Ana Sayfa > Özəl > Cenevrədə Rusiya, ABŞ və Ukrayna danışıqların üçüncü raundu başlayıb
Cenevrədə Rusiya, ABŞ və Ukrayna danışıqların üçüncü raundu başlayıb17-02-2026, 19:12. Yazar: sevinc1 |
|
Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli üçün üçtərəfli danışıqların üçüncü raundu Cenevrədə başlayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-da yerləşən X şirkətinin sosial media paylaşımında danışıqlarla bağlı bildirib: "Bu gün biz üçtərəfli formatda - Ukrayna, ABŞ və Rusiya formatında danışıqların yeni mərhələsinə başlayırıq". Danışıqlar prosesində iştirakına və ardıcıl işinə görə ABŞ tərəfinə, görüşlərin təşkilinə və lazımi şəraitin təmin edilməsinə görə isə İsveçrəyə təşəkkür edən Umerov bildirib: "Biz iş üçün çərçivə barədə razılığa gəldik və Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş aydın bir mandatımız var. Təhlükəsizlik və humanitar məsələlər gündəmdədir. Biz konstruktiv, diqqətli və lazımsız gözləntilər olmadan işləyirik. Bizim vəzifəmiz bizi davamlı sülhə mümkün qədər yaxınlaşdıra biləcək qərarlar irəli sürməkdir." Cenevrədə başlayan üçtərəfli danışıqların üçüncü raundunda Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Umerov rəhbərlik edir. ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın müşaviri Cared Kuşner də qatılır. Kremlin sözçüsü Dmitri Peskov danışıqlarla bağlı açıqlamasında bildirib ki, "Bu dəfə ərazi məsələsi və digər məsələlər də daxil olmaqla daha geniş məsələlər müzakirə olunacaq. Bu məsələlər bizim tələblərimizə uyğundur." Ukrayna Prezidenti Vladimir Zelenski də müttəfiq ölkələri Rusiyaya təzyiqi artırmağa çağırmışdı. Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların birinci və ikinci raundları müvafiq olaraq 23-24 yanvar və 4-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirildi. aia.az Tərcümə şöbəsi Geri dön |