Ana Sayfa > Gündəm > Elmar Vəliyev gəncəli qadınları mükafatlandırdı

Elmar Vəliyev gəncəli qadınları mükafatlandırdı


8-03-2017, 11:33. Yazar: admin
Elmar Vəliyev gəncəli qadınları mükafatlandırdı

Gəncə şəhər İcra Hakimiyyətində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar və gənclər iştirak edib.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, AzTU-nun rektoru Akif Süleymanov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov və başqaları çıxış edərək, Gəncə qadınlarının fəallığından, Nizami yurdunun ilk şahmatçısı Məhsəti Gəncəvi, akademik Validə Tutayuq, xalq şairi Nigar Rəfibəyli, akademik Sidiqə Məmmədova kimi xalqımızın fəxr və qüruru olan neçə-neçə qadın, müəllim, həkim, elm xadiminin böyük əzmkarlıq göstərmələrindən, məsul vəzifələrdə çalışaraq Vətənimizə, dövlətçiliyimizə sədaqətli, şərəfli xidmətlərindən söz açıblar.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Nailiyyətlərin əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var.

Elmar Vəliyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən aparılan qadın siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan qadınlarının lideri, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizə, həmçinin, geniş vüsətlə inkişaf edən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Gəncəyə verdiyi töhfələr Azərbaycan qadınının zəkasının, güc və qüdrətinin bariz nümunəsidir.
İcra başçısı Gəncə şəhərində əhalinin 51%-i, Gəncədə fəaliyyət göstərən təhsil ocaqları, idarə, müəssisə və təşkilatlarda çalışan insanların 70%-ni təşkil edən qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edib. Hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən Gəncənin bütün qadınlarına xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıb.
Toplantıda Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Gəncənin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə fərqlənən 50-dən çox fəal qadına “Fəxri fərman” , qiymətli hədiyyələr və gül təqdim olunub.

AİA.az
Geri dön