Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Azərbaycanın illər ərzində formalaşmış etimad kapitalı indi yeni texnoloji mərhələnin əsas dayağına çevrilir”
Novruzəli Aslanov: “Azərbaycanın illər ərzində formalaşmış etimad kapitalı indi yeni texnoloji mərhələnin əsas dayağına çevrilir”Dünən, 17:48. Yazar: azer |
![]() “Rəqəmsal transformasiya yalnız texnologiya seçimi deyil, həm də qlobal miqyasda etimad mühitinin məhsuludur. İnnovasiya şəraiti o zaman formalaşır ki, kapital özünü təhlükəsiz hiss etsin, uzunmüddətli layihələr sabit hüquqi çərçivədə icra olunsun və tərəfdaşlıq öhdəlikləri dəyişməz qalsın. Azərbaycan son onilliklərdə məhz bu etibarlılıq modelini formalaşdıraraq böyük transmilli şirkətlərlə işləmək bacarığını nümayiş etdirib. İndi həmin təcrübə rəqəmsal iqtisadiyyat mərhələsinə transfer edilir. Son 20 ildə ölkə iqtisadiyyatına yüz milyardlarla dollar həcmində sərmayənin yatırılması təsadüfi nəticə deyil. Bu, investisiya mühitinin hüquqi təminatının, müqavilə mədəniyyətinin və siyasi sabitliyin vəhdətindən doğan reallıqdır. Neft-qaz sektorunda imzalanmış müqavilələrin onilliklər boyu ardıcıl şəkildə icra olunması Azərbaycanın tərəfdaş kimi etibarlılığını beynəlxalq səviyyədə möhkəmləndirib. Cənab Prezident İlham Əliyevin Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılmasına həsr olunmuş müşavirədə toxunduğu əsas məqamlardan biri də bu təcrübənin rəqəmsal sektorda fəaliyyət göstərəcək qlobal şirkətlərlə münasibətlərdə öz əksini tapmalı olması idi. Yəni formalaşmış etimad kapitalı indi yeni texnoloji mərhələnin əsas dayağına çevrilir.” Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Deputat daha sonra qeyd edib ki, rəqəmsal transformasiyanın ikinci mühüm istiqaməti dövlət xidmətlərinin təşkilində vahid yanaşmanın tətbiqidir: “Son illər müxtəlif qurumlar tərəfindən yaradılmış platformalar və tətbiqlər müəyyən nəticələr versə də, onların pərakəndə fəaliyyəti vahid sistemin formalaşmasına maneə yarada bilər. Bu baxımdan dövlət xidmətlərinin bir mərkəz üzərindən təqdim edilməsi təşəbbüsü idarəetmədə keyfiyyət dəyişikliyi kimi qiymətləndirilməlidir. Əlbəttə ki, “mygov” platformasının vahid giriş nöqtəsinə çevrilməsi vətəndaş–dövlət münasibətlərində şəffaflıq, operativlik və rahatlıq təmin edə bilər. Vətəndaş üçün əsas olan xidmətin haradan və hansı qurum tərəfindən göstərilməsi deyil, sürətli və effektiv nəticədir. Mərkəzləşdirilmiş sistem isə həm vaxt itkisinin, həm də əlavə inzibati yükün azalmasına gətirib çıxarar. Bu, rəqəmsallaşmanın sosial faydasını birbaşa hiss etdirən addım olacaq. Cənab Prezident İlham Əliyev mövcud platformalarda formalaşmış təcrübənin və insan kapitalının qorunaraq ümumi sistemə inteqrasiya edilməsini vacib hesab edir. Bu yanaşma islahatların destruktiv deyil, təkamül xarakterli olduğunu göstərir. Yəni məqsəd əvvəlki mərhələdə görülmüş işləri ləğv etmək deyil, onları daha səmərəli model daxilində birləşdirməkdir. Bu, həm kadr potensialının qorunmasına, həm də texnoloji biliklərin sistemli şəkildə toplanmasına xidmət edir. Rəqəmsal idarəetmənin vahid mərkəzdə cəmləşdirilməsi dövlətin analitik imkanlarını da gücləndirəcək. Böyük verilənlər bazasının formalaşması qərarların daha dəqiq statistik və proqnostik əsaslarla qəbul edilməsinə şərait yaradacaq. Bu isə idarəetmədə çevikliyi artırmaqla yanaşı, resursların daha optimal bölgüsünü təmin edəcək” – deyə, Novruzəi Aslanov fikirlərini sona çatdırıb. Geri dön |