Ana Sayfa > Siyasət > Ədaləti biz özümüz təmin etdik.

Ədaləti biz özümüz təmin etdik.


Dünən, 21:17. Yazar: azer
Ədaləti biz özümüz təmin etdik.

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi yaşayır. 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyinə həkk olundu. Lakin tarix göstərdi ki, ədalət gecikə bilər, amma susmaz; həqiqət ört-basdır edilə bilər, amma məhv edilə bilməz. Azərbaycan xalqı bu ədaləti kənardan gözləmədi və onu özü təmin etdi.

İllər boyu beynəlxalq müstəvidə həqiqətlərin çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirildi. Dövlət səviyyəsində aparılan diplomatik mübarizə, ictimai təşkilatların təşəbbüsləri və xüsusilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir çox ölkələr bu faciəyə hüquqi-siyasi qiymət verdi. Bu, ədalət yolunda atılan mühüm addım idi.

Lakin Azərbaycan üçün ədalət yalnız bəyanatlar və qətnamələrlə məhdudlaşa bilməzdi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi xalqın iradəsinin, dövlətin qətiyyətinin və ordunun gücünün təntənəsinə çevrildi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi və düşməni kapitulyasiyaya məcbur etdi. Bu Zəfər təkcə hərbi uğur deyildi-bu, tarixi ədalətin bərpası idi.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndi. Qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi və separatçı rejimin ləğvi Azərbaycan dövlətinin əyilməz iradəsini bir daha nümayiş etdirdi. Bununla da Xocalı qurbanlarının ruhuna olan borcun mühüm hissəsi yerinə yetirildi.

Bu gün Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialı yalnız bir abidə deyil-o, milli yaddaşın rəmzi, xalqın sarsılmaz ruhunun təcəssümüdür. Memorialın açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir həqiqəti bir daha təsdiqlədi: Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil. Bu gün ölkəmiz güclü iqtisadiyyata, peşəkar orduya və müstəqil siyasətə malikdir.

“Ədaləti biz özümüz təmin etdik” ifadəsi sadəcə siyasi bəyanat deyil, bu milli iradənin manifestidir. Azərbaycan xalqı 30 il ərzində səbrlə, inamla və qətiyyətlə haqq mübarizəsini davam etdirdi. Təzyiqlərə, təhdidlərə və müxtəlif siyasi manipulyasiyalara baxmayaraq, dövlət öz prinsipial mövqeyindən geri çəkilmədi. Güclü iqtisadiyyat quruldu, müasir ordu formalaşdırıldı, beynəlxalq münasibətlər sistemi genişləndirildi. Bütün bunlar bir məqsədə-ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına xidmət edirdi.

Bu gün Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu qələbə qisasçılıq yox, hüququn və ədalətin təntənəsidir. Tarix bir daha sübut etdi ki, güclü dövlət, bir yumruq kimi birləşmiş xalq və qətiyyətli liderlik olduqda ədalət bərpa olunur.
Ədalət bizə kənardan verilmədi. Biz onu siyasi iradə ilə, diplomatiya ilə, iqtisadi güc ilə və lazım gəldikdə isə silahlı mübarizə ilə özümüz təmin etdik. Və bu ədalət gələcək nəsillərə ötürüləcək milli qürur və dövlətçilik dərsidir.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.
Geri dön