Ana Sayfa > Özəl > Qlobal yardımın azaldılması 2030-cu ilə qədər əlavə 9,4 milyon insanın ölümünə səbəb ola bilər
Qlobal yardımın azaldılması 2030-cu ilə qədər əlavə 9,4 milyon insanın ölümünə səbəb ola bilər5-02-2026, 19:13. Yazar: sevinc1 |
|
Donald Tramp administrasiyasının ABŞ-a xarici yardımı dayandırmasından bir il sonra tədqiqatçılar qlobal yardımın azaldılmasının əlavə 9,4 milyon insanın ölümünə səbəb ola biləcəyini proqnozlaşdırıblar. ABŞ-ın xarici yardımların azaldılmasından sonra Böyük Britaniya, Almaniya, Kanada və bir sıra digər inkişaf etmiş ölkələr oxşar qərarlar qəbul etdilər. Bu ölkələrin planlaşdırılan büdcə kəsirlərinin bu il və 2027-ci ildə qüvvəyə minməsi gözlənilir. Bu kontekstdə, The Lancet tibb jurnalında dərc olunmuş bir araşdırmada xarici yardımların azaldılması tendensiyasının davam edəcəyi təqdirdə ssenarilər araşdırılıb. Tədqiqatda xarici yardımın azalmasının 2030-cu ilə qədər dünyada ən azı 9,4 milyon ölümə səbəb ola biləcəyi təxmin edilir. Tədqiqatda bu ölümlərin təxminən 2,5 milyonunun beş yaşdan kiçik uşaqlar arasında olacağı və yardımın daha da azaldılmasının 2030-cu ilə qədər əlavə 22,6 milyon ölümə səbəb ola biləcəyi təxmin edilir. Tədqiqatda qeyd olunur ki, 2002-2021-ci illər arasında qlobal yardım beş yaşdan kiçik uşaqların ölümündə 39%, HİV/AİDS-dən ölümlərdə 70%, malyariyadan ölümlərdə 56% və qidalanma çatışmazlığından ölümlərdə 56% azalmaya səbəb olub. Tədqiqatın koordinatoru və ISGlobal Tədqiqat Professoru Davide Rasella inkişaf yardımının qlobal səhiyyədə ən təsirli müdaxilələrdən biri olduğunu bildirərək xəbərdarlıq edib: "Son 20 ildə fövqəladə sayda insanın həyatı xilas edilib və kövrək səhiyyə sistemləri gücləndirilib. Bu dəstəyin dayandırılması milyonlarla qarşısı alına bilən yetkin və uşaq ölümünə səbəb olacaq". ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi araşdırmanı qiymətləndirərkən bəzi tədqiqatların "qlobal inkişafın yeganə həll yolu kimi səmərəsiz və köhnəlmiş bir anlayış təqdim etdiyini" iddia etdi. Rəsmi şəxs yeni yanaşmanın "yardımdan daha çox ticarət və investisiyaya üstünlük verməyi" hədəflədiyini bildirdi. Humanitar yardım təşkilatları yardımın azaldılmasının təsirlərinin artıq yerində hiss olunduğunu qeyd edirlər. Qaçqınlar Beynəlxalq Təşkilatının rəhbəri Jeremy Konyndyk xəbərdarlıq etdi: "Bu azaldılmalar artıq insanları öldürür. Səhiyyə sistemləri çökür və bir çox yerdə məlumat toplamaq belə mümkün deyil". Qlobal İnkişaf Mərkəzindən Li Kroufard da ölüm təxminlərinin fərqli ola biləcəyini, lakin "ümumi nəticənin doğru olduğunu və genişmiqyaslı həyat itkisi olacağını" bildirdi. Qlobal İnkişaf Mərkəzinin təhlili göstərir ki, təkcə USAID-in ixtisarları səbəbindən 2025-ci ildə əlavə 500.000-1 milyon ölüm hadisəsi baş verə bilər və gələcəkdə hər il 670.000-1,6 milyon əlavə ölüm hadisəsinə səbəb ola bilər. aia.az Tərcümə şöbəsi Geri dön |