Ana Sayfa > Karusel / Özəl / Yazar2 > Sözün İncə dərəsi:
Sözün İncə dərəsi:Dünən, 21:23. Yazar: sevinc1 |
![]() 1-ci Yazı: Aslanbəylidən ucalan səs: ruhun coğrafiyası və sadiqlik andı Azərbaycan ədəbiyyatı tarixində elə imzalar var ki, onlar sadəcə müəyyən bir dövrün şairi deyil, xalqın minillik yaddaşının, dilinin və mənəviyyatının əbədi keşikçisinə çevrilirlər. Bu ustadlardan biri, bəlkə də ən birincisi, sazın sehrini sözün qüdrəti ilə öz şəxsiyyətində bütövləşdirən Məmməd İlqardır. Azərbaycanın söz xəritəsində Qazax, xüsusən də onun İncə dərəsi sadəcə coğrafi bir ünvan deyil, əsl poeziya paytaxtıdır. Bu torpaq XVII əsrdə Əfqan Hacıdan bəri başlanan, Aşıq Avdı Qaymaqlı sazında və sözündə cilalanan möhtəşəm bir sənət estafetinin vətənidir. Bu yol aşıq Cəlal Qəhrəmanovun, Kərəm İncəlinin, Yəhyanın, Sadıq Avdıoğlunun sazında tumarlanmış; Səyyar Vəli, Ələddin İncəli, Qarasultan oğlu İbrahim ləhcəsindən mayalanmışdır. Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Hacı Məhəmməd Aslanbəyli, İbrahim İlyaslı, Rəfail İncəyurd, Avdı Qoşqar, Mahmud Vəli və adlarını saymaqla bitməyən onlarla İncəli şairin qurduğu bu zəngin ədəbi mühit, nəhayət, Məmməd İlqar zirvəsinə yüksəldi. 1950-ci il fevralın 22-də Aslanbəylidə dünyaya göz açan şair, İncə dərəsinin üç qardaş kəndinin — Aslanbəyli, Kəmərli və Qaymaqlının özünəməxsus poetik ab-havasını öz səsində birləşdirdi. O, boya-başa çatdığı bu mənzərəni elə parlaq boyalarla, dilin elə bir möcüzəsiylə yaradıb ki, bu bədii abidəni ondan əvvəl və sonra kimsə bu ucalıqda ucalda bilməmişdir: İncənimi soruşursan, Əfəndim, Dünyanın bir bucağında bir eldi... Halal yığar - haramılar daşıyar, Haram bişməz ocağında bir eldi. Əfsanələr incələnib adında, Binələnib ürəyinin çatında, Kök-köməci yerin yeddi qatında, Başı qardaş bıçağında bir eldi. Məmməd İlqar yaradıcılığı sadəcə misraların bədii düzümü deyil; bu, Qazaxın dumanlı dağlarından süzülüb gələn, klassik aşıq poeziyasının ruhunu müasir bədii təfəkkürlə nikahlayan möhtəşəm bir sənət abidəsidir. XX əsrin sonu və XXI əsrin əvvəllərində, poeziyada xalq şeiri formalarına qarşı süni bir "soyuqluq" yarandığı dövrdə o, qoşmanı, gəraylını və xüsusən də təcnisi yenidən zirvəyə qaldırdı. Şair uşaqlıq illərində anasının saçının qara vaxtlarından, dağ yollarından aldığı ilhamı Bakının ədəbi mühitünə gətirərək, şəhərin soyuq divarları arasında insanlara yurd həsrətini dadızdırdı: Salam, Qara Quzey, Salam, Ağ dərə! Çeyillər, çəmənlər, necə varsınız? Bir nəğmə yazmışam - sizə göndərəm - Müğənni kəkliklər, oxuyarsınız. Of, necə qurutdu bu şəhər məni, Ruhum aranızda, can qəfəsdədi. Ta çətin saxlayar fələklər məni, O hicran vardı ha, - son nəfəsdədi... Onun poeziyası, əslində, müasir insanın özünə, saflığa və itirilməkdə olan insani dəyərlərə qayıdış manifestidir. "Anamın saçının qara vaxtları" kimi şah əsərləri isə ümidlərin hələ sıx, arzuların sağ olduğu o "baxtın ağ vaxtları"nın poetik sənədidir: Hələ ümidlərin sıx vaxtlarıydı, Arzumun çoxunun sağ vaxtlarıydı, Baxtımın, günümün ağ vaxtlarıydı - Anamın saçının qara vaxtları. ![]() Bu gün şairin ağır xəstəliklə mübarizə aparması, yaddaşının dumanlanması və 2013-cü ildən bəri sükuta çəkilməsi hər bir söz sərrafı üçün sarsıdıcı bir "tale dramı"dır. Lakin Məmməd İlqar fiziki olaraq unuda bilər, amma onun yaratdığı söz xəzinəsi Azərbaycan durduqca unudulmazdır. Bu tədqiqat silsiləsi ustadın sadəcə bir şair kimi deyil, bir sənət məktəbi, bir dil fədaisi kimi portretini cızmaq məqsədi daşıyır. Biz onun təcnislərindəki riyazi dəqiqliyi, qoşmalarındakı xalq ruhunu və şəxsiyyətindəki bütövlüyü təhlil edərək, bu "İncə dərəli" dühanın əvəzsiz yerini bir daha təsdiq edəcəyik. Sözün zahirindən batininə: irfan işığında ruhun səyahəti Məmməd İlqar poeziyası zahirən xalq şeiri ənənələrinə sığınsa da, onun batinində, misraların dərin qatlarında səssizcə döyünən güclü bir irfan fəlsəfəsi dayanır. Onun yaradıcılığında dünya, insan, dərd və Tanrı anlayışları klassik təsəvvüfün "Vəhdəti-vücud" və "İnsan-i Kamil" axtarışları ilə sarsılmaz bir vəhdətdədir. Şairin poeziyası, əslində, bir dərvişin maddi aləmdən mənəvi ucalığa doğru çıxdığı ruhsal səyahətidir. İrfan ədəbiyyatında "dərd" anlayışı insana verilmiş ən böyük nemət və ruhun saflaşma vasitəsi kimi qəbul edilir. Məmməd İlqarın "Ən gözəl dərdimsən" şeiri bu fəlsəfənin ən parlaq poetik bəyanıdır. Şair "Mənə dərd gözəldi, dərdə mən gözəl!" deyərkən dərdi çiyinlərdə daşınan ağır bir yük kimi deyil, ruhu bəzəyən bir mənəvi zinət kimi qəbul edir. Bu yanaşma, dahi Füzulinin "Dərd çox, həmdərd yox" nidasının müasir dövrdəki əks-sədasıdır. Onun üçün dərd çəkmək ruhun çökməsi deyil, əksinə, "Ölərmi sən kimi dərd əmən, gözəl?" sualı ilə ruhun əbədiyyət qazanmasıdır. Ustadın "Gül gülə-gülə" təcnisi klassik irfanın ən böyük simvollarından olan Gül (Haqq) və Bülbül (Aşiq) münasibətlərini müasir şeir dilində yenidən canlandırır. Şairin "Gül üstündə arıya bax bircə sən - Gör gülün nazını nə gözəl çəkir" ifadəsi, kainatdakı hər bir zərrənin öz Yaradanına olan ehtiramını möhtəşəm bir bədii dillə ifadə edir. Bu irfani düşüncənin zirvəsi isə onun "Qıl körpü" şeiridir. Şair burada özünü taleyin mənəvi "Sırat körpüsü"ndə hiss edərək, ömrün daxili mühakiməsini aparır: "Bu gecə taleyim 'qıl körpü' üstə - Məhşər gecəsidi qalan ömrümün..." Şair ölümü bir son deyil, əsl görüş yeri kimi görür. Onun "Dəfnimə yığışır diri vaxtlarım" misrası klassik təsəvvüfün "ölməzdən öncə öl" fəlsəfəsinin sarsıdıcı inikasıdır. ![]() Şairin Tanrıya xitab etdiyi şeirlərdə insan acizliyi ilə yanaşı, ilahi iradəyə sonsuz bir təslimiyyətin şahidi oluruq. "Ölüb dirilirəm minillərdi ki" misrası ruhun bir ömür içində min dəfə saflaşıb kamil insan mərtəbəsinə doğru irəliləməsini ifadə edir. O, hətta taleyinin qaralanmasını belə bir lütf kimi sevə biləcək qədər yüksək bir eşq məqamındadır. "A göyçək" şeirində isə insanın yer üzündəki missiyasına işarə edərək, cənnət mələklərindən belə üstün bir məqama – sevmək və o sevgi uğrunda cəfa çəkmək qabiliyyətinə diqqət çəkir. Məmməd İlqar poeziyası saz və sözün libasına bürünmüş müasir bir məsnəvidir. O, klassik aşıq formasında irfanın ən dərin qatlarını yaşadan, milli şeirimizi hikmətlə zənginləşdirən nadir sənətkarlardandır. ( davamı var...) ![]() Şəmsi Qoca Geri dön |