Ana Sayfa > Gündəm > Bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə xəstəxana tikilir
Bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə xəstəxana tikilir8-03-2017, 12:44. Yazar: admin |
Martın 7-də Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunacaq Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməlqoyma mərasimi keçirilib. Heydər Əliyev Fondundan verilən məlumata görə, mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kotor Varoş şəhərinin meri Zdenko Sakan, merin müavini Mladen Trivunoviç, Bələdiyyə Assambleyasının prezidenti İbrahim Paliç, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç, Azərbaycanın bu ölkədəki diplomatik korpusunun əməkdaşları, Bosniya və Herseqovinanın Prezident Administrasiyasının bir sıra rəhbər şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən A. Ələkbərov iştirakçılara Azərbaycanın birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər təmir və bərpa edilib, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilib. A. Ələkbərov bildirib ki, Bosniya və Herseqovina Azərbaycanla dost ölkədir və hər iki ölkə arasında dərin qarşılıqlı münasibətlər mövcuddur. Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır. Kotor Varoş şəhərinin meri Z. Sakan və Səhiyyə Mərkəzinin direktoru V. Bibiç Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq bu gün Kotor Varoş şəhərində təməli qoyulan Təcili Tibbi Yardım Mərkəzinin yerli əhali üçün əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin Heydər Əliyev Fonduna bir sıra sosial və səhiyyə yönümlü layihələrin reallaşdırılması ilə bağlı müraciəti əsasında Kotor Varoş şəhərində Səhiyyə Mərkəzinin nəzdində istifadəyə yararsız olan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşası haqqında qərar qəbul edilib. 2017-ci ilin yanvar ayında Təcili Tibbi Yardım Mərkəzinin inşası ilə bağlı Heydər Əliyev Fondu, Kotor Varoş şəhərinin meriyası və Səhiyyə Nazirliyi arasında müqavilə imzalanıb. Əldə olunan razılığa əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə iki mərtəbədən ibarət yeni binanın inşası və Təcili Tibbi Yardım Mərkəzinin lazımi avadanlıqla təmin olunması nəzərdə tutulub. Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməli qoyulub. Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Təməlqoyma mərasimindən sonra Sarayevo şəhərində Heydər Əliyev Fondunun icraçı direktoru A. Ələkbərov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç ilə görüşüb. Görüşdə Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verilib, Rəyasət Heyətinin sədri Bakıda keçiriləcək forumlarda bundan sonra da fəal iştiraka dəvət edilib. Mladen İvaniç Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə də maraqlanıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Təcili Yardım Mərkəzinin yeni binasının inşası layihəsinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib. Azərbaycanla qurulan dostluq və əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edən M.İvaniç ölkəmizin Avropaya inteqrasiya etməsini, tolerant ölkə kimi bütün dünyaya açıq olmasını yüksək qiymətləndirib. AİA.az Geri dön |