Ana Sayfa > Karusel / Özəl > Sözün İncə dərəsi:
Sözün İncə dərəsi:Bu gün, 14:23. Yazar: sevinc1 |
![]() Birinci və ikinci yazını bu linklərdən dən oxuya bilərsiniz: https://aia.az/120303-sozun-ince-deresi.html https://aia.az/120307-sozun-ince-deresi.html 3-cü yazı Ənənədən modernə: müasir poeziyada Məmməd İlqar imzası Azərbaycan poeziyasının son yarıməsrlik mənzərəsinə nəzər saldıqda, Məmməd İlqar imzasının klassik ənənə ilə modern düşüncə arasında sarsılmaz bir dayaq nöqtəsi olduğunu görürük. O, Qazax-Borçalı aşıq məktəbinin ustadlarından miras qalan irsi kor-koranə təqlid etməmiş, əksinə, o qədim ruhu müasir dövrün estetik tələbləri ilə yenidən yoğurmuşdur. XX əsrin sonlarında xalq şeiri formalarına qarşı yaranan "texniki yanaşma" və "şablonçuluq" təhlükəsini ustad məhz öz bənzərsiz səmimiyyəti ilə dəf etdi. Onun yaradıcılığındakı modernizm sadəcə formadan qaçmaq deyil, formanın daxilinə yeni, daha mürəkkəb insan psixologiyasını yerləşdirməkdir. Klassik şeirdə təbiət daha çox heyranlıq obyekti idisə, Məmməd İlqarda o, şəhər mühitində boğulan insanın yeganə xilas limanıdır: "Of, necə qurutdu bu şəhər məni, Ruhum aranızda, can qəfəsdədi. Ta çətin saxlayar fələklər məni, O hicran vardı ha, – son nəfəsdədi…" Bu misralarda ənənəvi "hicran" mövzusu müasir urbanizasiya dramı ilə birləşir. Məhz bu modern təfəkkürün nəticəsidir ki, onun "Pantomim təcnis"i Azərbaycan ədəbiyyatında inqilabi bir hadisə sayılır. Təcnis kimi riyazi dəqiqlik tələb edən bir janra teatr elementini, jesti və hərəkəti gətirmək ustadın sənət cəsarətinin göstəricisidir. Burada klassik cinas sənəti müasir insanın yadlaşma probleminin və soyuq münasibətlərinin bədii təsvirinə çevrilir. Məmməd İlqar sübut etdi ki, qoşma və təcnis köhnəlmiş qəliblər deyil. Əgər bətninə şair səmimiyyəti qoyularsa, bu formalar XXI əsr insanının ən gizli ağrılarını da ifadə edə bilər. O, hay-küylü modernizmdən qaçaraq, sözün ilkin və müqəddəs mahiyyətinə sığınan modern bir dərvişdir. Dostluq fəlsəfəsi və "dar günün" şeirləri Azərbaycanın söz xəritəsində Qazax, xüsusən də onun İncə Dərəsi və Aslanbəyli kəndi sadəcə coğrafi ünvan deyil, bir poeziya paytaxtıdır. Bura Vaqiflərin, Vidadilərin, Vurğunların ruhunun dolaşdığı, sazın tellərində sözün dastanlaşdığı müqəddəs məkandır. Məmməd İlqar bu nəhəng "Söz məktəbi"nin ən ləyaqətli varislərindən biri kimi ədəbiyyatımıza gəldi. Onun poetik nəfəsi İncə Dərəsinin büllur sularından güc alaraq ümummilli bir hadisəyə çevrildi: Anam Qazax, bir qafiyən “uzaxdı”, Yaxın olsun, nə qafiyə gəzim ki? Dil ağızda, qələm əldə titrəyir, Allah kəssin, sənətdimi bizim ki? Ustad üçün Qazax sadəcə doğulduğu yer deyil, hər bir misrasının qafiyəsi, hər bir qoşmasının canıdır. O, bu torpağı "anasından əzəl" sayaraq, yaradıcılığının şirəsini bu kökdən aldığını hər məqamda vurğulayırdı. Onun "Mən həmən oğlanam, a dağ yolları" fəryadı, əslində, Qazaxın o dumanlı zirvələrinə olan sadiqlik andıdır. Ustadın yaradıcılığı aşıq-saz mühiti ilə peşəkar yazılı ədəbiyyatın ən uğurlu kəsişmə nöqtəsidir. O, İncə Dərəsinin kədərini və gözəlliyini bütün Azərbaycana sevdirməyi bacardı. Onun bu yurda müraciəti bir aşiqin öz məşuquna olan nazı kimidir: Gecikmişəm görüşünə nə vaxtdı, Gələmmirəm İncə dərəm, incimə. ...Günahkaram, öləsiyəm qarşında, Öləmmirəm, İncə dərəm, incimə. Bu gün ustadın sükutu həmin dağların da boynunu büküb. Lakin Aslanbəylidən ucalan o səs artıq fərdi bir səs olmaqdan çıxıb, bir mahalın, bir məktəbin əbədi nəğməsinə çevrilib. Məmməd İlqar Qazaxın söz mülkünü elə bir zirvəyə qaldırdı ki, oradan baxanda onun poeziyası həm yerli, həm də bəşəri bir nur kimi görünür. Şairin yaddaşı dumanlansa da, İncə Dərəsinin hər bir daşı Məmməd İlqarı hər misrada yenidən yaşadacaqdır. ![]() Şəmsi Qoca Geri dön |