Ana Sayfa > Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Dünya / Seçilənlər-9 > Naxçıvana terror hücumu molla rejiminin sonunun başlanğıcıdır

Naxçıvana terror hücumu molla rejiminin sonunun başlanğıcıdır


5-03-2026, 15:04. Yazar: sevinc1
Naxçıvana terror hücumu molla rejiminin sonunun başlanğıcıdır


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri


İranın terror maşını tərəfindən Azərbaycanın qədim qalası Naxçıvana – dinc insanların nəfəs aldığı mülki hava limanına və məktəb yaxınlığına endirilən dron zərbələri molla rejiminin onilliklərdir içində boğduğu Azərbaycan və Türk nifrətinin qusuntusudur. Bu, sadəcə bir təxribat deyil, bu, qonşuluq maskası taxmış xain bir rejimin Azərbaycana qarşı apardığı açıq terror və alçaqlıq aktıdır. Mülki infrastrukturu hədəf almaq müharibə deyil, acizliyin, qorxaqlığın və mənəvi cılızlığın ən rəzil formasıdır.

Özünü saxta "İslam hamisi" elan edən Tehranın qanlı diktaturası, 30 il boyunca erməni faşistlərinin dəyirmanına su tökməklə məşğul idi. Şuşada, Ağdamda məscidlərimizə donuzlar doldurulanda, müqəddəs ocaqlarımız murdarlananda bu "dindarlar" erməni qatilləri ilə qucaqlaşıb iqtisadi-hərbi sövdələşmələr qururdular. Məscid dağıdanla əlbir olanın İslamdan dəm vurması riyakarlığın zirvəsidir! Erməni qəsbkarını yanacaq və silahla təmin edib Azərbaycanın üstünə salan molla rejimi, bu gün də eyni düşmənçiliyi Naxçıvana hücum etməklə davam etdirir.

Azərbaycan dövləti hər zaman qonşuluq haqqını qoruyub, lakin qarşısındakı rejim bu haqqı anlamayacaq qədər nankordur. Prezident İlham Əliyevin İranın Ali Liderinin ölümü zamanı nümayiş etdirdiyi yüksək dövlət etikasına və başsağlığına dron zərbələri ilə cavab vermək, Tehranın yalnız gücdən və yumruqdan anladığını sübut edir. Azərbaycanın səbri tükənməz deyil, bizə uzanan hər bir xain əli yerindəcə qırmaq və həmin dronları onların öz başına uçurmaq üçün gücümüz də, iradəmiz də var! Azərbaycana hücum edənlərin aqibəti tarixin qanlı səhifələrindədir, İran rejimi də bu qorxaq əməlin bədəlini ödəyəcək!

Artıq kifayətdir! Tehrandakı çürümüş rejim onilliklərdir Güney Azərbaycandakı 40 milyon soydaşımızın milli hüquqlarına qənim kəsilib. Urmu gölünü qəsdən qurudub milyonlarla insanı ekoloji soyqırımla hədələyənlər, uşaqlara öz ana dilini qadağan edib milli fəalları zindanlarda çürüdənlər bilməlidirlər ki, hər bir cinayətin, haqsızlığın, zülmün bir sonu olduğu kimi, cəzası da var.


Geri dön