün bir məktəb idi; orada polad döyməyi, oda hökm etməyi və bir bələdçinin — Boz qurdun ardınca vahid bir güc kimi getməyi öyrəndilər. Bu gün də Altaydan Anadoluya, Sibirdən Qafqaza qədər bir çox türk xalqlarının adət-ənənələrində bayramın sırf Ərgənəkonla bağlı elementləri bütün canlılığı ilə yaşamaqdadır. Məsələn, bəzi türk boylarında hələ də bayram günü bir parça dəmiri odda qızdırıb örs üzərində döyürlər. Bu, sadəcə simvolik bir hərəkət deyil, dəmir dağları əridən o böyük iradənin nəsillər boyu ötürülən fiziki yaddaşıdır. Tuva türklərindən tutmuş yakutlara qədər ulu inanclarda bahar sadəcə çiçəklərin açması deyil, "Dəmirçilər bayramı" — poladın və ruhun bərkiməsi kimi qeyd olunur.
Zaman keçdikcə, türklər o dar dərələrdən çıxıb geniş coğrafiyalara yayıldıqca, oturaq həyata keçid və İslam mədəniyyəti ilə qaynayıb-qarışma prosesi bu qədim bayramın adında və bəzi rituallarında dəyişikliklər yaratdı. Niyə zamanla "Novruz" adı "Ərgənəkon" və ya "Yenigün" ifadələrini üstələməyə başladı? Bunun əsas səbəbi İpək Yolu üzərində qurulan böyük imperiyaların ortaq mədəniyyət dili yaratmaq istəyi idi. Fars dilində "Yeni gün" mənasını verən "Novruz" kəlməsi daha çox təbiətin, əkin-biçin mövsümünün başlanğıcını simvolizə etdiyi üçün geniş yayılmışdı. Oturaq həyat tərzi torpağa bağlılığı ön plana çıxardı və bayramın "təbiət oyanışı" tərəfi, "milli xilas" tərəfini sanki bir qədər kölgədə qoydu. Lakin ad dəyişsə də, ruh dəyişmədi; biz hələ də tonqal üzərindən atılırıqsa, bu, həmin o dəmir dağı əridən ocağın istisidir. Biz hələ də yumurta döyüşdürürüksə, bu, kainatın və yeni həyatın yaranışının qədim türk kosmoqoniyasındakı əksidir.

Kainatın boyanmış rəsmi: yumurta və həyat ağacı


Türk kosmoqoniyasında Həyat ağacı və yumurta rəmzi bir-birini tamamlayan elə bir sarsılmaz zəncirdir ki, onlar kainatın həm yaranışını, həm də əbədi dövranını ifadə edir. Həyat ağacı, yəni "Ulu Kayın" və ya "Bayterek", göylə yerin nikahından doğulan, kökü keçmişə, zirvəsi isə Tanrı qatına uzanan mənəvi bir dayaqdır. Bizim qədim xalçalarımızın ilmələrində, xüsusən də "Həyat ağacı" çeşnilərində bu ağac çox vaxt iki əjdaha və ya iki quş tərəfindən qorunan şəkildə təsvir olunur. Bu təsvir əslində kainatın ikili təbiətini — xeyirlə şərin, gecə ilə gündüzün daimi mübarizəsini və bu mübarizədən doğan balansı simvolizə edir. Xalça üzərindəki hər bir budaq bir nəsli, hər bir yarpaq isə bir insan ömrünü təmsil edərək, xalqın yaddaşını əsrlərdən-əsrlərə daşıyır.
Yumurtanın Novruz və Ərgənəkon fəlsəfəsindəki yeri isə daha dərin, kosmoqonik bir başlanğıca söykənir. Qədim türklərin və bir çox ulu xalqların yaradılış dastanlarında kainatın bir "Kainat yumurtası"ndan yarandığına inanılır. Bu inanca görə, yumurtanın qabığı göy üzünü, ağı atmosferi və ayı, sarısı isə dünyanı və günəşi təmsil edir. Yumurtanın boyanması əslində kainatın rənglənməsi, xaosdan nizamın doğulması deməkdir. Biz Novruzda yumurta döyüşdürəndə fərqində olmadan kainatın o ilk çatlama anını — yəni donmuş sükunətin pozulub həyatın başlamasını təkrar edirik. Yumurtanın sınması köhnə ilin, yəni qışın bitməsini və içindən yeni bir həyatın, baharın çıxmasını simvolizə edir. Bu, Ərgənəkonda dəmir dağın yarılıb türkün azadlığa çıxması ilə eyni məntiqdir; hər iki halda bir qabıq qırılır və yeni, daha geniş bir dünya bəşəriyyətə və millətə qucaq açır.

Beləliklə, xalçalarımızdakı o "Həyat ağacı" naxışı ilə süfrəmizdəki o rəngli "kainat yumurtası" əslində eyni bir fəlsəfənin fərqli dillərdə ifadəsidir. Hər ikisi bizə xatırladır ki, həyat sönməzdir, o hər dəfə öz qabığını qırıb, öz kökləri üzərində yenidən boy atmağa qadirdir. Türkün törəsində bu rəmzlər həm də dövlətçilik inancının tərkib hissəsidir; necə ki, ağacın kökü möhkəm olmalıdır, eləcə də dövlətin kökü xalqın birliyində və ocağın sönməzliyində olmalıdır. Yumurta həm də məhsuldarlıq, ruzi-bərəkət deməkdir və onun bayram süfrəsinin mərkəzində olması gələcək ilin bol-bərəkətli keçəcəyinə olan inamın ifadəsidir.

Zamanın sınağından keçmiş və xalqın yaddaşında poladlaşmış bir həqiqətdir ki, dünyada çox az bayram öz qədimliyini və canlılığını bu iki dəyər — Novruz və Ərgənəkon — qədər qoruya bilib. Novruz torpağın donunu açanda təbiət nəfəs alırsa, Ərgənəkonun o müqəddəs odu alovlananda bir millətin tarixi taleyi yenidən yazılır. Dəmirçi ocağında qızaran o ilk parça metal əsarətin buzlarını əridən günəşin yer üzündəki zərrəsi, qarşımızda addımlayan Boz qurd isə hürriyyətə açılan yolun sönməyən ulduzudur. Bədii təfəkkürümüzdə bahar sadəcə çiçəklərin açması deyil, həm də haqqın və ədalətin yerini tapmasıdır. Təbiət oyananda torpağın altında gizlənən hər bir toxum işığa doğru boylandığı kimi, Türkün ruhu da hər çərşənbədə, hər bayramda öz ulu keçmişinə doğru bir addım da yaxınlaşır.

Ruhun oyanışı: hürriyyətə doğru


Analitik bir baxışla yanaşsaq, görərik ki, Novruz təbiətin, Ərgənəkon isə hürriyyətin bayramıdır. Bu iki güc birləşəndə ortaya sönməyən bir məşəl, tükənməz bir ömür çıxır. Novruz süfrəsinə qoyulan hər bir nemət torpağın bizə verdiyi ruzidirsə, tarixin bizə açdığı yolda Boz qurdun bələdçiliyi millətin sarsılmaz iradəsidir. İnsan öz mənəvi dar dərəsindən çıxmadıqca, baharın gəlişi sadəcə təqvim dəyişikliyindən başqa bir şey deyildir. Bizim hər birimiz bu gün o dəmirçi çəkicini xəyalən əlimizə almalı və taleyimizdəki həsrət dağlarını, qarşımızdakı bütün əngəlləri o böyük inamla döyüb əritməliyik. Çünki Türkün yolu hər zaman işığa, azadlığa və ucalığa doğrudur.

Bu yaradılış fəlsəfəsinin ən kamil tərəfi odur ki, türkün kosmoqonik yaddaşında dünya hər il baharın gəlişi ilə sanki yenidən doğulur. Türk təfəkküründə odun (atəşin) yaradıcı və təmizləyici gücü məhz bu yaradılış prosesinin davamıdır; ocağın sönməməsi kainatın nəfəs alması deməkdir. Dastanlarımızda qeyd olunan "yerin göbəyi" anlayışı və ulu dağların göylə yeri birləşdirən bir körpü rolunu oynaması, türkün hər zaman ucalığa, yəni Göy Tanrıya can atmasının rəmzidir. İnsanın yaradılışında suyun, torpağın və odun iştirakı onu kainatın kiçik bir modelinə çevirir. Bu səbəbdən türkün bayramları və ritualları sadəcə əyləncə deyil, kainatın ilkin nizamını xatırlamaq, ruhu o ilahi ahənglə yenidən kökləmək mərasimidir. Biz hər il martın 21-də əslində kainatın yaradılış anını, xaosun nizam üzərindəki qələbəsini və insanın öz mənəvi köklərinə qayıdışını bayram edirik.

Qoy bu müqəddəs günlər həm qəlbimizdəki səmimiyyəti, həm də milli iradəmizi həmin o dəmir dağları əridən hərarətlə qızdırsın. Ulu bələdçimiz Boz qurdun yol göstərdiyi o ulu babalarımızın ruhu bu gün tonqal başındakı hər birimizə bir səs olsun: ruhun oyanışı təbiətin oyanışından daha qüdrətlidir. Yolumuz hər zaman işıqlı, örsümüz möhkəm, ocağımız isə həmişə gur olsun.
Bayramımız, qurtuluşumuz və dirçəlişimiz mübarək!



Şəmsi QOCA
Geri dön