Ana Sayfa > Siyasət > Xocalı: Əsrin qanlı yaddaşından tarixi ədalətin zəfərinə

Xocalı: Əsrin qanlı yaddaşından tarixi ədalətin zəfərinə


Bu gün, 15:30. Yazar: azer
Xocalı: Əsrin qanlı yaddaşından tarixi ədalətin zəfərinə

Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xocalı soyqırımından artıq 34 il ötür. Zaman keçsə də, 1992-ci ilin fevralın 25-dən 26-na keçən o müdhiş gecənin ağrısı xalqımızın yaddaşından silinmir, əksinə, illər ötdükcə bu faciənin miqyası və mahiyyəti daha dərindən dərk olunur. Həmin gecə Ermənistan silahlı qüvvələri, beynəlxalq hüququn bütün norma və prinsiplərini vəhşicəsinə tapdalayaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının texnikası və canlı qüvvəsinin birbaşa iştirakı ilə dinc Xocalı şəhərinə hücum etdi. Bu, sadəcə bir yaşayış məntəqəsinin işğalı deyil, bütöv bir xalqın varlığına və kimliyinə qarşı yönəlmiş planlı etnik təmizləmə aktı idi.

Həmin gecə Xocalıda insanlığın sükutu altında bəşəri bir faciə yaşandı; 613 günahsız insan — onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla — məhz azərbaycanlı olduqlarına görə amansızcasına qətlə yetirildi. Səkkiz ailə bütövlükdə məhv edildi, onlarla uşaq valideynlərini itirdi, yüzlərlə dinc sakin ağır yaralanaraq ömürlük şikəst qaldı. Bu rəqəmlər sadəcə statistika deyil, hər biri yarımçıq qalmış bir ömür, sönmüş bir ocaq və insanlıq tarixinə vurulmuş qara bir ləkədir. Xocalı soyqırımı öz qəddarlığına görə XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələri ilə eyni cərgədə dayansa da, dünya birliyinin bu cinayətə qarşı uzun illər nümayiş etdirdiyi laqeydlik riyakarlığın ən pik nöqtəsi idi. İnsan hüquqlarını siyasi alətə çevirən güclərin Xocalı fəryadına susması, bəşəriyyətin mənəviyyat imtahanından kəsildiyini sübut edirdi.

Bu qanlı hadisəyə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən layiqli hüquqi-siyasi qiymət verildi və 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə 26 fevral tarixi "Xocalı Soyqırımı Günü" kimi rəsmiləşdirildi. Bu siyasi iradənin davamı olaraq, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası həqiqətlərin dünya miqyasında tanınmasında dönüş nöqtəsi oldu. Bu gün onlarla dövlət və beynəlxalq təşkilat Xocalını rəsmən soyqırımı aktı kimi tanıyırsa, bu, Azərbaycan dövlətinin apardığı sistemli və ardıcıl mübarizənin nəticəsidir.

Erməni vandalları hesab edirdilər ki, Xocalıda törətdikləri vəhşiliklə Azərbaycan xalqını diz çökdürəcək, milli iradəmizi sarsıdacaqlar, lakin onlar Azərbaycan xalqının polad iradəsini hesaba almamışdılar. 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən idarə olunan 44 günlük Vətən müharibəsi tarixi ədalətin təntənəsi oldu və şanlı ordumuz döyüş meydanında düşməni darmadağın edərək Xocalı şəhidlərinin qisasını qiyamətə qoymadı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Xocalı üzərində Azərbaycanın suverenliyini tam bərpa etməklə tarixin ən ağır qisas səhifəsini qələbə ilə qapatdı.
Bu gün Xocalı artıq sadəcə ağrı-acı simvolu deyil, həm də milli qürurumuzun, dirçəlişimizin rəmzidir. Dövlətimizin qətiyyəti sayəsində şəhər yenidən qurulur, illərdir yurdundan didərgin salınmış insanlarımız öz dogma evlərinə, azad Xocalıya qayıdırlar. Cənab Prezidentin Xocalıda Azərbaycan bayrağını ucaltması bəşəriyyətə və işğalçı zehniyyətə verilən ən kəskin mesajdır: heç bir cinayət cəzasız qalmır və Azərbaycan xalqı öz taleyini heç vaxt başqasının ixtiyarına buraxmayacaq. Biz Xocalı qurbanlarını hər il daha böyük qürurla anırıq, çünki artıq başımız dikdir və Xocalı əbədi olaraq azad Azərbaycanın bağrında çiçəklənir.

Qudbiddin Qardaşov,
YAP Zaqatala Rayon Təşkilatının sədr müavini.

Geri dön