Ana Sayfa > Siyasət > Kamran Bayramov: "Xocalı qatillərinə Bakıda hökm oxunması ədalətin təntənəsidir"

Kamran Bayramov: "Xocalı qatillərinə Bakıda hökm oxunması ədalətin təntənəsidir"


Bu gün, 10:53. Yazar: azer
Kamran Bayramov: "Xocalı qatillərinə Bakıda hökm oxunması ədalətin təntənəsidir"

Xocalı soyqırımı Ermənistan dövləti və erməni faşistləri tərəfindən Azərbaycan xalqına, bəşəriyyətə və insanlıq dəyərlərinə qarşı törədilmiş ən qanlı hərbi cinayətdir. 1992-ci ilin 26 fevralına keçən o məşum gecədə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən mülki əhaliyə qarşı həyata keçirilən bu qətliamın birbaşa məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecənin içində 613 günahsız insanın, o cümlədən, 106 qadın və 63 uşağın qəddarcasına qətlə yetirilməsi, müasir tarixin ən dəhşətli soyqırımı aktlarından biridir. Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında bildirib ki, bunun məsuliyyətini Ermənistan dövləti daşıyır: “Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.”
Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, haqq səsimizin beynəlxalq birliyə çatdırılması istiqamətində Azərbaycan dövləti, ictimai qurumlar və qeyri-hökumət təşkilatları sarsılmaz əzm və fəallıqla çalışmağa davam edir. Bu gün Xocalı həqiqətləri, təcavüzkarın əsl simasını ifşa edən ən güclü mənəvi və hüquqi silahımızdır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti və ictimai qurumlar illərdir yorulmadan fəaliyyət göstərirlər. Bu prosesdə Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi mərhələ təşkil edir. Erməni təbliğat maşınının faciəni ört-basdır etmək və günahı Azərbaycanın üzərinə yıxmaq cəhdlərinə baxmayaraq, aparılan ardıcıl işlər nəticəsində artıq 20-yə yaxın ölkə bu qətliamı rəsmən soyqırımı kimi tanıyıb. Dövlət başçısının qeyd etdiyi kimi, 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.
Deputat diqqətə çatdırıb ki, dövlət başçımızın xüsusi vurğuladığı bu tarixi məqamlar, Azərbaycanın həm döyüş meydanında, həm də hüquq müstəvisində qazandığı mütləq qələbənin xülasəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Xocalı qatillərinin və separatçı rejimin rəhbərlərinin qandallanaraq Bakıya gətirilməsi sadəcə bir hüquqi prosedur deyil, otuz illik ədalətsizliyə son qoyan tarixi təmizlənmə aktıdır. Prezident bu qətiyyətli mövqeyi aşağıdakı fikirlərlə ifadə etmişdir: "Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi."

K.Bayramov vurğulayıb ki, Azərbaycanın müasir dövlətçilik tarixi Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hazırlıq dövründən mütləq Zəfərə qədər gedən şərəfli bir yoldur. Dövlət başçısının qeyd etdiyi kimi, ərazi bütövlüyünün bərpası hər zaman bir nömrəli vəzifə olub və bu hədəfə çatmaq üçün ölkəmiz illərlə həm diplomatik, həm də iqtisadi-hərbi güc toplamışdır. Məhz bu sarsılmaz qətiyyət və uzaqgörən siyasət nəticəsində Azərbaycan addım-addım öz tarixi hədəfinə işğal altındakı torpaqların azad olunmasına doğru irəlilədi. Dövlət başçımız bu tarixi prosesi, qazanılan qələbənin fəlsəfəsini və ədalətin bərpasını belə xülasə edir:"Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik..." Prezidentin bu sözləri bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları təsadüfi bir nəticə deyil, illərlə hədəfə doğru atılan düşünülmüş addımların məntiqi yekunudur. Xocalıya ədalət, Qarabağa azadlıq gətirən bu yol Azərbaycanın qüdrətinin dünyaya nümayişidir. Xocalıda ucaldılan Memorial Kompleksin açılışı Azərbaycan xalqı üçün sadəcə bir abidənin inşası deyil, tarixi ədalətin bərpasıdır. Ölkə rəhbəri qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən hələ illər öncə hazırlanan bu layihənin Bakıda inşası planlaşdırılsa da, daxili bir inam buna mane olurdu. Bu, Xocalının mütləq azad ediləcəyinə və bu müqəddəs kompleksin məhz öz doğma yerində ucaldılacağına olan sarsılmaz inam idi. Bu gün həmin kompleks silinməz yaddaşımızın təcəssümü olaraq gələcək nəsillərə erməni faşizmini unutmamağı və hər zaman güclü olmağı diktə edir.

K.Bayramov əlavə edib ki, Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının 30 illik ədalətsizlik qarşısında əyilməyən ruhunun, ləyaqətinin və sarsılmaz inamının təcəssümüdür. Bu abidənin məhz azad edilmiş Xocalıda ucaldılması göstərir ki, Azərbaycan dövləti artıq öz taleyini özü yazan, ədaləti beynəlxalq qurumlardan gözləməyən, onu öz gücü ilə bərpa edən qüdrətli bir gücdür.Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın bu Zəfəri həm də mənəviyyat qələbəsidir. Biz erməni faşistlərindən fərqli olaraq müharibəni döyüş meydanında, hərbi ləyaqət qaydaları ilə apardıq və qisasımızı yalnız işğalçı ordudan aldıq. Bu gün şəhidlərimizin qanının yerdə qalmaması və hərbi cinayətkarların qandallanaraq Bakıda məhkəmə qarşısına çıxarılması ədalətin tam və qəti təntənəsidir.
Geri dön