Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Rəqəmsal suverenliyin tarixi manifesti və Prezident İlham Əliyevin strateji baxışı ilə Azərbaycanda qurulan yenei texnoloji era"
Səttar Möhbalıyev: "Rəqəmsal suverenliyin tarixi manifesti və Prezident İlham Əliyevin strateji baxışı ilə Azərbaycanda qurulan yenei texnoloji era"Dünən, 14:46. Yazar: azer |
![]() Fevralın 11-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə təkcə texnoloji məsələlərin müzakirəsi deyildi. Bu müşavirə Azərbaycanın gələcək inkişaf modelinin konturlarını müəyyən edən, dövlət idarəçiliyinin yeni mərhələsini göstərən və rəqəmsal suverenliyin strateji manifesti kimi dəyərləndirilə biləcək mühüm siyasi hadisə idi. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev çıxışında məsələni açıq və qəti şəkildə ifadə etdi: “Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək.” Bu cümlə sadəcə bir idarəçilik çağırışı deyil, Azərbaycanın post-neft dövründə inkişaf trayektoriyasının yeni mərhələyə qədəm qoyduğunu göstərən strateji bəyanatdır. Azərbaycan uzun illər ərzində qlobal enerji və nəqliyyat layihələrinin mərkəzində dayanıb. Cənab Prezident bu təcrübəni yeni mərhələnin dayağı kimi təqdim etdi: “Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir.” Bu yanaşma olduqca dərin siyasi məna daşıyır. Çünki artıq XXI əsrdə dövlətlərin gücü yalnız fiziki resurslarla deyil, data axınlarına nəzarət, informasiya tranziti və texnoloji infrastrukturun səviyyəsi ilə ölçülür. Azərbaycan necə ki, Xəzərdən Aralıq dənizinə uzanan enerji xətlərinin təşəbbüskarı oldu, indi də Asiya ilə Avropa arasında rəqəmsal körpü rolunu üzərinə götürür. Xəzərin Şərq sahillərinə uzanan fiber-optik kabel layihəsi, Qərb istiqamətində yeni bağlantıların planlaşdırılması Azərbaycanın rəqəmsal İpək Yolunun mərkəzinə çevrilməsi deməkdir. Data mərkəzləri və süni intellekt infrastrukturu üçün ən vacib amil enerji təminatıdır. Cənab Prezident İlham Əliyev bu məsələni xüsusi vurğuladı: “Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.” Son 20 ildə generasiya gücünün iki dəfə artırılması və 10 min meqavata çatdırılması Azərbaycanın texnoloji inkişaf üçün möhkəm enerji bazasına malik olduğunu göstərir. Üstəlik, bərpaolunan enerji layihələri və “yaşıl enerji” kabel təşəbbüsləri ölkəni həm enerji ixracatçısı, həm də rəqəmsal xidmətlər üçün regional mərkəzə çevirə bilər. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın geosiyasi üstünlüyünü xüsusi vurğuladı. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq – bu konfiqurasiya nadir siyasi balans nümunəsidir. “Biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq.” Millət vəkili onu da deyib ki, rəqəmsal transformasiya dövründə bu amil xüsusi əhəmiyyət daşıyır. Çünki süni intellekt və yüksək texnologiyalar artıq qlobal rəqabətin əsas predmetidir. Azərbaycanın həm Amerika fondları ilə maliyyə əməkdaşlığı, həm də Çin və Avropa ilə strateji münasibətləri ona çevik və çoxvektorlu texnoloji siyasət yürütmək imkanı verir. Bu, siyasi müdriklik və strateji uzaqgörənliyin təzahürüdür. Cənab Prezident çıxışında dövlət idarəçiliyində vahid koordinasiyanın vacibliyini xüsusi qeyd etdi: “Dövlət xidmətləri ‘mygov’ üzərindən həyata keçirilməlidir. Yəni vahid mərkəzdən.” Bu, dövlət-vətəndaş münasibətlərində keyfiyyət dəyişikliklərinə səbəb olacaq addımdır. Ayrı-ayrı platformaların ləğvi, vahid sistemə keçid və bütün xidmətlərin bir ünvandan təqdim olunması həm şəffaflığı artıracaq, həm də vətəndaş məmnuniyyətini yüksəldəcək. Eyni zamanda, hər bir nazirlikdə rəqəmsallaşma və süni intellekt üzrə məsul müavinin ayrılması idarəetmədə institusional yanaşmanın formalaşdırılması deməkdir. Bu, prosesin kampaniya xarakterli deyil, davamlı və sistemli olacağını göstərir. Cənab Prezidentin süni intellektin dövlət qurumlarında tətbiqi ilə bağlı fikirləri xüsusi diqqətə layiqdir: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.” Bu, dövlət qərarlarının daha dəqiq analizə əsaslanması, risklərin öncədən qiymətləndirilməsi və operativ idarəçilik modelinin qurulması deməkdir. Artıq inkişaf etmiş ölkələrdə süni intellekt agentlərinin məmurlara gündəlik fəaliyyətlərdə yardım göstərməsi faktı göstərir ki, Azərbaycan bu trendləri gecikmədən mənimsəmək niyyətindədir. Cənab Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, ötən il Azərbaycan aqressiv kiberhücuma məruz qalıb: “Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür.” Bu açıqlama göstərir ki, rəqəmsal inkişaf paralel olaraq kibertəhlükəsizlik strategiyasının gücləndirilməsi ilə müşayiət olunmalıdır. Artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin rolunun artırılması və konkret hədəflərin müəyyənləşdirilməsi rəqəmsal suverenliyin qorunmasının əsas şərtidir. Rəqəmsal transformasiya insan kapitalı olmadan mümkün deyil. Cənab Prezident bu sahədə təhsil sisteminin yenilənməsinin vacibliyini vurğuladı. Ali məktəblərdə müasir ixtisasların genişləndirilməsi, xaricdə təhsil proqramlarının bu istiqamətə yönəldilməsi və hətta orta məktəblərdə ilkin rəqəmsal biliklərin aşılanması uzunmüddətli strategiyanın tərkib hissəsidir. Bu, texnoloji inkişafın sosial bazasının formalaşdırılması deməkdir. Fevralın 11-də keçirilən müşavirə Azərbaycanın inkişaf fəlsəfəsində yeni mərhələnin başlanğıc nöqtəsidir. Əgər əvvəlki mərhələ enerji diplomatiyası ilə xarakterizə olunurdusa, indi prioritet rəqəmsal diplomatiya və texnoloji suverenlikdir. Cənab Prezident İlham Əliyevin qəti mövqeyi isə bu prosesi siyasi iradə ilə təmin edir: “Bu sahəyə daha güclü təkan verməliyik.” Azərbaycan artıq enerji və nəqliyyat dəhlizlərinin qurucusu kimi tarixə düşüb. İndi isə qarşıda duran vəzifə – rəqəmsal dəhlizlərin memarı olmaqdır. Bu isə təkcə texnoloji layihə deyil, milli gücün, strateji baxışın və dövlətçilik iradəsinin təntənəsidir. Yeni rəqəmsal arxitektura güclü dövlətin, müasir cəmiyyətin və qlobal rəqabətə hazır Azərbaycanın gələcək yol xəritəsidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb. Geri dön |