Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Rəqəmsal transformasiya artıq ayrıca layihə deyil, dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən sistemli proses kimi qəbul edilir”

Azər Kərimli: “Rəqəmsal transformasiya artıq ayrıca layihə deyil, dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən sistemli proses kimi qəbul edilir”


Dünən, 16:57. Yazar: azer
Azər Kərimli: “Rəqəmsal transformasiya artıq ayrıca layihə deyil, dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən sistemli proses kimi qəbul edilir”

“Azərbaycanın inkişaf strategiyasında coğrafiya heç vaxt sadəcə xəritə üzərindəki mövqe kimi qiymətləndirilməyib. Ölkə yerləşdiyi məkanı iqtisadi və geosiyasi üstünlüyə çevirməyi bacarıb. Bu yanaşma enerji və nəqliyyat dəhlizləri ilə sübut olunubsa, indi eyni məntiq rəqəmsal transformasiya mərhələsində tətbiq edilir. Yeni mərhələdə məqsəd fiziki bağlantıları rəqəmsal bağlantılarla tamamlayaraq Azərbaycanı qlobal məlumat və texnologiya axınlarının kəsişmə nöqtəsinə çevirməkdir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər göstərdi ki, mövcud infrastruktur artıq yeni mərhələnin bazası kimi qiymətləndirilir. Neft-qaz layihələri, beynəlxalq nəqliyyat dəhlizləri və transmilli əməkdaşlıq formatları illərlə formalaşmış böyük idarəetmə və tərəfdaşlıq təcrübəsi yaradıb. Bu təcrübə indi rəqəmsal arxitekturanın qurulmasında istifadə olunmalıdır. Çünki iri həcmli texnoloji layihələr də ən az enerji və nəqliyyat layihələri qədər koordinasiya, texniki peşəkarlıq və beynəlxalq etimad tələb edir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.


Millət vəkili daha sonra bildirib ki, Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsi, həmçinin Şimal–Cənub marşrutu üzərində strateji mövqeyi artıq öz iqtisadi səmərəsini sübut edib: “İndi isə bu üstünlük yeni mərhələdə fiber-optik xətlər, data ötürmə kanalları və rəqəmsal platformalar vasitəsilə daha dərin məzmun qazanmalıdır. Enerji və nəqliyyat dəhlizlərinin gələcəkdə informasiya magistrallarına çevrilməsi ideyası məhz bu baxışın davamıdır. Vaxtilə boru kəmərləri və dəmir yolları ilə qurulan inteqrasiya indi məlumat axını üzərindən gücləndirilə bilər. Digər mühüm üstünlük Azərbaycanın aparıcı güc mərkəzləri ilə eyni vaxtda strateji tərəfdaşlıq formatında işləməsidir. ABŞ, Avropa İttifaqı ölkələri və Çin ilə qurulmuş əməkdaşlıq mexanizmləri ölkəyə rəqəmsal transformasiyada çoxşaxəli imkanlar açır. Bu balanslı siyasət texnoloji asılılıq risklərini azaldır və alternativ seçimlər yaradır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qədər geniş geosiyasi və iqtisadi üstünlüklərə malik ölkələrin sayı çox deyil və mövcud imkanlardan maksimum istifadə olunmalıdır. Lakin üstünlüklərin mövcudluğu kifayət etmir. Onların effektiv idarə olunması əsas şərtdir. Bu baxımdan vahid fəaliyyət planının hazırlanması və dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal inkişaf sahəsində pərakəndəliyin aradan qaldırılması, institusional məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və konkret icra mexanizmlərinin müəyyən edilməsi yeni mərhələnin uğurunu şərtləndirəcək. Hər bir dövlət qurumunda rəqəmsallaşma və süni intellekt istiqamətinə cavabdeh şəxslərin müəyyənləşdirilməsi təşəbbüsü idarəetmədə yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu addım təkcə texniki məsələ deyil, həm də düşüncə tərzinin dəyişməsi deməkdir. Rəqəmsal transformasiya artıq ayrıca layihə deyil, dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən sistemli proses kimi qəbul edilir. Beləliklə, Azərbaycan fiziki coğrafiyasını iqtisadi gücə çevirdiyi kimi, indi də onu rəqəmsal üstünlüyə transformasiya etməyə hazırlaşır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön