Ana Sayfa > Özəl > XAQANİ ŞİRVANİ - 900 XAQANİ ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜNDƏ ELM VƏ ELMİ BİLİKLƏRİN ROLU

XAQANİ ŞİRVANİ - 900 XAQANİ ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜNDƏ ELM VƏ ELMİ BİLİKLƏRİN ROLU


11-03-2026, 17:09. Yazar: azer
XAQANİ ŞİRVANİ - 900  XAQANİ ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜNDƏ ELM VƏ ELMİ BİLİKLƏRİN ROLU

KAMAL CAMALOV
Pedaqogika elmləri doktoru,
Naxçıvan Müəllimlər İnstitutunun professoru
Azərbaycan Respublikasinin Əməkdar müəllimi
“Qızıl Qələm” mükafatı laureatı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 yanvar 2026-ci ildə ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələr sahibi Xaqani Şirvaninin 900 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır.
İnsan ruhunun ən dərin məna qatlarını qələmində əks etdirmiş Xaqani Şirvani yalnız pedaqoji-psixoloji fikir tarixinin deyil, həm də fəlsəfənin, elmin və insanın mənəvi dünyasının dərinliyinə enməyi bacaran böyük bir mütəfəkkirdir. Onun elmi görüşü, ümumilikdə insan təfəkkürünün, ədalət və hikmətin təbliği üzərində qurulmuşdur. Xaqani hər şeydən əvvəl bilik və hikmətin həyatdakı yerini vurğulamışdır. O, insanın əsl hüzur və mənəviyyatının yalnız doğru və dərin biliklə qazanılacağını bildirir. Elmi yalnız ağılın məhsulu deyil, həm də ruhun yüksəlməsi və insanın daxilindəki “həqiqət”ə olan səyin təcəssümüdür.
Xaqani Şirvaninin əsərlərində, insan və kainat arasındakı əlaqə üzərində geniş fəlsəfi düşüncələr mövcuddur. Onun elmi görüşündə təbiət, insan və kosmos arasında bir harmoniya, bir ahəngin olması zəruri olan fikir kimi əsas yer tutur. O, “kainatın bir nizamı və ölçüsü var” deyərək, hər şeyin öz yerində və öz məqsədinə uyğun var olduğunu qənaətindədir.
Xaqani Şirvani əxlaqi və etik məsələlərə diqqət ayıraraq yazır ki, elm və bilik insanın daxili inkişafı və mənəvi kamilliyi üçün istifadə olunan əsas amildir. Onun fikrincə cəmiyyətin və insanın inkişafı yalnız əxlaqi və mənəvi dəyərlər üzərindən qurularaq inkişaf edə bilər.
Xaqani elmin cəmiyyətin inkişafında və mədəniyyətin yüksəlməsində mühüm rol oynadığını vurğulayır. O, mədəniyyətin təmsil olunduğu ədəbiyyat və sənətin də elmi düşüncənin bir forması olduğunu bildirir. Bu baxımdan, onun elmi görüşü yalnız abstrakt nəzəriyyələrlə məhdudlaşmır. Həm də ədəbiyyat və sənət vasitəsilə həyatın mənasını və insanın təbiəti haqqında görüşlərini dərindən düşünməyə təşviq edir.
Xaqani Şirvani, bütün varlığın Allahın hikməti ilə yaradıldığını və hər bir hadisənin bir məqsədə xidmət etdiyini vurğulayır. Onun elmi görüşündə kainat bir bütöv olaraq təsvir edilir və bu bütövün bir hissəsi olaraq insanın öz məqsədini və yerini tapması lazım olduğu düşüncəsi önə çıxır.
Xaqani Şirvani islam fəlsəfəsi və mədəniyyətinin təsiri altında yetişmişdir və bu fəlsəfəni əsərlərinə inteqrasiya etmişdir. Onun elmi görüşü, həm islamın əsas təməl prinsipləri ilə, həm də daha geniş bir humanist baxışla zəngindir.
Xaqani Şirvani “Töhfətül-İraqeyn” adlı əsərinin dibaçəsində (Dibaçə ərəb mənşəli söz olub – müqəddimə mənasını ifadə edir) Allaha ruhən üz tutaraq yazır: “...Allah sənə yol göstərsin, ey Xaqani... Allah sənə sağlıq versin, ey Həqayiqi (Həqayiqi Xaqaninin ilkin təxəllüsüdür – K.C.)... Sən lazım olan dərəcəyə çatdın, bəxtin möhkəm oldu, onu əldən vermə; habelə yaramazlıqlar törədən şərabın söhbətindən çəkin, fəlakətlər doğuran dünyadan həzər et; bu köhnə, murdar qandan canını qurtar, özünü elm və bilik kölgəsində saxla”.
Xaqani Şirvaninin elmi görüşü çox şaxəlidir. O, fəlsəfi və əxlaqi bir perspektivdən çıxış edərək, insanı həm zahiri, həm də daxili dünyasını kəşf etməyə, həqiqətə çatmağa çağırır. Onun əsərlərində elmin, hikmətin, əxlaqın və ədalətin birlikdə inkişaf etməsi fikri xüsusi yer tutur.
Xaqani Şirvani təlim və tərbiyə ilə bağlı biliklərə yiyələnməsini əmisinə borclu olduğunu ehtiramla qeyd edir. “O, (əmisi Kafiəddin Ömər Osman – K.C.) Xaqaniyə hər bir elmi, fənni dərindən öyrədir, dərsdə xəlifəsi olur”. Xaqani əmisi vasitəsilə həyatın keşməkeşli yollarında doğru yolu tapdığını və həm əxlaqi, həm də intellektual sahədə yüksəldiyini qeyd edərək poetik dildə yazır:
Öz əmim Ömərin sayəsində mən,
Yetimlik divinin qaçdım əlindən.
Bil, mənim böyüyüm, yol göstərənim,
Tərbiyə verənim əmimdir mənim.
Sözləri hər zaman qətiydi onun,
Şagirdi - Ərəstu, bir də Əflatun.
Hermesə üçbucaq elmini, zaman,
Onun idrakıyla öyrətmiş, inan!
Oxudu “Quran”dan ayələr mənə.
Xaqani əmisi, Kafiəddin Ömər Osmanın ona verdiyi tərbiyə və elm sayəsində həyatında əhəmiyyətli bir dönüş etdiyini qeyd edir. Burada tərbiyə və mentorluq (Mentor təcrübəli, bilikli və ya mütəxəssis bir şəxs; Mentee mentorunun köməyindən faydalanan və ondan öyrənən şəxs mənasında) ideyası əsas yer tutur. Xaqani əmisi tərəfindən yalnız əxlaqi, həm də intellektual mənada yönləndirildiyini ifadə edir. Bu, elmin və təhsilin insanın şəxsiyyətinin formalaşmasında, həmçinin həyatda doğru yol seçməsində nə qədər əhəmiyyətli olduğunu vurğulayır. “Yetimlik divinin qaçdım əlindən” ifadəsi, Xaqaninin tərbiyə və elm sayəsində çətinliklərdən, yanlış yollardan uzaq durduğunu və həyatını düzgün istiqamətdə qurduğunu simvolizə edir. “Yetimlik divi” başsız qalan bir uşağın və ya şəxsiyyətin çaşqın vəziyyətini göstərir. Bu div, bəlkə də boşluq və qeyri-müəyyənlikdir və əmisi sayəsində bu vəziyyətdən nicat tapmışdır.
Yan Amos Komenski yazır ki, elm və bilik “elə təlim edilməlidir ki, insanlar mümkün olduğu qədər, bilikləri kitablardan deyil, göydən və yerdən, palıddan və ağcaqayından əldə etsinlər”. Xaqani Şirvaninin həyat fəlsəfənə nəzər salan zaman görürük ki, Kafiəddin Ömər Osman qardaşı oğluna yalnız kitablardan deyil, həyatın özündən – təbiətdən, ətraf aləmdən, gündəlik təcrübədən və müşahidələrdən də bilik qazandırmışdır. Deməli, əsl təlim, yalnız nəzəri məlumatlarla deyil, ətraf mühitlə bağlı gerçək təcrübə və öyrənmə ilə də inkişaf etməlidir. Necə ki, pedaqogikada oxuyuruq: “tətbiq edilə bilməyən bilik şagirdə lazım deyil”. Hər bir öyrənilən bilik, əgər reallıqda istifadə edilmirsə, ona olan ehtiyac və dəyər də azalır. Təhsil, gələcək həyatda faydalı olacaq bilik və bacarıqlarla təmin edilməsi üçün nəzərdə tutulmalıdır.
Xaqani əmisi tərəfindən ona verilən fəlsəfi təhsil və elmi biliklərə xüsusi diqqət ayırmışdır. “Ağıllı insanları xalq üçün qənimət hesab edən şair” Ərəstun və Əflatun kimi məşhur filosof və pedaqoqların adlarını çəkir. Bu, Xaqaninin əmisi vasitəsilə yüksək elmi və fəlsəfi mülahizələrə malik olduğunu və elmin sirlərinə dərindən bələd olduğuna işarədir. Hermesin üçbucaq elmini və Qurandan ayələr oxumağı isə “böyük intibah ziyalısının, şairinin” təkcə Qərb fəlsəfəsi ilə deyil, həm də islam təlimi ilə zənginləşdirilmiş bir təhsil aldığını nümayiş etdirir.
Xaqani burada, yalnız fəlsəfəni deyil, dini təhsilin də əhəmiyyətini qeyd edir. “Oxudu “Quran”dan ayələr mənə” ifadəsi, Xaqaninin əmisi tərəfindən dini biliklərə də yönləndildiyini və Quranın onun həyatında və düşüncə sistemində mühüm rol oynadığını bildirir. Bu, islamın əsas prinsiplərinin Xaqaninin əxlaqi və intellektual inkişafında vacib bir təməl olduğunu göstərir.
Şeirdəki “Sözləri hər zaman qətiydi onun” ifadəsi, əmisi Kafiəddin Ömərin bilik və qərarlarının möhkəmliyini, doğru və qərarlı şəxsiyyətini təmsil edir. Xaqaninin əmisi ilə bağlı bu təsviri onun tərbiyəvi rolunun necə dərindən təsir etdiyini göstərir. Bu, həm də, elmə və düzgün fikirlərə olan bağlılığı bildirir. Şeir, tərbiyə, elmi və fəlsəfi təhsilin, mentorluğun insanın şəxsiyyətinin və düşüncə dünyasının formalaşmasında necə mühüm rol oynadığını vurğulayır. Bu şeir, təhsil və tərbiyənin insan həyatında bələdçi rolunu necə oynadığını və elm ilə mənəvi dəyərlərin necə əlaqələndiyini göstərir.
Bütün məlum elmlərdən olmuşam mən xəbərdar,
İstəyirsən, gəlib yoxla, gör qəlbimdə nələr var.
Başdan-başa qəribədir yazdığım bu qəsidə,
Belə hünər nəsib olmaz yüz Bəşşara, Ləbidə.
Yaşa daim izzətinlə, dövlətinlə, ey ustad!
Mən də sənin kərəmindən pay alaraq, olum şad.
Şair, öz elmi və biliyinə olan dərin inamını və bu biliklərin çoxluğuna görə duyduğu qüruru ifadə edir. Şairin özünə olan inamı aydın şəkildə hiss olunur. O, elmin müxtəlif sahələrində geniş biliyə malik olduğunu və bu bilikləri daim inkişaf etdirdiyini bildirir. Şair burada özünə inamını daha da vurğulayır və əgər kimsə şübhə edərsə, o zaman gəl və yoxla deyərək, bütün bu biliklərin öz qəlbində mövcud olduğunu ifadə edir. Bu misra həm də, şairin iç dünyasının zəngin olduğunu, hər hansı bir xarici təsirə və ya yoxlamaya ehtiyacı olmadığını bildirir.
Xaqani Bəşşar və Ləbid kimi məşhur şairlərə belə bu cür hünərin nəsib olmadığını vurğulayır (Xaqaninin adlarını çəkdiyi Ləbid Əbu-Əqil ibn Rabia VII əsrdə və Bəşşar ibn Bürd VIII əsrdə yaşamış islam dövrünün önəmli ərəb şairləri hesab olunmuşdur). Şair, həmçinin özünün qeyri-adi və fərqli bir əsər yaratdığını bildirir. Şair öz elmi və biliyi ilə fəxr etdiyini, yazdığı əsərin yüksək qiymətə layiq olduğunu ifadə edir. Eyni zamanda, o, Bəşşar və Ləbid kimi böyük şairlərə belə nəsib olmayacaq bir hünərə sahib olduğunu iddia edir. Bu, özünü tərifləyən və yüksək qiymətləndirən bir ifadədir. Xaqani əmisi Ömərin verdiyi təhsil və rəhbərlik sayəsində çox geniş bir bilik dairəsinə sahib olduğunu bildirir. “Başdan-başa qəribədir yazdığım bu qəsidə” ifadəsində Xaqani, əmisi sayəsində əldə etdiyi biliklərlə yazdığı əsərin çox fərqli və dərin olduğunu vurğulayır.
Xaqaninin əmisi Ömərə olan hörməti: “Yaşa daim izzətinlə, dövlətinlə, ey ustad!” cümləsində Xaqani, əmisi Öməri bir “ustad” kimi təqdim edir. Bu, Xaqaninin əmisinə olan hörmətin və ona duyduğu dərin minnətdarlığın ifadə deyilmi? Şair əmisi tərəfindən verilən biliklərdən və tərbiyədən əldə etdiyi faydalara görə ona dua edir və onun həyatının izzətli və şərəfli olmasını arzulayır.
Göründüyü kimi, əmisi Ömər Xaqaninin elmi inkişafına böyük təsir göstərib. Xaqani bu şeirdə həm dini, həm də fəlsəfi bilikləri birləşdirərək əmisi tərəfindən ona verilən elmi istiqaməti qeyd edir. Ömərin “kərəmindən” pay alaraq şad olma istəyi, onun əmisi tərəfindən öyrənilən ruhani və mənəvi dəyərlərə olan bağlılıq göstəricisidir.
“Xaqani yaradıcılığında hərflər, rəqəmlər də bədii təsvir vasitələri sırasına daxildir”. Xaqani, əmisi Ömərin ona verdiyi elmi təhsil, məntiqi düşüncə və həyat yolunu göstərmə bacarığını böyük bir hörmət və minnətdarlıqla ifadə edir.
Mənə dil qanunu öyrətdi əmim,
Qoymadı səhv edəm, oldu həmdəmim.
Məni üç elmdən etdi xəbərdar,
Ağıl, fəhm, hiss oldu onlardan izhar.
O, mənə şərh etdi hər bir məfhumu,
Sonra da öyrətdi elmi-nücumu..
Dəlillə, sübutla eylədi bir-bir,
“Quran”ın yüz on dörd sirrini təbir,
Çox asan yol ilə o mahir insan,
Etdi “bir”, “iki”, “üç”, “dörd”, “beş”i bəyan.
Xaqani Şirvani əmisi Ömərin ona dilin düzgün istifadəsini və dil qanunlarını öyrətdiyini bildirir. Bu, Xaqaninin şairlikdə və yazılı ifadələrdə daha incə və təmiz bir üslub inkişaf etdirdiyini göstərir. Eyni zamanda, “səhv etməmək” və “həmdəm olmaq” ifadələri, əmisi tərəfindən ona düzgün təhsil və tərbiyə verilməsini, həm də onun həyatında doğru yolu göstərən şəxs olduğunun bariz nümunəsidir.
Xaqani əmisi tərəfindən ona aşılanan “üç əsas elm”i: ağıl, fəhm və hiss kimi dəyərləri təsvir edir.
Ağıl – insanın təfəkkürünü və düşüncə qabiliyyətini;
Fəhm – mühakimə və anlayış qabiliyyətini;
Hiss – insanın ruhani və mənəvi duyğularını ifadə edir.
Bu üç elm, insanın həm məntiqi, həm də mənəvi tərəflərini inkişaf etdirən elmlərdir. Xaqani burada əmisi Ömərin elmi yanaşmasını hərtərəfli və dərin olduğunu bildirir.
“O, mənə şərh etdi hər bir məfhumu, Sonra da öyrətdi elmi-nücumu”.
Bu misra əmisi Ömərin yalnız bilikləri öyrətməklə kifayətlənmədiyini, həm də hər bir məfhumun mənasını və dərinliyini şərh edərək öyrətdiyini göstərir. Xaqani əmisi tərəfindən verilən təhlil və açıqlamaların həyatına necə təsir etdiyini qeyd edir. Elmi-nücum (ulduz elmi və ya astrologiya) müsbət bir şəkildə elmin dərinliyinə dair sistematikanı göstərir.
“Dəlillə, sübutla eylədi bir-bir, “Quran”ın yüz on dörd sirrini təbir”. Xaqani əmisi Ömərin məntiq və sübutlarla hər şeyin doğru şəkildə izah edildiyini qeyd edir. Bu, həm rasional (məsələli düşüncə) yanaşmasını, həm də “Quran”ın sirlərinin təfsirini (şərhini) göstərir. “Yüz on dörd sirr” Quranın müxtəlif ayələrini və onların dərin mənalarını şərh etmək deməkdir.
Xaqani əmisi Ömərin ona çox sadə və anlaşılan üsul, vasitə və tərzlərlə elmi tədris etdiyini qeyd edir. Burada əmisi, kompleks mövzuları anlaşılan bir şəkildə izah edir, elmi anlayışları “bir”, “iki”, “üç”, “dörd”, “beş” kimi strukturda təqdim edir. “Bir – Allah, iki – iki dünya, üç – nəbatat, çəmadat, heyvanat, dörd – dörd ünsür: su, od, torpaq, hava, beş – hiss: dad bilmək, görmək, eşitmək, ləms və iyi bilmək (bəzən beş rəqəmi – Məhəmməd peyğəmbərin əbası altında hüzur tapanlara da aid edilir ki, bunlara “Pənctəni-aliəba” – “beş nəfərdən ibarət ailə üzvü” deyilir), altı – cəhətlər: ön, arxa, sağ, sol, yuxarı və aşağı, yeddi – yerin yeddi təbəqəsi, səkkiz – behiştin səkkiz qapısı (göyün təbəqələri), doqquz – doqquz fələk (doqquzuncu fələk guya Allahın qərar tutduğu yerdir.) Xaqani yuxarıdakı beytdə əmisinin rəqəmlərin bu sirrini ona öyrətdiyini xəbər verir”. Bu, Xaqaninin əmisi tərəfindən sadə metodla dərin elmləri öyrənmə prosesini necə təqdir etdiyini göstərir.
Göründüyü kimi Ömər Kafiəddin Xaqaniyə yalnız intellektual deyil, həm də mənəvi dünyanı anlamağa kömək etmiş, ona ağıl, fəhm və hiss kimi həyati və mənəvi dəyərləri aşılamağa çalışmışdır. “Ağıl təfəkkürün məhsulu olması ideyasını irəli sürür”. Ömər Osman qeyd etdiyimiz kimi ağıllı və sistemli tədris üsulları ilə Xaqaninin həm dini, həm də elmi mövzuları asanlıqla mənimsəməsinə imkan yaratmışdır.
Məktəbdə elm oxu, fənn öyrən, dərs al,
Hər nə oxumusan, bir-bir yada sal!
Əcəmi olduğun yetər, indidən,
Get, otur, bir az da ərəbcə öyrən.
Get, oxu, İraqa qayıdan zaman,
Gərəkdir bilikdə kamil olasan.
Şair oxucusuna təhsilin, elmin və dilin öyrənilməsinin əhəmiyyətini vurğulayan bir məsləhət verir. Burada şair, insanı təhsil almağa və elm öyrənməyə çağırır. “Elm oxumaq” və “fənn öyrənmək” ifadələri, yalnız praktik biliklər deyil, həm də elmi düşüncə və təfəkkürün inkişafını simvolizə edir. Şair, oxuduğu və öyrəndiyi hər şeyi unutmamağı, yadda saxlamağı tövsiyə edir. Bu, təhsilin insan həyatında necə dərin təsir buraxdığını göstərir. “Ağıllı adamlar ziyan çəksə də, xalq üçün çalışırlar” – deyən Xaqani Şirvani ərəbcə öyrənmənin vacibliyini vurğulayır. Ərəb dili islam mədəniyyətinin və Quranın dili olduğuna görə, islam elminin və fəlsəfəsinin əsasını təşkil edir. Bizə görə şairin bu tövsiyəsi, yalnız dinə bağlı deyil, həm də elmi inkişaf üçün çox vacib olan bir dilin öyrənilməsinin əhəmiyyətini göstərir.
Şair İraqa (daha əvvəlki dövrlərdə elm və mədəniyyətin yüksək səviyyədə olduğu bir bölgə) qayıdan bir şəxsi təmsil edir. Şair, bilikli və kamil olmağın vacibliyini vurğulayır. Çünki “elmi biliklər gərək gənclərin müstəqil, yaradıcılıqla düşünmək qabiliyyətini formalaşdırsın və tərbiyə etsin”. Xaqaninin də fikrincə kamil olmaq – yalnız elmi deyil, həm də mənəvi və əxlaqi inkişafı rəmzləşdirməyi bacarmalıdır. Görürük ki, şairin niyyəti, təhsil və biliyin insanın daxili və xarici inkişafına necə təsir etdiyini göstərməkdir.
Şəriətdən kənar elm yoxdur, bil,
Varsa qara xaldır, heç bilik deyil.
Bu misra şairin şəriət (İslam dini qanunları) və elm arasındakı əlaqəyə dair güclü bir fikri ifadə edir. Şair elm və biliklərə dini baxışla yanaşır və şəriətlə uyğun olmayan elmlərin qeyri-kamil olduğunu vurğulayır. Bu misra, şairin şəriət və elm arasındakı əlaqəni necə gördüyünü açıq şəkildə ifadə edir. Şairin nəzərində, elm yalnız şəriətlə uyğunlaşarsa, doğru və kamil olur. Yəni, islam təlimləri çərçivəsində öyrənilən və tətbiq olunan elm, həm dini, həm də dünyəvi mənada doğru sayılır. Şəriət yalnız dini qanunlar deyil, həm də həyatın hər sahəsində düzgün yaşamağa yönəlmiş təməl bir göstərici kimi təqdim edilir. Şair, dini biliklə dünyəvi bilik arasında bir uyğunluq yaratmağa çalışır. Şəriətə zidd elm isə şairin fikrincə, qara xal kimi qaranlıq və yanlış bir şeydir, yəni ona həqiqi elm demək olmaz. Şair burada həm dini elmlərin, həm də dünyəvi elmlərin şəriətə uyğun olmasının vacibliyini vurğulayır. Bu yanaşma, islam mədəniyyəti daxilində elmin və biliklərin yalnız dini və mənəvi prinsiplərlə uyğunlaşdıqda dəyərli olduğunu ifadə edir.
“Aləm” sözü “elm”dən yaranmışsa da, ancaq,
Cəhalət bu aləmdən elmi qaçaq salacaq.
Elm əhlinin ürəyi əcəb böyük ürəkdir,
İdris öz şüuruyla göyə yüksələcəkdir.
Xaqani elm və cəhalət, bilik və qavrayış arasındakı münasibətləri dərin şəkildə şərh edir. Şair elmin və cəhalətin dünyaya olan təsirini və elmə yiyələnənlərin ruhani və intellektual yüksəlişini izah edir. “Aləm” və “elm” sözləri burada həm mənaca, həm də fonetik olaraq bir-birinə yaxınlaşdırılır. Şair, “aləm”in (kainatın və dünyanın) “elm”dən (bilikdən və təhsildən) qaynaqlandığını bildirir. Lakin cəhalətin, elmin bu aləmdən qaçmasına və ya yox olmasına səbəb olacağını qeyd edir. Şair, elmin insanlar və cəmiyyətlər üçün nə qədər vacib olduğunu, amma cəhalətin elmə və biliklərə necə zərər verə biləcəyini göstərir.
“...Öz fikir və hisslərini təsirli və incə sözlərlə ifadə etməyi sevən” Xaqani Şirvani elm əhlinin yalnız ağıllı və bilikli deyil, həm də mənəvi dəyərlərə və böyük ürəklərə sahib olduğunu vurğulayır. İdris Peyğəmbər islam mədəniyyətində və dini təfsirdə çox bilikli, hikmətli və göyə yüksəlmiş bir peyğəmbərdir. Şair İdris Peyğəmbərin şüuru ilə göyə yüksəlməsini təkcə fiziki yüksəliş kimi deyil, həm də ruhani və elmi yüksəlişi kimi nəzərdə tutur. Bu, elmin insanı ruhən ucaltdığını və insanların mənəvi inkişafını təmin etdiyini göstərir.
Cəhalət elmin qarşısında bir maneə olaraq təqdim edilir, yəni biliksizlik, elmin yayılmasına və insanların inkişafına zərər verə bilər. Eyni zamanda, şair, elm əhlinin yalnız ağıllı deyil, həm də mənəvi və gözəl ürəkli insanlardan ibarət olduğunu qeyd edir. İdris Peyğəmbərin göyə yüksəlməsi də, elmin, insanın ruhani yüksəlişi ilə əlaqəli olduğuna işarədir. Şair elmin insanı yalnız dünyəvi mənada deyil, həm də mənəvi cəhətdən yüksəltməsinin vacibliyini ifadə edir.
Ey Xaqani, din elmi, bil, kimiyadır, unutma,
Könüllərin məxzəninə layiqdir bu kimiya.
Əgər nəfsin bir mis kimi pas atarsa bir zaman,
Onu silmək üçün yalnız budur yararlı dərman.
Fikrimizcə şair din elminin və biliyin yüksək dəyərini, həmçinin nəfsin (insanın daxili arzularını, eqosunu) və ilahi təmizlənmənin rolunu müzakirə edir.
Şair, din elmini kimya ilə müqayisə edir. Kimya burada saflaşdırıcı, təmizləyici və qızıl kimi dəyərli bir elm olaraq göstərilir. Din elmi, insanların könüllərini (ruhlarını) saflaşdırmaq və təmizləmək məqsədi güdür. Könüllərin məxzəni (Məxzən ərəb mənşəli söz olub – xəzinə mənasını ifadə edir) ifadəsi, insanların daxili xəzinəsini, hisslərini və niyyətlərini nəzərdə tutur. Bu misra ilə şair, din elminin insanın ruhunu təmizləyən, həm də mənəvi inkişafını təmin edən bir elm olduğunu vurğulayır. Bu elm, yalnız dünyəvi fayda vermir, həm də insanın mənəvi təmizliyinə xidmət edir.
Şair insanın nəfsinin (eqo və arzu hisslərinin) gücləndiyini və ruhani təmizliyinə zərər verdiyini bildirir. “Mis kimi pas atarsa” ifadəsi, nəfsin zamanla insanın ruhunu və qəlbini çirkləndirən bir yükə çevrildiyini göstərir. Fikrimizcə, “pas”, ruhun çirklənməsi və mənəvi inkişafın əngəllənməsi kimi başa düşülür. “Onu silmək üçün yalnız budur yararlı dərman” ifadəsi, din elminin və kamilliyin (yüksək mənəviyyatın) bu pası təmizləyən tək vasitə olduğunu bildirir. Yəni, şair nəfsin mənfi təsirlərindən yaxa qurtarmaq üçün din elminin tətbiqinin ən faydalı “dərman” olduğunu qeyd edir. Bu, təmizlənmə və mənəvi təkmilləşmənin yolu kimi göstərilir.
Şair, bildirir ki, din elmi yalnız bilik və məlumatla deyil, həm də könül və qəlb təmizlənməsi ilə əlaqəli bir sahədir. Şair, nəfsin (insanın daxili arzu və ehtiraslarının) insanın inkişafını necə əngəllədiyini və din elminin bu mənfi təsirlərdən təmizlənmək üçün tək vasitə olduğunu bildirir.
Bir elm Kəbəsi, qələmi, məclisi, təmiz,
Zəmzəmlə qarə daşa bərabərdi, şübhəsiz.
Xaqani Şirvani elmin müqəddəsliyini və yüksək qiymətini kainatdakı müqəddəs yerlərlə müqayisə edir. Kəbə, islamda Allahın evini təmsil edir və dünyanın ən müqəddəs yeri sayılır. Şair elmi Kəbə ilə müqayisə edərək, onun mənəvi və ruhani əhəmiyyətini vurğulayır. Elm yalnız bilik deyil, həm də insanın təmizlənməsi, yüksəlməsi və ruhunun inkişafı üçün vacib bir vasitədir.
Qələmi burada yazının, təhsilin və bilikləri yaymanın rolu kimi işarə edir. Məclisi isə elm məclisini, yəni elm haqqında düşüncələrin, müzakirələrin, təhsilin edildiyi yer kimi göstərir. Şair, bu üç elementi – qələm, məclis və təmizliyi – elmə aid edərək, onun nə qədər müqəddəs və yüksək olduğunu ifadə edir.
Zəmzəm suyu, Məkkədəki Zəmzəm bulağından gəlir və islam dünyasında çox müqəddəs sayılır. Həmin bulaq, islamda İbrahim peyğəmbərin və onun oğlu İsmailin həyatını xilas etmək üçün yaranmışdır. Şair elmi Zəmzəm suyu ilə müqayisə edir. Bu da onun müqəddəsliyini və həyat verən rolunu təmsil edir.
Qara daş, Kəbə dağının içində yerləşən və islam zəvvarları tərəfindən öpülən bir daşdır, ona da çox böyük dini hörmət göstərilir. Şairə görə, elm də Zəmzəm suyu və qara daş kimi müqəddəs bir şeydir. Çünki elm də insanın mənəvi təmizliyini təmin edir və ruhani yüksəlişə səbəb olur.
Bu cəhllə, din elmini öyrənib, qoy yanbayan,
Müşkü daim sarımsaqla eyləyərlər imtahan.
Bu iksiri yoxlamışdır böyük İskəndər əvvəl,
Ona alim Ərəstudan keçmiş idi bu əməl.
Xaqani Şirvani din elminin və biliyin əhəmiyyətini, həmçinin bu biliklərin insanların həyatına necə təsir etdiyini təsvir edir. Şair, həmçinin qədim tarixi simvollardan istifadə edərək, elmin və elmə yiyələnməyin nə qədər müqəddəs və vacib olduğunu bildirir. “Cəhllə” (cəhl yəni, boş yerə yorulmaq və ya səhv yolda olmaq) anlamında işlənir. Şair, din elmini düzgün və məqsədli şəkildə öyrənməyə çalışan insanları, heç bir şübhə və bilməməzliklə deyil, doğru bir şəkildə bu elmləri mənimsəməyə çağırır. Yəni, din elmini cəhllə deyil, düzgün və ciddi şəkildə öyrənmək lazımdır.
“Müşkü daim sarımsaqla eyləyərlər imtahan” ifadəsi bir metaforadır. Burada “müşk” (yəni, ətirli bir maddə) və “sarımsaq” bir-birinə zidd olan şeylərdir. Bu, insanın həyatında yaxşı və pis niyyətlərin qarışması, həmçinin doğru və yanlışın sınanması ilə əlaqələndirilir. Şair imtahanın çətinliyini və bu çətinlikdən keçmənin elmə olan bağlılığına işarə edir. “Bu iksiri yoxlamışdır böyük İskəndər əvvəl, Ona alim Ərəstudan keçmiş idi bu əməl” – deyən şair “iksir”i elm və ya bilik kimi anlatmaq istəyir. Şair Makedoniyalı İskəndəri və Ərəstunu (Aristoteli) bu “iksiri” (elmi bilikləri) yoxlamış şəxs kimi təqdim edir. Böyük İskəndər Ərəstunun şagirdi olmuşdur və Ərəstunun ona verdiyi biliklər və fəlsəfi görüşlər İskəndərin həyatında mühüm yer tutmuşdur.
Şair Makedoniyalı İskəndərin və Ərəstunun elm və biliklərin gücünü anladığını və ikisini birləşdirərək “iksirin” mənim olma prosesini izah edir. Bu, elmin insanlar üçün nə qədər dəyərli və imtahanlardan keçməyi tələb edən bir vasitə olduğunu göstərir.
Fəzilətli əli ilə elm, hünər ucalar,
Həssan onun bir dırnağı, barmağı Söhban olar.
Xaqani Şirvani elm və hünərin nə qədər qiymətli olduğunu və fəzilətli bir insanın onlarla necə yüksəldiyini vurğulayır. Şair, fəzilətli (yəni, məzhəbli, mənəvi cəhətdən təmiz və yüksək əxlaqlı) bir insanın elm və hünərlə necə yüksələcəyini bildirir. Fəzilət burada həm əxlaq, həm də bilik baxımından insanın yüksəkliyi deməkdir. Elm və hünər bu yüksək fəzilətə xidmət edən vasitələrdir.
Elm (bilik) və hünər (bacarıq) şairə görə, bir insanın yalnız fəzilətli olması ilə mümkün olan ən uca səviyyəyə yüksəlir. Yəni, əgər insan doğru məqsədlərlə elmi və hünəri istifadə edirsə, o zaman bu iki şey insanı zirvəyə çatdırar.
Şair çox böyük və dəyərli bir təhkim və mənəvi təsiri anlatmaq üçün bir analogiyadan istifadə edir. Həssan və Söhban böyük ehtimalla iki mənəvi və müdrik simvoldur. Həssan (Fəzilət sahibi) və Söhban isə böyük və hörmətli insanları rəmzləşdirir. Şair Həssanın barmağı və dirəyinin Söhban olmasını qeyd edir. Fikrimizcə barmaq və dırnaq insanlar arasında kiçik bir fərqi ifadə edir, lakin kiçik olanın belə böyük bir dəyəri və təsiri var. Bu, insanın çox kiçik bir hərəkəti, kiçik bir fəziləti ilə belə böyük işlər görə biləcəyini göstərir. Xaqani fəzilətli insanın elm və hünərlə yüksəlməsi, onun həm dünya, həm də axirət həyatında həyati bir rol oynayacağını bildirir.
Cahilləri öymə ki, sərvəti var, malı var,
Elmiylə, hikmətiylə öyünməli insanlar.
“Hörmət və etibar sahibi olan” Xaqani Şirvani bu misrada, cəhalət və elm arasındakı fərqi, elmin və hikmətin əhəmiyyətini, həmçinin mal-mülk və sərvət ilə fəzilətin necə müqayisə edildiyini vurğulayır. Elm və hikmət şairin diqqətini yönəltdiyi əsas dəyərlərdir. Elm, insanın bilik və məntiqi təfəkkür qabiliyyətini, hikmət isə daha çox yaşamaq təcrübəsi, doğru qərarlar vermə bacarığı və dərin düşüncə ilə əlaqəlidir. Şair, insanın gerçək dəyərini yalnız elm və hikmətlə ölçməli olduğunu vurğulayır. Yəni, zəka, bilik və doğru düşüncə insanı yalnız material zənginliklə öyünənlərdən üstün edir. Həmçinin, hikmət yalnız sadə bilik deyil, həm də insanlara faydalı olmaq, həyatın mənasını anlamaq və düzgün yaşam tərzi seçmək deməkdir. Məliküşşüəra Əbül-Üla Gəncəvi Xaqani Şirvaninin yaradıcılığına dəyər verərkən demişdir: “Sənin şeirlərin səhər çağının sərin mehri kimi gözəldir”.
Xaqani Şirvaninin elm və elmin fəzilətləri haqqında baxış və görüşlərinə yekun vurarkən belə nəticəyə gəlirik:
Hər bir kəlməsində elmin, ədalətin və insanlığın yüksək məqsədlərini qoruyan Xaqani Şirvani bilik və təcrübənin təbii inkişafını təqdir etmiş və bunu insanın mənəvi yüksəlişi ilə əlaqələndirmişdir;
Oxucusunu öz mənliyinə doğru aparan Xaqani Şirvani əsərlərində əxlaqın və mənəvi inkişafın elm vasitəsilə əldə olunması fikrini irəli sürmüşdür;
Yalnız dövrünün deyil, bəşəriyyətin ən böyük dəyərlərini təmsil edən Xaqani Şirvani hər bir əsərində təbiətin nizamını, həyat qanunlarını və harmoniyasını insan həyatına tətbiq etməyə çalışmışdır;
Bütün insanlıq tarixinin bir əbədi mirası sayılan Xaqani Şirvani elmi yalnız xarici aləmi öyrənmək deyil, həm də daxili aləmi kəşf etmək olaraq görmüşdür. Bu da müasir pedaqoji-psixologiyada insanın özünü anlama prosesi ilə əlaqəlidir;
Zamanın və məkanın hüdudlarını söz çələngi ilə aşaraq dövrümüzə gəlib çatan Xaqani Şirvani elmi biliklərin yalnız kitab və nəzəriyyələrlə deyil, həm də həyat təcrübəsi ilə əldə olunmalıdır qənaətinə gəlmişdir;
Sözün və düşüncənin möhtəşəm nümayəndəsi Xaqani Şirvaninin fikrincə elmə yalnız intellektual fəaliyyət kimi yox, həm də insanın mənəvi və əxlaqi inkişafının formalaşmasında bir vasitəsi kimi yanaşılmalıdır;
Elm və əxlaqın harmoniyasını poetik bir sənət əsərinə çevirmiş Xaqani Şirvani deyir ki, elm insanın daxilindəki mənəviyyat və əxlaqı zənginləşdirməlidir;
Əxlaqın və elmə sevdanın zümrüdü Xaqani Şirvani belə ifadə edir ki, elm yalnız zahiri və təbii aləmi başa düşmək deyil, insanın daxili dünyasına, ruhuna və əxlaqına təsir etməli, onu kamilləşdirməlidir;
İnsanlıq tarixinin dəyərli sərvəti adlandırdığımız Xaqani Şirvani elmi biliklərin insanın Allaha daha yaxınlaşması və doğru yolu tapması üçün bir vasitə olduğu qənaətinə gəlmişdir.
Geri dön