Ana Sayfa > Gündəm > Güzəştli mənzillər bu şəxslərə veriləcək - Siyahı

Güzəştli mənzillər bu şəxslərə veriləcək - Siyahı


7-03-2017, 17:59. Yazar: admin
Güzəştli mənzillər bu şəxslərə veriləcək - Siyahı

Ölkə başçısının “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən “Güzəştli mənzil” elektron sisteminin yaradılması və 1 may 2017-ci il tarixindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur.

“Güzəştli mənzil” sistemi – elektron qaydada göstərilən dövlət xidmətlərini genişləndirmək məqsədilə agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi prosesində müraciətlərin qəbulunda və mənzil seçimində vətəndaşların rahatlığını, habelə şəffaflığı və insan faktorunun minimuma endirilməsini təmin edəcək elektron sistemdir.

MİDA-dan AzVision.az-a bildirilib ki, “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə sistemin əsas prinsipləri barədə məlumatlandırılma və sualların cavablandırılması işi 10 mart 2017-ci il tarixindən etibarən müvafiq “ASAN xidmət” mərkəzlərində (Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı, habelə Sumqayıt “ASAN xidmət” mərkəzlərində) təşkil olunacaq. Vətəndaşlara bu əlavə xidmət Mənzil İnşaatı Dövlət Agentliyinin və tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin internet səhifələri (www.mida.gov.az, www.mida.az), habelə “Facebook” və “YouTube” sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə aparılan məlumatlandırılma işi ilə paralel həyata keçiriləcək.

Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq.

Bununla yanaşı, “ASAN xidmət”in “Çağrı” mərkəzi vasitəsilə də vətəndaşlara xidmət göstəriləcək. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan stasionar telefonlardan ödənişsiz “108” nömrəsinə zəng edərək suallarına cavab tapa biləcəklər.

Hazırda “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. “MİDA” MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə 1 may 2017-ci il tarixindən etibarən “Elektron hökumət” portalında (www.e-gov.az) çalışacaq “Güzəştli mənzil” sistemi 2 pilləli olacaq:

 1-ci mərhələdə sözügedən elektron sistem vətəndaşın müraciətinin qeydiyyata alınmasını, onun müvafiq kateqoriyaya aid olduğu təsdiqləndikdə vətəndaşın şəxsi elektron kabinetinin yaradılmasını təmin edəcək. Elektron kabinetə sahib olmuş vətəndaş güzəştli mənzil almaq hüququnu əldə edir.

 2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə KİV-də tanış ola biləcək elanlarla yanaşı, şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək.

1 may 2017-ci il tarixində “Güzəştli mənzil” sistemi fəaliyyətə başladıqdan sonra “MİDA” MMC-nin nümayəndələri həmin “ASAN xidmət” mərkəzlərində müvafiq kateqoriyalara aid vətəndaşlara şəxsi elektron kabinetin yaradılması ilə bağlı informasiya dəstəyi göstərəcəklər.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən aşağıdakı kateqoriyalara aid olan şəxslər güzəştli mənzil əldə etmək hüququna malikdirlər.

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1) şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2) Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3) məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4) ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5) ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6) fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7) idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli mənzil əldə etmək hüququna malikdirlər:

1) elmlər doktoru elmi dərəcəsi olan şəxs;

2) ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

3) ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

4) ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

AİA.az
Geri dön