Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması regionlararası əməkdaşlıqda yeni mərhələ açıb”

Novruzəli Aslanov: “Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması regionlararası əməkdaşlıqda yeni mərhələ açıb”


17-02-2026, 10:18. Yazar: azer
Novruzəli Aslanov: “Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması regionlararası əməkdaşlıqda yeni mərhələ açıb”

“Bu gün ABŞ administrasiyasının dəyişən prioritetləri, İran faktorunun mümkün təsirləri və alternativ təşəbbüslərin rəqabəti fonunda Azərbaycanın və şəxsən cənab Prezident İlham Əliyevin mövqeyi yeni dünya nizamının qurucuları statusuna iddialı olan qlobal güclər üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə fevralın 14-də Munich Security Conference çərçivəsində keçirilən müzakirələrdə Orta Dəhlizin taleyi ilə bağlı səslənən suallar əslində daha geniş geosiyasi mənzərəni əhatə edirdi. Bu sualları cavablandıran dövlət başçımızın səsləndirdiyi fikirlər bir neçə strateji xətti aydın göstərdi: davamlılıq, çoxşaxəlilik və regional məsuliyyət.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili həmçinin bildirib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun (TRIPP) adının birbaşa ABŞ Prezidenti ilə assosiasiya olunması layihənin siyasi çəkisini artırır: “Bu, təşəbbüsün yalnız qısamüddətli diplomatik addım deyil, uzunmüddətli geoiqtisadi konfiqurasiya kimi nəzərdə tutulduğunu göstərir. ABŞ şirkətlərinin layihənin icrasında iştirak perspektivi, investisiya və idarəetmə modelinin onilliklərə hesablanması Orta Dəhlizin institusional əsaslarını möhkəmləndirir. Bu isə marşrutun qlobal logistika xəritəsində sabit yer tutmasına xidmət edir. Bununla yanaşı, Prezident İlham Əliyevin vurğuladığı əsas məqam ondan ibarətdir ki, region ölkələri bu infrastrukturu kənar dəstək olmadan qurmağa başlayıblar. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi transmilli layihələr Azərbaycanın, Gürcüstanın və Türkiyənin siyasi iradəsi ilə reallaşıb. Bu təcrübə göstərir ki, Orta Dəhliz kənar maraqlardan asılı olmayan, lakin əlavə tərəfdaşlıq üçün açıq platformadır. ABŞ-nin artan marağı isə artıq mövcud olan potensialı genişləndirmək imkanı yaradır. Geosiyasi baxımdan diqqətəlayiq digər xətt Mərkəzi Asiya ilə inteqrasiyanın dərinləşməsidir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması regionlararası əməkdaşlıqda yeni mərhələ açıb. Çin tərəfindən maliyyələşdirilən alternativ marşrutların Xəzərə qədər uzanması, Qazaxıstan və digər ölkələr üzərindən yeni bağlantıların qurulması Orta Dəhlizi vahid Avrasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirir. Bu konfiqurasiya İran faktorunu da balanslaşdırılmış şəkildə çərçivəyə salır: alternativlərin çoxluğu hər hansı bir istiqamətdən asılılığı azaldır və marşrutun dayanıqlığını artırır. Paneldə Ermənistan nümayəndəsinin səsləndirdiyi “Sülh yolu kəsişməsi” təşəbbüsü ilə bağlı mövqeyə cavab isə prosesin hüquqi-siyasi ölçüsünü önə çıxardı. Azərbaycan tərəfi üçün əsas prinsip sülh sazişinin hüquqi zəmininin aydın və birmənalı olmasıdır. Ərazi iddialarının konstitusion müstəvidə aradan qaldırılması rəsmi sənədin imzalanması üçün həlledici şərt kimi təqdim olundu. Bu yanaşma göstərir ki, Bakı üçün kommunikasiya layihələri ilə sülh prosesi paralel deyil, bir-birini tamamlayan istiqamətlərdir. Beləliklə, Münxendəki müzakirələrdən çıxan əsas nəticə budur: Orta Dəhliz artıq yalnız nəqliyyat təşəbbüsü deyil, Avrasiyanın siyasi arxitekturasını yenidən formalaşdıran platformadır. ABŞ-nin marağı, Mərkəzi Asiya ilə sinxronlaşma və Cənubi Qafqazda normallaşma prosesi bu xətti gücləndirir. Azərbaycan isə həm təşəbbüskar, həm də əlaqələndirici rolunda çıxış edərək geniş coğrafiyada əməkdaşlıq üçün uzunmüddətli siyasi zəmanət yaradır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön