Ana Sayfa > Manşet / Siyasət / Özəl > Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri: Strateji rasionalizm və müasir beynəlxalq diplomatiyanın məntiqi harmoniyası

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri: Strateji rasionalizm və müasir beynəlxalq diplomatiyanın məntiqi harmoniyası


5-02-2026, 12:12. Yazar: azer
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri: Strateji rasionalizm və müasir beynəlxalq diplomatiyanın məntiqi harmoniyası

Müasir dünya siyasəti təkcə güclərin toqquşduğu empirik bir məkan deyil, həm də maraqların, niyyətlərin və gələcək təsəvvürlərinin rəqabət apardığı mürəkkəb bir ontoloji sistemdir. Bu sistemdə dinamizm sadəcə dəyişkənlik deyil, zamanın siyasi iradə üzərində yaratdığı davamlı təzyiqin ifadəsidir. Qarşılıqlı asılılıqlar isə dövlətlərin hərəkət azadlığını məhdudlaşdıran deyil, onu yeni məsuliyyət formaları ilə yenidən müəyyən edən münasibətlər şəbəkəsidir. Belə bir reallıqda dövlət davranışı artıq mövcud güc balanslarının mexaniki əksi kimi çıxış etmir. Əksinə, dövlətlər özlərini yalnız sistemin obyekti deyil, həm də onun gələcək formasını müəyyən edən subyekt kimi dərk edərək, beynəlxalq nizamın hələ reallaşmamış imkanlarını qabaqlayan, rasional olduğu qədər də normativ məzmun daşıyan strateji düşüncə tərzinə yönəlirlər.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri bu kontekstdə Azərbaycan Respublikasının xarici siyasət strategiyasının rasional və adaptiv xarakterini nümayiş etdirən mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. Sözügedən səfər təkcə ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, eyni zamanda Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirmək, regional və qlobal proseslərdə institusional təsir imkanlarını genişləndirmək niyyətini ortaya qoyur. Bu baxımdan, sözügedən səfər strateji rasionalizm üzərində qurulmuş və uzunmüddətli davamlılığı hədəfləyən xarici siyasət kursunun canlı və praktik təcəssümü kimi dəyərləndirilə, analitik baxımdan diqqətəlayiq bir nümunə hesab oluna bilər.

Beynəlxalq platformalarda irəli sürülən ikitərəfli əməkdaşlıq təşəbbüsləri və regionda enerji, ticarət, investisiya sahələrində reallaşdırılan strateji layihələr Azərbaycanın xarici siyasətini situativ reaksiya məntiqindən çıxararaq, məqsədli tarixi fəaliyyət müstəvisinə daşıyır. Bu yanaşma geosiyasi reallıqları dəyişməz qəbul edən determinizmdən uzaqlaşaraq, dövlətin iradəsini beynəlxalq nizamın formalaşmasında aktiv subyekt kimi önə çıxarır. Beləliklə, xarici siyasət burada yalnız uyğunlaşma mexanizmi deyil, eyni zamanda gələcəyi qabaqlayan şüurlu seçim və strateji özünütəsdiq forması kimi təzahür edir.

Bu səfər göstərir ki, diplomatiya yalnız protokol və rəsmi görüşlərdən ibarət deyil, eyni zamanda düşünülmüş qərarların, strateji təşəbbüslərin və uzunmüddətli hədəflərin harmonik sintezidir. Hər belə görüş ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirir, həm regionda, həm də qlobal səviyyədə Azərbaycanın aktiv iştirakını və məsuliyyətini təsdiqləyir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri də məhz bu fəlsəfənin müasir şəraitdə canlı, sistemli və məqsədli təcəssümüdür. Burada aparılan müzakirələr təsadüfi impulslara deyil, uzaqgörən strateji baxışa və rasional hesablamalara söykənir. Nəticədə Azərbaycan yalnız beynəlxalq münasibətlərdə iştirak edən tərəf kimi qalmır, o, təsir obyektindən təsir yaradan subyektə çevrilərək, qlobal siyasətin aktiv və inkişafa yönəlmiş aktoruna çevrilir.
Səfərin yüksək diplomatik protokol səviyyəsində təşkili və Prezident İlham Əliyevin BƏƏ Prezidenti tərəfindən xüsusi ehtiramla qarşılanması beynəlxalq münasibətlər fəlsəfəsində “tanınma” anlayışı ilə izah edilə bilər. Siyasi aktorun legitimliyi və çəkisi onun digər aktorlar tərəfindən tanınması və qədul edilməsi ilə möhkəmlənir. Bu kontekstdə Azərbaycan Prezidentinə göstərilən münasibət ölkənin regional dövlət statusundan çıxaraq qlobal dialoqun etibarlı iştirakçısına çevrildiyini nümayiş etdirir.

Müasir dünya nizamında strateji tərəfdaşlıq yalnız qısamüddətli maraqların qarşılanmasından ibarət deyil. Bu, zunmüddətli məqsədləri, siyasi etimadın institusional əsaslarla möhkəmləndirilməsini və qarşılıqlı əlaqələrin davamlı mexanizmlərinin yaradılmasını ehtiva edir. Bu çərçivədə Azərbaycanın xarici siyasəti passiv balanslaşdırma məntiqinə deyil, gələcəyi qabaqlayan, aktiv və məqsədyönümlü formalaşdırma prinsipinə söykəyir.

Bu səfər enerji və təhlükəsizlik sahələrində Azərbaycanın xarici siyasətinin sistemli, uzunmüddətli və rasional xarakterini ehtiva edir. Enerji diplomatiyası bu kontekstdə yalnız iqtisadi maraqların ifadəsi kimi deyil, həm də Azərbaycan dövlətinin qlobal enerji təhlükəsizliyində oynadığı rolu, regional tərəfdaşlıq imkanlarını və beynəlxalq etimad mexanizmlərini möhkəmləndirən strateji alət kimi qiymətləndirilə bilər. Enerji resursları Prezident İlham Əliyevin rəhbərliyi ilə yalnız gəlir mənbəyi kimi deyil, həm də beynəlxalq əməkdaşlıq və etimadın formalaşdırılması vasitəsi kimi idarə olunur. Bu yanaşma qlobal enerji siyasətində Azərbaycanın proaktiv, sistemli və gələcəyə hesablanmış inkişaf strategiyasının bariz nümunəsidir. Dövlət başçısı bu xətti bərpa olunan enerji layihələri, regional enerji infrastrukturunun inkişafı və etik diplomatiya prinsipləri ilə uzlaşdıraraq Azərbaycanın beynəlxalq arenada enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırır.
Səfərin İslam Əməkdaşlıq Təşkilatı kontekstində əhəmiyyəti isə onun ideoloji və sivilizasion ölçüsünü daha da dərinləşdirir. İƏT müasir beynəlxalq sistemdə yalnız dini və mədəni birlik platforması deyil, eyni zamanda siyasi koordinasiya və normativ mövqelərin ifadə olunduğu institusional mexanizmdir. Cənab Prezident bu xətti daha da inkişaf etdirərək İƏT çərçivəsində Azərbaycanı passiv üzv deyil, təşəbbüskar və məntiqi mövqe formalaşdıran aktor səviyyəsinə yüksəltmişdir. Onun İƏT kontekstində fəaliyyəti beynəlxalq hüququn aliliyinin müdafiəsi, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi və İslam dünyasının qlobal proseslərdə vahid mövqedən çıxış etməsi istiqamətində sistemli xarakter daşıyır. Belə təşəbbüslər İƏT-in siyasi effektivliyinin artırılmasına, təşkilatın beynəlxalq platformalarda daha eşidilən aktora çevrilməsinə xidmət edir. BƏƏ ilə strateji koordinasiya bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. BƏƏ, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi, maliyyə və diplomatik imkanlara malik aparıcı dövlətlərdən biridir. Azərbaycan–BƏƏ əməkdaşlığı İƏT məkanında siyasi sinxronizasiyanı daha da gücləndirir və İslam dünyasının beynəlxalq münasibətlər sistemində parçalanmış deyil, rasional və koordinasiyalı tərəfdaş kimi fəaliyyət göstərməsinə zəmin yaradır. Bu yanaşma, Samuel Huntinqtonun “sivilizasiyaların toqquşması” konsepsiyasına alternativ olaraq, “sivilizasiyaların rasional dialoqu” ideyasını praktik səviyyədə təsdiqləyir və İslam dünyasının qlobal siyasətdə vahid və konstruktiv mövqedən çıxış etməsinə imkan yaradır.

Bu səfər yalnız enerji diplomatiyası ilə məhdudlaşmayıb. Eyni zamanda səfər çərçivəsində iqtisadi, ticarət, investisiya, təhlükəsizlik, müdafiə və regional əməkdaşlıq məsələlərinə də geniş diqqət ayrılıb. Həmçinin mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə olunub, regional inteqrasiya və əməkdaşlığın müxtəlif ölçülərdə möhkəmləndirilməsinə dair platformalar yaradılıb. Nəticədə, səfər enerji diplomatiyası ilə başlayıb, lakin çoxşaxəli strateji əməkdaşlıq çərçivəsi kimi Azərbaycanın beynəlxalq siyasətinin bütün əsas prioritetlərini əhatə edib.

Qloballaşan beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu və təsir imkanları getdikcə yalnız hərbi-siyasi və iqtisadi göstəricilərlə deyil, həm də onların humanist dəyərlərə münasibəti, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr və inklüziv sosial-siyasi modellər əsasında qiymətləndirilir. Bu baxımdan “Zayed İnsan Qardaşlığı Mükafatı” beynəlxalq miqyasda sülhün, tolerantlığın və insan ləyaqətinə hörmətin təşviqinə yönəlmiş konseptual yanaşmanı təcəssüm etdirir. Mükafatın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunması bu kontekstdə təsadüfi hadisə deyil, müəyyən ideoloji və praktik dövlətçilik xəttinin nəticəsi kimi dəyərləndirilməlidir. Eyni zamanda bu mükafat müasir beynəlxalq münasibətlərdə etik legitimliyin artan əhəmiyyətini nümayiş etdirən məntiqi hadisə kimi təhlil oluna bilər. Bu fakt göstərir ki, dövlətlərin və siyasi liderlərin qiymətləndirilməsi artıq yalnız güc balansı və utilitar maraqlar çərçivəsində deyil, həm də humanist dəyərlərə institusional sədaqət əsasında aparılır.

Bu mükafatın fəlsəfi mənası ondadır ki, liderlik yalnız hakimiyyət funksiyası deyil, həm də dəyərlərin təşviqi və qorunması məsuliyyətidir. Bu baxımdan Zayed İnsan Qardaşlığı Mükafatı humanist dövlətçilik ideyasının qlobal miqyasda tanınmasının ifadəsi kimi çıxış edir.
Akademik baxımdan “insan qardaşlığı” anlayışı universalist etik prinsip kimi çıxış edərək, mədəni və dini plüralizmin idarəolunan sosial modelə çevrilməsini nəzərdə tutur. Cənab Prezidentin rəhbərliyi dövründə formalaşmış Azərbaycan multikulturalizm modeli bu prinsipin normativ iddia səviyyəsindən praktiki siyasət müstəvisinə transferinin empirik nümunəsi kimi dəyərləndirilə bilər.
Prezidentin bu səfəri Azərbaycan dövlətinin apardığı fəal və təşəbbüskar diplomatiyanın, eyni zamanda, beynəlxalq münasibətlər sistemində funksional və davamlı strateji yanaşma əsasında hərəkət etdiyinin canlı təcəssümüdür. Bu siyasət milli maraqları qlobal əməkdaşlıq platformaları ilə sinxronlaşdırır və ölkəni İslam dünyasında, eləcə də beynəlxalq səhnədə rasional, məsuliyyətli və etibarlı tərəfdaş kimi möhkəmləndirir.

Siyasi-fəlsəfi baxımdan, bu yanaşma göstərir ki, dövlət siyasəti yalnız qüvvə və maraqların toplusu deyil, o, tarixi yaddaş, rasional strateji qərarvermə və humanitar məsuliyyətin inteqrasiyası üzərində qurulur. Nəticədə, bu vəhdət Azərbaycanın müasir beynəlxalq sistemdə dayanıqlı və etibarlı mövqeyinin əsas struktur elementinə çevrilir.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti

Geri dön