Ana Sayfa > Karusel / Manşet / Gündəm / Özəl / Yazar4 > Təhsilimizin görünməyən yaraları: Akademik sui-qəsd və qrant labirinti

Təhsilimizin görünməyən yaraları: Akademik sui-qəsd və qrant labirinti


17-03-2026, 14:19. Yazar: sevinc1
Təhsilimizin görünməyən yaraları: Akademik sui-qəsd və qrant labirinti

Təhsilin mətbəxi sayılan dərsliklərin bugünkü vəziyyəti sadəcə metodik çatışmazlıq deyil, dövlətin və millətin gələcəyinə qarşı törədilən akademik sui-qəsddir. Elm və Təhsil Nazirliyinin dəhlizlərində özünə yuva salmış "layihə ovçuları" dərslikləri bir bilik mənbəyi kimi deyil, sadəcə tenderlərdə bölünən gəlir mənbəyi kimi görürlər. Bu gün ibtidai siniflərdə, xüsusən riyaziyyat dərsliklərində tətbiq edilən proqram sadəcə ağır deyil, o, şüurlu şəkildə həyata keçirilən bir beyin yükləməsidir. Nazirlik yetkililərinin hər addımda təriflədiyi o "Sinqapur modeli" əslində bir tələyə çevrilib; belə ki, bizim cəmi 7-8 yaşlı uşaqlarımıza ikinci sinifdə keçilən riyazi mövzular və məntiqi tapşırıqlar, həmin o tərifli Sinqapurun özündə 5-ci, hətta 6-cı sinif şagirdlərinə tədris olunur. Bu, sadəcə pedaqoji savadsızlıq deyil, körpə uşaqları hələ yolun başında dərsdən və məktəbdən iyrəndirmək, onların öyrənmə həvəsini kökündən kəsmək üçün seçilmiş qəsdli bir yoldur. Şagirdin yaşına və qavrayışına tamamilə yad olan bu süni çətinliklər uşağı inkişaf etdirmir, əksinə, onu özünə qapadır və öz güvənini sarsıdır.



Riyaziyyatdakı bu "texniki qəsdin" yanına ədəbiyyat dərsliklərindəki mənəvi aşınmanı da qoyanda mənzərə tamamlanır. Bugünkü ədəbiyyat kitabları millilikdən, xalqın ruhundan və klassik irsimizdən tamamilə uzaqlaşdırılıb. Dərsliklərə elə əsərlər, elə zəif şeirlər salınıb ki, onlara "ədəbiyyat nümunəsi" demək özü klassiklərimizin ruhuna təhqirdir. Bədii dəyəri olmayan, dili qüsurlu, məzmunu isə şagirdə heç bir mənəvi qida verməyən bu yazılar milli kimliyin formalaşmasına xidmət etmək əvəzinə, uşaqları ana dilinin gözəlliyindən uzaqlaşdırır. Sanki məqsəd, Füzulidən, Vaqifdən, Şəhriyardan uzaqlaşmış, öz kökünə yad bir "robot nəsil" yetişdirməkdir. Tarix dərsliklərindəki xəritə təhrifləri, 5-ci sinif "Təbiət" kitabındakı savadsız tərcümələr və ədəbiyyatdakı bu ruhsuzluq eyni mərkəzdən idarə olunan "layihəbazlıq" xəstəliyinin təzahürüdür.

Nazirlik aparatını işğal etmiş o gəmiçilər və şərabçılar isə xaricdən kopyalayıb gətirdikləri, lakin bizim reallığımıza uyğunlaşdırmadıqları modellərlə dövlət büdcəsini havaya sovururlar. Onlar üçün təhsil, milli strateji əhəmiyyət kəsb edən bir sahə deyil, hesabatlarda bəzədilmiş rəqəmlər toplusudur. Hər il "təkmilləşdiririk" deyib dəyişdikləri dərsliklərin sadəcə üz qabıqları yenilənir, içindəki elmi xətalar və qəsdli çətinliklər isə olduğu kimi qalır. Çünki bu sistemdə əsas məqsəd şagirdin gələcəyi deyil, daxili və xarici qrantların mənimsənilməsidir.

İyirmi ildir ki, Azərbaycan təhsilinin göy suları eyni köhnə gəmiçilərin, eyni paslı lövbərlərin və eyni cızma-qaraların əsarətindədir. Dərslik adlanan o kağız yığınlarına baxanda adamın matı-qutu quruyur; sanki zaman bu sahədə dayanıb, sanki son iki onillikdə dünya yerində sayıb, amma bizim o "universal" müəlliflərimiz hələ də eyni masanın arxasında oturub eyni səhvləri tirajlamaqla məşğuldurlar. Bu artıq sadəcə bir nəşriyyat marağı və ya metodik çatışmazlıq deyil, kökü dərindən-dərinə işləmiş, təhsilin iliyinə qədər sızmış amansız bir monopoliyadır. Bir nəslin beşiyindən universitet qapısına qədər olan ömür yolunu eyni bir neçə nəfərin intellektual diktaturasına məhkum etmək, əslində millətin gələcək təfəkkürünü qandallamaq deməkdir.
Emin Əmrullayevin hər addımda təriflədiyi, beynəlxalq terminlərlə bəzədiyi o "parlaq gələcək" əslində bu köhnəlmiş təfəkkürün, bu inhisarçı zəncirin gizli davamıdır. Əgər bir nazir iyirmi illik bu elmi inhisarı dağıtmaq, dərslik yazmağı qrant və tender qəniməti olmaqdan çıxarıb həqiqi rəqabət meydanına çevirmək əvəzinə, onu yeni kosmetik boyalarla bizə sırımağa çalışırsa, deməli, o gələcəyin cəhənnəm olduğu elə indidən gün kimi aydındır. Biz uşaqlarımızı rəqabətə, yaradıcılığa və azad düşüncəyə deyil, bir neçə nəşriyyatın və onların dəyişməz müəllif heyətinin iyirmi illik xülyalarına qurban veririk. Bu sistemdə yeni nəfəsə yer yoxdur, burada gənc və istedadlı alimlərin yolu qapalıdır; burada sadəcə qrantların və dərslik pullarının səssiz-səmirsiz bölüşdürülməsi, illərdir davam edən "tanış-biliş" metodikası hökm sürür.

Bu gəmi hara gedir? Əgər sükan arxasında oturanlar iyirmi ildir ki, eyni cırıq xəritə ilə bizi eyni qayalıqlara çırpırlarsa, deməli, o hədəflənən sahilin işığı yox, sadəcə o cəhənnəmin alovu görünür. İnhisarın olduğu yerdə inkişaf ölü doğulur, təhsil isə sadəcə bir neçə nəfərin gəlir mənbəyinə çevrilmiş cansız bir bədənə dönür. Emin Əmrullayevin "islahat" dediyi bu proses, əslində bu köhnə inhisarçılığın modernləşdirilmiş formasıdır və bu yolla gedilən hər addım bizi işıqlı sabahdan deyil, bütöv bir nəslin intellektual məhvindən xəbər verir.


Məsələ bununla da bitmir; siniflərdəki metodik xaos artıq bir normaya çevrilib. Müəllimin əlindən təşəbbüs və yaradıcılıq alınaraq, o, sadəcə mənasız layihələrin icraçısına çevrilib. Məktəbin divarları arasında elm deyil, "görüntü" tədris olunur. Məsuliyyət mexanizminin olmadığı bir yerdə isə bir millətin savadını və milli ruhunu dərsliklər vasitəsilə məhv etmək ən gəlirli işə çevrilib. Təhsil ocaqları artıq bilik məbədi deyil, qrantların "uyğunlaşdırıldığı" soyuq ofisləri xatırladır. Müəllim özünü bu qarmaqarışıq sistemdə itirib, şagird isə başıüstə asılmış o ağır "Sinqapur daşı"nın altında əzilir. Biz hələ də o gəmiçilərin idarə etdiyiyi, lakin hər tərəfdən su alan təhsil gəmisinin hansısa sahilə çıxacağını gözləyirik, halbuki o gəmi artıq çoxdan qayalıqlara çırpılıb. Bu qəza sadəcə büdcənin deyil, bütöv bir nəslin intellektual itkisidir. Bu "akademik sui-qəsdin" qurbanı olan hər bir uşaq, dövlətin sütunlarından qoparılmış bir kərpicdir və bunun bədəlini gələcəkdə bütün millət ödəməli olacaq.



Şəmsi QOCA
Geri dön