Ana Sayfa > Siyasət > Qisası qiyamətə qalmayan qan yaddaşimiz

Qisası qiyamətə qalmayan qan yaddaşimiz


Bu gün, 10:46. Yazar: azer
Qisası qiyamətə qalmayan qan yaddaşimiz

Tarixin yaddaşı bəzən ən amansız şahidə çevrilir. 1992-ci ilin 26 fevralına keçən o müdhiş gecə, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı üçün sadəcə zamanın dayanması deyil, bəşəriyyətin vicdan imtahanından kəsildiyi an idi. Bu, XX əsrin sonunda — sivilizasiyanın çiçəkləndiyi bir dövrdə — insanlığın necə vəhşiləşə biləcəyinin qanlı sübutu, Ermənistanın işğalçı və cinayətkar siyasətinin ən eybəcər təzahürü idi.

Həmin gecə qar üzərinə tökülən qanlar təkcə strateji bir məntəqənin itirilməsi deyil, bütöv bir xalqın genofonduna qarşı yönəlmiş amansız bir qəsd idi. Faciənin statistikası rəqəmlərdən daha çox, param-parça olmuş talelərin səssiz fəryadıdır. Ermənistan silahlı qüvvələri və Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. 613 insanın həyatına son qoyuldu; bu günahsız canların arasında 63 körpənin gələcəyi, 106 qadının ümidi və 70 ahıl insanın ömrünün son illəri var idi. Səkkiz ailə yer üzündən tamamilə silindi, onlarla uşaq həm atasız, həm də anasız qaldı. Beş yüzdən çox dinc sakin şikəst edildi, minlərlə insan girov götürüldü. Fransız jurnalist Jul Gen Vaynerin dediyi kimi, bu, bəşəriyyəti qorxutmaq üçün öncədən cızılmış bir "terror ssenarisi" idi.

Xocalı soyqırımına ilk real hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Onun 1994-cü ildə imzaladığı fərmanla bu faciə dövlət səviyyəsində anılmağa başlandı və dünya birliyinin diqqətinə çatdırıldı. Sonrakı illərdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" beynəlxalq kampaniyası bu ağrını qlobal bir həqiqətə çevirdi. Bu gün Meksikadan Pakistana, Kolumbiyadan Çexiyaya qədər onlarla ölkə və ABŞ-ın otuzdan çox ştatı Xocalını rəsmi olaraq "Soyqırımı" kimi tanıyır. Müharibə cinayətkarı Serj Sarkisyanın "Heç bir peşmanlığım yoxdur" deyərək nümayiş etdirdiyi faşist xisləti, artıq dünya parlamentlərinin qətnamələrində öz ifşasını tapmışdır.

Otuz bir il boyu Xocalı bizim üçün "daşlaşmış kədər" idi. Bakıdakı "Ana harayı" abidəsi önünə qoyulan hər qərənfil həm də bir intiqam vədinə çevrilirdi. Azərbaycan xalqı bu faciəni unutmadı və onunla barışmadı. Nəhayət, 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi tarixin axarını dəyişdi. Şanlı ordumuz işğal altındakı torpaqları azad edərkən həm də o gecə meşələrdə donaraq can verən körpələrin qisasını döyüş meydanında aldı. "Xocalı şəhidlərinin qanı yerdə qalmadı" sözləri otuz illik həsrətə və ağrıya ən böyük təsəlli oldu.

Xocalı bizim qan yaddaşımız, milli kimliyimizin ayrılmaz hissəsidir. Düşmən bizi qorxutmaq və mübarizə əzmimizi qırmaq istəmişdi, lakin tam əksinə — bu faciə bizi birləşdirdi, polad kimi bərkitdi və yenilməz bir "Dəmir Yumruğa" çevirdi. Bu gün Xocalının qisası qiyamətə qalmayıb; şəhidlərimizin ruhu şaddır, çünki Xocalı sakinləri artıq öz doğma yurdlarına, azad edilmiş və dirçələn vətən torpaqlarına qayıdırlar. Tarix bir daha sübut etdi ki, ədalət gecikə bilər, amma əsla unudulmur.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Geri dön