Ana Sayfa > Manşet / Siyasət / Özəl > Xocalıda ədalətin zəfəri-
Xocalıda ədalətin zəfəri-Bu gün, 13:22. Yazar: sevinc1 |
![]() Tarixin yaddaşından silinməyən qanlı bir gecənin qisası, otuz dörd ildən sonra Xocalının öz bağrında ucaldılan Memorial Komplekslə bədii və tarixi bir vəhdət tapdı. Bu gün Xocalı təkcə ağrı və acı deyil, həm də sarsılmaz bir qürur və əyilməz iradənin paytaxtına çevrilmişdir. Bu uca mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandan İlham Əliyev, öz çıxışı ilə bir daha sübut etdi ki, əsl liderlik təkcə ordu qurmaq deyil, həm də millətin yaralı ruhunu sağaltmaq, onun qırılan ümidlərini polad bir iradə ilə yenidən bərpa etməkdir. Prezident İlham Əliyev – bu adı dünya hərb tarixinə mütləq qələbənin memarı kimi həkk edən dahi rəhbər, Xocalı soyqırımı qarşısında bəşəriyyətin susduğu yerdə öz haqq səsini ucaltdı. O, işğalın ən qaranlıq illərində belə "reallıqla barışın" deyən güclərin önündə bir qaya kimi dayandı. Prezidentin çıxışında dediyi o sarsılmaz ifadələr – “Biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu” – bir dövlət rəhbərinin öz xalqına verdiyi müqəddəs vədin ən ali təsdiqi idi. Bu tarixi ədalətin siyasi və mənəvi təməllərinin atılmasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək borcumuzdur. Fondun yarandığı ilk gündən etibarən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın müstəsna təşəbbüsü olan “Xocalıya ədalət!” hərəkatı, dünyaya səs salan bir intibah dalğasına çevrildi. Prezident öz çıxışında bu fəaliyyəti yüksək qiymətləndirərək bildirdi: “Son 20 il ərzində dünyanın bir çox ölkələrində tədbirlər, təqdimatlar keçirilmişdir, kitablar, bukletlər dərc edilmişdir... Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb.” Heydər Əliyev Fondu sükutu darmadağın etdi, erməni yalanlarını ifşa edərək Xocalı həqiqətlərini bəşəriyyətin vicdanına həkk etdi. ![]() Xocalıda ucaldılan Memorial Kompleksin bədii memarlığı isə sadəcə bir tikili deyil, daşa həkk olunmuş milli dram və milli ləyaqətdir. Kompleksin hər bir xətti, hər bir daşı sanki o məşum gecənin qurbanlarının səssiz fəryadını və eyni zamanda qalib Azərbaycanın əzəmətini simvolizə edir. Memarlıq kompozisiyası elə qurulmuşdur ki, o, insanı həm keçmişin acı xatirələri ilə üz-üzə qoyur, həm də gələcəyin sarsılmaz gücünə inandırır. Prezidentin bədii bir incəliklə vurğuladığı kimi, bu abidənin Bakıda deyil, məhz Xocalıda ucaldılması onun sarsılmaz inamının təntənəsi idi: “Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu.” Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dövləti, sözün əsl mənasında, dəmirdən bir yumruğa çevrildi. İlham Əliyevin “Ədaləti biz özümüz təmin etdik... Müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi” sözləri dünyaya verilən ən ləyaqətli dərsdir. O, dünya erməniliyinin yalanlarını darmadağın edərək bəyan etdi: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir.” Bu gün Xocalı sakinləri öz doğma yurdlarında başıuca gəzirlərsə, bu, Prezident İlham Əliyevin misilsiz qətiyyətinin bəhrəsidir. O, Azərbaycanı bölgənin və dünyanın söz sahibi olan qüdrətli bir dövlətinə çevirdi. Onun adı tariximizə təkcə bir Prezident kimi deyil, Xocalının qisasını alan, şəhidlərimizin ruhunu göylərə ucaldan və xalqımızın ləyaqətini dünyaya təsdiq edən Böyük Xilaskar kimi yazıldı. Allah uca millətimizi və onun bu dahi rəhbərini qorusun! Geri dön |