Ana Sayfa > Siyasət > Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər


18-02-2026, 16:21. Yazar: azer
Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında davam edən strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu səfər, yalnız rəsmi görüşlər və protokol mərasimləri ilə məhdudlaşmayaraq, həm də qarşılıqlı etimadın dərinləşdirilməsi və uzunmüddətli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynadı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Serbiyalı həmkarı Aleksandar Vuçiç tərəfindən hava limanında fəxri qarovul dəstəsi ilə qarşılanması hər iki ölkə arasındakı yüksək səviyyəli siyasi dialoqun göstəricisi oldu. Liderlərin təkbətək və geniş tərkibdə görüşləri zamanı aparılan müzakirələr, imzalanan sənədlər siyasi, iqtisadi, enerji və humanitar sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Görüşlərdə regional təhlükəsizlik, Avropa məkanında enerji əməkdaşlığı və Balkan regionunda sabitlik məsələlərinin müzakirəsi Azərbaycan-Serbiya tərəfdaşlığının daha geniş geosiyasi əhəmiyyət daşıdığını göstərir.

Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlər 1997-ci ildə qurulub əlaqələrin fəallaşması 2010-cu illərdən sonra sürətlənib. 2013-cü ildə Serbiya Prezidenti Azərbaycana, eyni ildə Prezident İlham Əliyev Belqrada səfər etmişdir. Həmin dövrdən etibarən münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət məsələsində prinsipial mövqe nümayiş etdirir. Bu qarşılıqlı siyasi dəstək münasibətlərin əsas dayaqlarındandır.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Son illərdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 8 523.44 milyon ABŞ dolları təşkil edirdisə, 2023-cü ildə bu göstərici 11 365.52 milyon dollar yüksəlib. Burada sənaye məhsulları, kənd təsərrüfatı malları və enerji sahəsində əməkdaşlıq xüsusi paya malikdir.
Prezidentin İlham Əliyevin bu dəfəki səfəri zamanı imzalanan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi istiqamətində birgə fəaliyyət üçün yeni imkanlar açır. Bu sənəd, xüsusilə qlobal çağırışlar fonunda ərzaq təminatının strateji əhəmiyyətini nəzərə alaraq, iki ölkənin qarşılıqlı təcrübə mübadiləsini və institusional əməkdaşlığını gücləndirəcək.

Enerji sahəsində imzalanmış razılaşmalar isə tərəfdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Serbiyada qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması ilə bağlı əməkdaşlıq sənədi Azərbaycanın enerji sektorundakı təcrübəsinin Avropa məkanında tətbiqinə yeni zəmin yaradır. Bu addım Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin coğrafiyasını genişləndirməklə yanaşı, Serbiyanın da enerji infrastrukturunun modernləşdirilməsinə xidmət edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan və Serbiya arasında münasibətlər strateji xarakter daşıyır və bu tərəfdaşlıq gələcəkdə daha geniş sahələri əhatə edəcək. Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın həcmi artmaqdadır və qarşılıqlı investisiya imkanları genişlənir. Dövlət başçısı qeyd etdi ki, siyasi dialoq yüksək səviyyədədir və tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verməyə davam edirlər.
Serbiya Prezidenti Aleksandar Vuçiç də öz növbəsində Azərbaycanı etibarlı tərəfdaş kimi xarakterizə edərək, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Onun sözlərinə görə, enerji və infrastruktur sahəsində birgə layihələr qarşılıqlı fayda prinsipinə əsaslanır və regionda sabitliyə xidmət edir.
Səfər çərçivəsində humanitar və mədəni əlaqələrin inkişafı məsələləri də diqqət mərkəzində idi. Təhsil, gənclər siyasəti, idman və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında yaxınlaşmanı daha da möhkəmləndirəcək.
Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan və Serbiya arasında tərəfdaşlıq Avrasiya məkanında əməkdaşlıq modellərindən biri kimi diqqət çəkir. Qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji və davamlı xarakter aldığını bir daha təsdiqlədi. İmzalanan sənədlər və verilən siyasi mesajlar göstərir ki, tərəflər yalnız bu günü deyil, gələcəyi də birlikdə planlaşdırırlar. Bu isə Azərbaycan-Serbiya əməkdaşlığının perspektivinin geniş və ümidverici olduğunu nümayiş etdirir.

Vüsalə Xaməmmədqızı,
YAP Zəngilan rayon təşkilatının fəalı

Geri dön